Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik Ermənistandan Azərbaycana keçib. "Novosti Armeniya" agentliyinin məlumatına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan regionun möhkəmləndirilməsində Bakıya uğurlar arzulayıb. Onun sözlərinə görə, Ermənistanın sədrliyi dövründə QDİƏT-in nüfuzunun artması üçün əlindən gələni edib və təşkilata daxil olan, digər beynəlxalq təşkilatlarla iqtisadi əməkdaşlığın dərinləşməsinə böyük önəm verib.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədəliyev təşkilata sədrliyi məsuliyyət hissi ilə qəbul etdiyini və onu daha effektiv qurum etmək üçün əlindən gələn hər şeyi edəcəyini bildirib. O qeyd edib ki, Azərbaycan regionda əməkdaşlığa mane olan həll edilməmiş konfliktlərə diqqət yetirəcək. M. Məmmədquliyev bildirib ki, Azərbaycan tərəfi informasiya və kommunikasiya texnologiyaları nazirlərinin birinci görüşünü təşkil etmək niyyətindədir. Əsas prioritetlər arasında nazir müavini həmçinin QDİƏT-ə üzv ölkələrin əməkdaşlıq və qarşılıqlı anlaşmasının möhkəmləndirilməsinin olduğunu da qeyd edib.
Qeyd edək ki, QDİƏT 1992-ci ildə yaradılıb. Hazırda Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya təşkilatın daimi üzvləridir. ABŞ, Avstriya, Belarus, Xorvatiya, Çexiya, Misir, Fransa, Almaniya, İtaliya, Polşa və Slovakiya isə qurumda müşahidəçi qismində təmsil olunur. QDİƏT ölkələrinin xarici işlər nazirlərinin toplantısı 15-16 aprel tarixlərində Ermənistanda keçirilib. Ermənistan təşkilata sədrliyi 2008-ci ilin noyabr ayında almışdı./ANS PRESS/