Bələdiyyə seçkilərinədək yerli özünüidarəetmə orqanlarının sayı 1000-dək azalacaq. Milli Məclisin regional məsələlər üzrə komitəsinin üzvü, millət vəkili Tahir Rzayev bu barədə bildirib. Onun sözlərinə görə, bələdiyyələrin yarandığı 10 il ərzində onların fəaliyyəti göstərib ki, Azərbaycanda bələdiyyələrin sayı çoxdur. Sayının çox olmasına baxmayaraq isə bələdiyyələrin fəaliyyəti olduqca zəifdir. «Bələdiyyələrin vəzifəsi yerli əhəmiyyətli sosial iqtisadi məsələləri həll etməkdir. İnsanların mənafelərin müdafiə etməkdir. Əgər doğrudan bələdiyyələr bunu bacarmırlarsa, əhaliyə heç bir xidmət vermirlərsə, fəaliyyətlərində dönüş yoxdursa, əlbəttə bu bələdiyyələr birləşməlidir, ya da ləğv olunmalıdır. Bu, zərurətdən irəli gəlir»,- deyə T.Rzayev bildirib.
Hazırda ölkədə 2257 bələdiyyənin olduğunu deyən bələdiyyələr üzrə ekpert Şayəddin Əliyev isə hesab edir ki, bələdiyyələrin yarandığı 10 il ərzində bu sahədə müəyyən irəliyə doğru addımlar atılsa da, yerli özünüidarətmə orqanlarının işi qənatbəxş deyil. Onun sözlərinə görə, bələdiyyələr 6 aydan bir fəaliyyətləri ilə bağlı seçicilər üçün hesabat verməlidir. Ş.Əliyev bildirir ki, bələdiyyə sədrləri üzərlərinə düşən vəzifələrinin öhdəsindən gələ bilmir: «Bunun da nəticəsində seçicilər bələdiyyələrin fəaliyyətindən xəbərsiz olurlar. Əfsuslar olsun ki, bu gündə bizim seçicilərin əhalinin əksəriyyəti bələdiyyələri torpaq satan bir təşkilat kimi tanıyırlar. Bu da ondan irəli gəlir ki, bələdiyyələr gördükləri iş haqqında seçicilərə mütəmadi əlaqə saxlamırlar».
Bələdiyələr öz büdcələrini özləri formalaşdırırlar. Onlar müəyyən müəssisələr yaratmaqla əldə etdikləri gəlirlərlə büdcələrini formalaşdırmalıdırlar. Dünya praktikasına nəzər salsaq, görərik ki, bələdiyyələrin məktəbləri, xəstəxanaları və digər müəsissələri var. Bu gün hətta paytaxt Bakıda bələdiyyələrin gəlir gətirəcək müəssisəsi yoxdur.
Yeni Suraxanı bələdiyyəsinin sədri Ağasəf Rəhimov artıq 10 ilə yaxındır ki, bələdiyyə sədridir. O, ilk seçildiyi dövrlərdə sədri olduğu ərazi üçün müəyyən işlər gördüyünü deyir. Məsələn, stadion tikib, məktəbi təmir etdirib. Hazırda isə bələdiyyə sədri bu işləri görmək üçün maliyyə çatışmazlıqlarının olduğunu deyir. Onun sözlərinə görə, bələdiyyələrin inkişafı üçün əsas maliyyə mənbəyinin olmasıdır: «Torpaq vergisi yığılır, çox böyük olmur. Əmlak vergisi yığılmalıdır. Ondan başqa bələdiyyənin qazancı əsas torpaq satışındandır. Torpaq satışı ilə büdcəyə yaxşı pul gəlir. Torpaq satışı yoxdur, ona görə də bələdiyyələr bir az sıxılır. Yeni Suraxanı ərazisində torpaq yoxdur. Torpaq satışı olsaydı, büdcəyə pul gələrdi».
Bələdiyyələr üzrə ekspert Vüqar Tofiqli isə bildirir ki, əslində bələdiyyələrin çox ciddi problemi var. Və başlıca problem maliyyə çatışmazlığıdır. Ekspert bu problemi aradan qaldırmaq üçün çıxış yolunun olduğunu da qeyd edib: «Bələdiyyələrə maliyyə istiqamətlərinin verilməsi daha uyğun sayıla bilər. Mənzil kommunal istismar sahələrinin bələdiyyələrə verilməsi və sair gündəmdə ola bilər».
Qeyd edək ki, bu gün orta Azərbaycan bələdiyyəsinin aylıq büdlcə gəliri 1387 manatdır. Hər il isə büdcədən bələdiyyələrin fəaliyyətinə 3 milyon 500 min manat dotasiya şəklində vəsait ayrılır. Xatırladaq ki, bələdiyyələrə ilk seçki 1999-cü ildə keçirilib. 2000-ci ilin əvvəlindən isə bələdiyyə sistemi formalaşıb. O zaman Azərbaycanda 2667 bələdiyyə formalaşdırılmışdı. Sonralar onun sayı 2757 çatdırıldı. /ANS TV/