Prezident İlham Əliyev Yevlax şəhərinə səfər edib
03 Mart 2009 Çərşənbə Axşamı 10:05
Dövlət başçısı şəhərdə uşaq xəstəxanasının, Şahmat məktəbinin, “EL-TV” regional televiziya şirkətinin açılışlarında iştirak edib

 

Prezident İlham Əliyev Bərdəyə səfərini başa çatdıraraq, martın 2-də Yevlax şəhərinə gəlib. Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Parkda Azərbaycanın dövlət bayrağı ucaldılıb. Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev parkda aparılmış yenidənqurma və bərpa işləri haqqında məlumat verib. 

Prezident İlham Əliyev  Yevlax şəhərində uşaq xəstəxanasının açılışında iştirak edib. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, smeta dəyəri 4 milyon manata yaxın olan xəstəxana kompleksi dövlət vəsaiti hesabına tikilib. Kompleks üçmərtəbəli əsas korpusdan, yoluxucu xəstəliklər korpusundan və yardımçı binalardan ibarətdir. Əsas korpusun sahəsi 2976 kavdratmetrdir. Burada 86 otaq vardır. 760 kvadratmetr sahəsi olan yoluxucu xəstəliklər korpusunda isə 33 otaq yerləşir. Xəstəxananın mərkəzləşdirilmiş istilik sistemi var.
Uşaq xəstəxanası poliklinika, qəbul, reanimasiya, somatik və laboratoriya şöbələrindən ibarətdir. Burada ən müasir rentgen, ultrasəs müayinə aparatları quraşdırılmış, göz və burun-boğaz xəstəlikləri, cərrahiyyə, stomatoloji kabinetlər yaradılıb.

Daha sonra prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsinin şəxsi heyəti üçün tikilmiş xidməti yaşayış binasının açılışında iştirak edib. İdarə rəisi polkovnik Tariyel Nəsirov Azərbaycan Prezidentinə raport verib. Prezidentə məlumat verilib ki, binanın tikintisinə ötən ilin martında başlanıb. Ümumi sahəsi 1050 kvadratmetr olan binada ikiotaqlı 4 və birotaqlı 2 mənzil ailəli, birotaqlı 10 mənzil isə subay hərbi qulluqçular üçün nəzərdə tutulub.
Hazırda Hacıqabul, Ucar, Şəmkir, Ağstafa və Siyəzən regional şöbələrinin şəxsi heyətləri üçün xidməti yaşayış binalarının inşası başa çatmaqdadır və bu ilin birinci rübünün sonunda onların da təhvil verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev Yevlaxa səfəri çərçivəsində şəhərin Heydər Əliyev prospektindəki binaların ansamblını tamamlayan daha bir obyektin – Şahmat məktəbinin açılışında da iştirak edib. Məktəbin direktoru Vaqif Quliyev məlumat verib ki, binanın tikintisinə 2008-ci ilin martında başlanıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb. Smeta dəyəri 597,5 min manat olan ikimərtəbəli bina dövlət vəsaiti hesabına tikilib. Birinci mərtəbədə 182 yerlik akt salonu, uşaq kitabxanası, ikinci mərtəbədə 8 sinif otağı, müəllimlər otağı və xidməti otaqlar, 178 kvadratmetrlik şahmat oyunları salonu yerləşir. Binada müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Fasadı şahmat fiqurları bəzəyir. Dəhlizlər və pilləkənlər mərmərlə üzlənib. Məktəb müasir inventar və avadanlıqla təchiz olunub.

Daha sonra İlham Əliyev Yevlaxda “EL-TV” regional televiziya şirkətinin açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, regional teleşirkətin üçmərtəbəli binası dövlət vəsaiti hesabına tikilib. Burada 40 iş otağı, 2 studiya və 576 kvadratmetrlik çəkiliş pavilyonu var. Teleşirkət ən müasir rəqəmsal çəkiliş avadanlığı və lazımi inventarla təmin olunub. Televiziyanın yayımı Gəncəbasar ərazisindən tutmuş Ağdaş, Göyçay, Ağsu, Bərdə, Tərtər, Ağdam, Şəki rayonlarını və Mingəçevir şəhərini əhatə edir. Şirkətə sutkada 15-16 saat efir vaxtı ayrılıb. Gün ərzində 2 dəfə “Xəbərlər” proqramı yayımlanacaq. Burada 55 nəfər işlə təmin olunub. Gələcəkdə işçilərin sayı artırılacaq. Teleşirkətin transformator yardımçı stansiyası, generatoru, havalandırma qurğuları, qazanxanası var. Azərbaycan Prezidenti İlham Əliyevin Yevlax rayonuna səfəri başa çatıb./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar