Müsavat partiyası dağılır?
09 Fevral 2015 Bazar Ertəsi 23:12
Müsavat partiyası içində Qubad İbadoğlunun partiya sıralarından xaric edilməndən sonra istefalar dalğasının başlayacağı barədə gözləntilər artıq özünü doğruldub.
Müsavatda keçmiş başqanlığa namizəd Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsi qərarından sonra istefalar dalğasının başlayacağı barədə gözləntilər artıq özünü doğruldub. Bir neçə nəfərin artıq istefa verməsi və Müsavat Divanının qərarına partiyanın nüfuzlu şəxslərinin etirazı proseslərin davamından xəbər verir. Müsavatda nə baş verir?
Müsavatda bu gün baş verənləri ən yaxşı təhlil edən elə Müsavatın öz üzvləridir.
ANS TV-nin məlumatına görə, məsələn, Elbəyi Həsənli sosial şəbəkədə maraqlı bir rəy yazıb. Deyib ki, heç Əli Kərimli də Müsavatın iflası üçün belə bir ssenari düşünə bilməzdi.
Müsavatda vəziyyət isə doğurdan da düşündürücüdür. Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsindən sonra bu gün bir qrup tanınmış müsavatçı partiya rəhbərliyinə müraciət edərək başqanı repressiyaları dayandırmağa çağırıb. Onların arasında Vurğun Əyyub, İbrahim İbrahimli, Novella Cəfəroğlu kimi məşhur ismlər də var.
Maraqlıdır ki, bu müraciət həm də Müsavat başqanı Arif Hacılının Qubad İbadoğlunun partiyadan çıxarılması ilə bağlı verdiyi rəsmi açıqlamadan bir gün sonraya təsadüf edir. "Qubad İbadoğlunun üzərinə götürdüyü missiya Müsavatı parçalamaq, partiya içində nifaq salmaq və onu xalq arasında nüfuzdan salmaqdır" cümləsi ilə başlayan açıqlamada Arif Hacılı bildirib ki, bu gün anti-Müsavat kampaniyasının ön cəbhəsində Qubad İbadoğlu və onun ətrafında olan məhdud bir qrup dayanır.
Əslində Arif Hacılının bu bəyanatı Müsavatdan yenə də kimlərinsə çıxarılacağını düşünməyə əsas verir. Əcəba, növbəti kim olacaq? sualına Qubad İbadoğlu belə bir cavab verib - Tural Abbaslı. Yeri gəlmişkən, ötən gün Tural Abbaslı da Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması ilə bağlı Divanın qərarından Mərkəzi Nəzarət Təftiş Komissiyasına şikayət edib. Və bildirib ki, Divanın qərarı Partiyanın nizamnaməsinə zidd olduğu üçün ləğv edilməli, Qubad İbadoğlunun partiyaya üzvlüyü isə bərpa olunmalıdır. Eyni tələb bu gün partiya rəhbərliyinə müraciət edən müsavatçıların müraciətində də qoyulub. Bəs bu çağırışların faydası olacaqmı? - inanmaq çətindir. Çünki, proseslər göstərir ki, partiyadan xaric edilmələr təkcə Arif Hacılının iradəsi ilə həyata keçirilən məsələ deyil. Məsələnin başında İsa Qəmbərin dayandığını Qubad İbadoğlu konkret olaraq söyləyib.
“İndiki başqan nominal başqan sayıla bilər. Çünki, o məsələlərin həllində real başqan statusunda əvvəlki başqan çıxış edir. Və onların müzakirələrindən bizə verilən məlumata görə, artıq qərarlaşdırılıbdır ki, partiyanın hansı üzvlərinin Divandan xaric etsinlər. Eyni zamanda hansı üzvlərini Mərkəzi Nəzarət Təftiş Komissiyasında müzakirə edib partiya sıralardan çıxarsınlar” – deyə sabiq müsavatçı Qubad İbadoğlu fikrinin açıqlayıb.
İsa Qəmbər isə müxbirimizin bu yöndə sualını - məni bu məsələyə qatmayın - deyə cavablandırıb. Qubad İbadoğlunun partiyadan xaric edildiyi günün ertəsi həbsdə olan Tofiq Yaqublunun ad günü şərəfinə partiyada düzənlənən tədbirdə Müsavatın hər iki başqanının məmnun halı diqqətdən yayınmayıb. Hətta İsa Qəmbərin qızım sənə deyirəm, gəlinim sən eşit tipli replikası da. O deyib ki, Tofiq Yaqublunun oppanentliyi də adama xüsusi zövq verirdi.
Qubad İbadoğlu və təfərdarlarının oppanentliyindəki kəm-kəsiri isə Arif Hacılı öz açıqlamasında gen-bol şərh edib. Və maraqlıdır ki, “Yeni Müsavat” qəzeti də başqanın bu açıqlamasına öz səhifələrində yer ayırıb.
Qəzetin redaktoru Rauf Arifoğlu deyib ki, üzvü olduğu Müsavatın daxili işlərinə qarışmaq, partiyanı bolşevizmdə suçlamaq, verdiyi qərarlara görə mühakimə etmək bir jurnalist üçün yolverilməzdir.
DOSTLARINLA PAYLAŞ: