Rəsul Quliyevdən müxalifətə yeni ittihamlar
26 Sentyabr 2013 Cümə Axşamı 11:08
Bu siyasətçilər 2003-cü ildən çıxıb getməliydilər.
Uzun illərdir Amerikada mühacirətdə yaşayan eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev müxalifətin seçkilərdən sonrakı durumunu şərh edib. ANS PRESS-in modern.az saytına istinadən verdiyi xəbərə görə, təmsil olunduğu düşərgənin prezident seçkilərində böyük ehtimalla məğlub olacağını proqnozlaşdıran eks-spiker 9 oktyabrdan sonra müxalifət funksionerlərinin gözlənilən istefalarından danışıb. R.Quliyev bildirib ki, müxalifət liderləri məğlubiyyətə görə hələ 2003-cü ildə istefa verməliymişlər.
“Bu proseslərə rəhbərlik edən partiya liderlərinin məğlubiyyətdən sonra istefa verib-verməyəcəklərini deyə bilmərəm. Çünki məqlubiyyətə görə istefa vermə ənənəsi yaşasaydı, onlar 2003-cü ildən çıxıb getməliydilər və praktiki olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi”.
R.Quliyev seçkilərdən sonra da siyasi fəaliyyətini davam etdirəcəyini deyib. “Mənə gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Çünki mən hakimiyyətə gəlməkdən çox, bu iqtidarın əleyhinə mübarizə aparıram. Hakimiyyətə gəlmək mübarizəsində iştirak etməyə imkan vermirlər. Ona görə də nə qədər ki, bu hakimiyyət mövcuddur, mənim mübarizəm də davam edəcək. Sözsüz bu seçkilərdən sonra klassik mübarizə konsepsiyasında köklü dəyişiklik edəcəyəm. Qələbəyə söz verməsəm də, hər halda hakimiyyəti laxlatmağa, zəiflətməyə nail olacağıma inanıram.
İndiki liderlərlə müəyyən işbirliyi qurmaq perspektivini görmürəm. Onların “azad seçkilər olsaydı udardıq, ona görə də siyasətdən getməyəcəyik” idealogiyası ilə heç bir yerə gedib çıxmaq mümkün deyil”-deyə R.Quliyev vurğulayıb.
Eks-spikerin sözlərinə görə, müxalifətin seçkilərdə məğlub olma səbəbi elə müxalifətin özüdür.
“Hakimiyyət qalib gəlib. Hakimiyyət indi yox, 2013-cü ilin əvvəlindən addımbaaddım öz qələbəsinə yaxınlaşırdı. Bu işi onlar üçün özləri yox, biz müxalifət görürdük. 2013-cü ilin birinci beş ayı Milli Şura adlanan amorf bir təşkilatın yaradılmasına sərf edildi. Sonrakı bir ay yarım vahid namizəd seçməyə həsr olundu. Və vahid namizəd seçiləndən 15 gün sonra dərhal alternativ namizəd ideyası ortaya atıldı. Heç bir məna kəsb etməyən memarandum yazmağa on günlərlə vaxt sərf edildi. Müqayisə üçün deyim ki, ABŞ-ın müstəqillik deklarasiyası bir gecəyə yazılıb, ertəsi gün də qəbul edilib.
İndi azad seçkilərin mövcudluğuna dəlalət edən bir elementin belə, olmadığı şəraitdə hansı qələbədən danışmaq olar?”.
DOSTLARINLA PAYLAŞ: