Qubad İbadoğlu hazırlıq aparır
03 Dekabr 2014 Çərşənbə 22:22
Növbədənkənar qurultayın çağırılması üçün təşəbbüs qrupuna Qubad İbadoğlu rəhbərlik edəcək.
Bu gün Müsavat Partiyasının qurultayının nəticələrindən və rəhbərliyin siyasətindən narazı üzvlərin yaratdığı İşçi Qrupunun növbəti toplantısı keçirilib.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, qrupun üzvü, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslının verdiyi məlumata görə, toplantıda fraksiyanın yaradılması və növbədənkənar qurultayın çağırılması məqsədilə təşəbbüs qruplarının yaradılması haqqında qərar qəbul edilib: “Növbədənkənar qurultayın çağırılması üçün təşəbbüs qrupuna Qubad İbadoğlu, fraksiyanin yaradılması üçün təşəbbüs qrupuna isə mən rəhbərlik edəcəm. Ancaq bu təşəbbüs qrupları ayrı-ayrılıqda deyil, bir-birilə əlaqəli şəkildə fəaliyyət göstərəcək”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə açıqlamasında növbədənkənar qurultayın çağırılması üçün yaradılan təşəbbüs qrupunu "şəxsi istəklərin həyata keçirilməsi istiqamətində atılan addım” adlandırıb.

G. Aslanlı bildirib ki, növbədənkənar qurultayın keçirilməsi partiyanın Nizamnaməsinə əsasən bütün hallarda Məclisin səlahiyyətindədir. Onun sözlərinə görə, belə təşəbbüs qrupunun yaradılması Müsavat partiyasının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır: “Bütün hallarda Müsavat Partiyasının sonuncu qurultayı demokratik və şəffaf şəkildə keçirilib. Qurultayın nəticələrini seçki komissiyasının bütün üzvləri tanıyıb və lehinə səs verib. Əgər kimlərsə belə olan təqdirdə növbədənkənar qurultayın keçirilməsini israr edirsə, bu şəxsi istəklərin həyata keçirilməsinə xidmət edir. Düşünürəm ki, bu istiqamətdə yaradılan təşəbbüs qrupu da Müsavatçılıq ideyasına xidmət etmir.”

Qeyd edək ki, hazırda Müsavat başqanı Arif Hacılıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar