Bərdə rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Tarix-diyarşünaslıq muzeyinin açılışında iştirak edib.
Prezidentin mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, dövlət başçısı muzeyin açılışını bildirən lenti kəsib. Muzeylə tanış olan prezidentə məlumat verilib ki, 2008-ci ilin sentyabrında başlanılmış tikinti işləri qısa müddətdə başa çatdırılıb.
İki salonda Bərdənin qədim tarixini, mədəniyyətini əks etdirən eksponatlar, o cümlədən qədim Bərdənin maketi, binanın özülü qazılarkən tapılan əşyalar nümayiş etdirilir.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.
Dövlət başçısı Bərdə şəhərində Müalicə-Diaqnostika Mərkəzinin açılışına da qatılıb. Prezident rəmzi açılışı bildirən lenti kəsib. 2006-cı ilin martında dövlət başçısının iştirakı ilə təməli qoyulan səhiyyə ocağı Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilib. 260 nəfərin çalışdığı mərkəzdə qəbul, şüa-diaqnostika, hemodializ, cərrahi-stasionar, anesteziologiya, reanimasiya şöbələri, əməliyyat bloku, konsultativ-diaqnostik poliklinika fəaliyyət göstərir. Bundan əlavə, mərkəzdə 150 yerlik konfrans salonu, əczaxana var. Konfrans salonunda quraşdırılmış monitorun köməyi ilə cərrahiyyə əməliyyatlarını birbaşa izləmək mümkündür. Buradakı avadanlıq Almaniya, İtaliya və digər ölkələrdən gətirilib.
Mərkəz Bərdə ilə yanaşı, Ağcabədi, Tərtər, Yevlax, Goranboy, Beyləqan, Ağdam və digər rayonların əhalisinə də xidmət göstərir.
Prezident İlham Əliyev ayrı-ayrı mərtəbələrdə yerləşən şöbələri, palataları gəzib, quraşdırılan avadanlığa baxıb, yaradılan şəraiti yüksək qiymətləndirib. Dövlət başçısı burada müalicə və müayinə üçün yüksək standartlara cavab verən şəraitin yaradıldığını bildirib.