Rəbiyyət Aslanova:"Mən rənglərin fəlsəfəsinə inanıram"
19 Noyabr 2009 Cümə Axşamı 14:50
Milli Məclisin İnsan Haqqları Komitəsinin sədri Rəbiyyət Aslanova gözəl geyimi ətrafdakılara hörmət əlaməti hesab edir
Aslanın erkəyi, dişisi olmaz
Moskva şəhərində Ermənistan parlamentinin üzvlərilə görüşən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan Haqqları Komitəsinin sədri Rəbiyyət Aslanova görüşün detalları barədə "Aysel"ə danışdı.
Millət vəkili Rəbiyyət Aslanova 1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Fəlsəfə elmləri doktoru, professordur. 2005-ci il noyabrın 6-da 109 saylı Balakən seçki dairəsindən deputat seçilib. Evlidir, üç övladı var.

-Moskvaya səfəriniz necə keçdi? Bir az səfər haqqında məlumat verərdiniz.
-Moskva səfərimiz əvvəlki səfərlərin bir növ məntiqi davamı idi. Sual yarana bilər ki, nəyə görə məhz Moskvada. Bunun çox tərəfləri var. Əvvəla, danışıqlar ikitərəfli yox, üçtərəfli keçirilirdi. Söhbət yalnız Azərbaycan və Ermənistan deputatları arasındakı danışıqlardan getmirdi. Bu həmçinin Rusiya parlamentinin, rəsmilərinin bu məsələyə münasibəti və Qafqazdakı mövqelərinin təsdiq etməsinin bizlərə anlatması cəhdi idi.

-Rusiya dövləti əslində nə istəyir?
-Rusiya hər iki tərəfə bəyan edirdi ki, Cənubi Qafqazda öz mövqeyindən əl çəkməyəcək, onu daha da gücləndirməyə çalışacaq və həm Ermənistan, həm də Azərbaycan tərəfi bununla razılaşmalıdır. Yəni o deyirdi ki, biz də Qafqaz dövlətiyik, çünki Rusiyanın Dağıstandakı hissəsi var. Ona görə Qafqazda gedən proseslərdə onlar da maraqlıdır. Bu görüşdə üç dövlətin - Azərbaycan, Ermənistan və Rusiyanın parlament üzvlərinin bir araya gəlməsi ondan ibarət idi ki, hər kəs öz münasibətini bildirsin, fikir bölüşdürsün. Burada Rusiyanın aparıcı rolu bir daha hiss olundu.

-Ermənistan və Azərbaycan deputatlarının ünsiyyət qurması çətin deyildi ki?
-Sözsüz ki, uzun illər beynəlxalq təşkilatlarda Ermənistan parlamentinin üzvləri ilə üz-üzə gəlirik. Onlar başqalarının yanında bizə yaxınlaşıb salam verir, danışmağa cəhd edirlər. Ancaq uzun illər içimizdəki ağrı, barışmazlıq, nifrət bizə imkan vermirdi ki, onlarla yaxınlaşaq, nəsə söhbət edək. Müzakirələr hətta çox kəskin anlara gəlib çatırdı. Düzdür, biz heç vaxt təhqirə keçmirdik. Ancaq bəzən elə məqamlara toxunurdular ki, istər-istəməz qalxıb səs tonunu yüksəldərək onların cavabını vermək lazım gəlirdi. Bu isə ətrafdakılar tərəfindən bəlkə də birmənalı qarşılanmırdı. Onlar dərhal deyirdilər ki, görürsünüz, onlar bizimlə konstruktiv söhbətə getmək istəmirlər. Budəfəki görüşdə isə ermənilər fərqli mövqe tutmuşdular. Bu, bəlkə də diplomatik bir manevr idi. Çox normal söhbət edirdilər, danışmağa çalışırdılar və Cənubi Qafqazdan heç yana köçməyəcəklərini, elə burada yaşayacaqlarını, nəticədə bir yaxınlığa getməyimizin vacib olduğunu deyirdilər. Sözsüz ki, bu gün vəziyyət başqa cürdür. Yəni onlar artıq həmin ərazidə oturub və istədiklərini deyirlər, ancaq biz bununla barışa bilmərik.

-Budəfəki görüş hansı fərqli məqamı ilə yadda qaldı?
-Bu danışıqları bir çox ölkələr izləyirdi. Həmin məqamda biz çox sakit, təmkinlə öz mövqeyimizi ortaya qoyduq. Ora getməyimiz, fikirlərimizi həm Rusiya, həm Ermənistan tərəfinə deməyimiz çox vacib idi. Hətta konfransın çox maraqlı bir adı var idi - «Yeni qlobal şəraitdə, geosiyasi şəraitdə parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri». Biz Dağlıq Qarabağda Azərbaycan icmasının hüquqlarının pozulmasının müzakirə edilməsinə çalışırdıq, onlar deyirdi yox, gəlin ekologiya məsələləri ilə əlaqədar bir araya gələk. Söhbət tamamilə müxtəlif müstəvilərdə gedirdi. Və nəticədə biz bir araya gəlməyin doğrudan da qeyri-mümkün olduğunu anladıq.

-Erməni diaspounun güclü olması və sürətlə inkişafı nə ilə bağlıdır?
-Bilirsiniz, 1941-42-ci illər ərzində faşist Almaniyası ilə müharibə aparan zaman kinostudiyaların hamısı Urala köçürülmüşdü və filmlər orada çəkilirdi. Çəkilən filmlərdə faşistlər, adətən çox ağılsız və qabiliyyətsiz, rus əsgəri isə çox güclü göstərilirdi. O zaman Stalinin xüsusi bir göstərişi oldu ki, xalqa hər şeyi necə var elə də çatdırmaq lazımdır və insanlar anlasın ki, bu bir zarafat deyil. İnsanlar gərək başa düşsünlər ki, qarşısındakı düşmən hiyləgərdi, güclüdü və qüvvəsini səfərbər etsin. İstəmirəm bu gün Azərbaycan xalqı elə bilsin ki, ermənilər geridəqalmış, zəif insanlardı və biz onlarla vuruşa bilmirik. Xeyr. Onlar çox güclü, hiyləgər, məkrli, arxalarında diaspora duran bir millətdir. Azərbaycanın dövlət başçısı bu məsələni sülh yoluyla həll etmək üçün beynəlxalq hüququn bütün imkanlarından istifadə edir. Amma onların qeyri-konstruktiv mövqeyini də dünyaya çatdırmaq lazımdır. Üç milyonluq bir xalq olmalarına baxmayaraq, onlara o qədər yardımlar olunur, arxalarında çox böyük dövlətlər durur. Azərbaycan tək Ermənistanla qarşı-qarşıya dursaydı, hər şey tamamilə başqa cür olardı.

-Ermənistanın arxasında Rusiyanın dayanması nə ilə izah oluna billər?
-Hərbi strateji müttəfiqlik məsələsində ruslar qeyd etdilər ki, ermənilər bizim üçün nə qədər əzizdirlərsə, siz də bizim üçün o qədər əzizsiniz. Ancaq onların nə dərəcədə səmimi olduğunu demək olmaz. Bizim taleyimizə elə bir ərazidə yaşamaq düşüb ki, burada çoxlarının marağı var. Azərbaycan müstəqil siyasətini yeridir. Bu gün dövlətimizin çox tarazlaşdırılmış, balanslaşdırılmış siyasəti var, bütün ölkələrlə dostluq və əməkdaşlıq şəraitində münasibətlərin qurulmasına çalışırıq. Ermənistanın müstəqil siyasət yeritmək haqqı, hüququ yoxdursa, onu müstəqil dövlət adlandıra bilərsinizmi?! Cənubi Qafqazda baş veren hadisələrə baxdıqda yeganə stabil məkan Azərbaycandır ki, bizə heç cür müdaxilə edə bilmirlər.

-Azərbaycan diplomatiyasının bugunkü səviyyəsi sizi qane edirmi?
-Bəlkə çoxlarında bele bir fikir var ki, Azərbaycan diplomatiyasi gəncdir, ona görə də ermenilərin apardıqlarə işdən bir az zəif iş aparır. Söhbət onda deyil. Yəni sovetlər dönəmində Azərbaycanda xarici işlər nazirliyi çox kiçik idarədən ibarət idi. Çünki Azerbaycanın özünün müstəqil xarici siyasət yeritmek iqtidari yox idi. Və həmin dövrdə SSSR-nin xarisi işlər nazirliyində çalişan insanların böyük əksəriyyəti ermenilərdən ibarət idi. Bunu nəzərə almaq lazımdır. Ona görə də onların xarici ölkələrdə baş verən proseslərə müdaxilə imkanları geniş idi. Dünyanın müxtəlif ölkələrinə gedən səfirlərin əksəriyyəti erməni idi və Rusiyanın məqsədyönlü siyasətinin nəticəsində Azərbaycanda bu sahə geniş inkişaf etmirdi. Çünki bizi hər tərəfdən qapalı şəraitdə saxlayırdılar. İrana, Türkiyəyə, Ərəb ölkələrinə münasibətdə çox ehtiyatlı davranırdılar. Məhz buna görə də xarici siyasət sahəsində kifayət qədər mürəkkəb durum yaşayırdıq.
Ümumiyyətlə, öz xalqıma, millətimə, dövlətimə o qədər böyük məhəbbətim var ki. Ancaq haradasa məni ağrıdan məsələləri də gündəmə gətirmək istərdim. Mən «hər şeyin yiyəsi, sahibi olmalıdır» ifadəsini çox sevirəm. Və bir milli yiyəlik olmayacaqsa, mən dünənimə sahib çıxmayacamsa, mənim sabaha ötürəsi heç bir şeyim olmayacaq. Deyirsiniz ki, necə olur ki, onlar yayılır biz yox, Azərbaycan adlı məmləkətlə kifayətlənmək lazım deyil. Mən xaricdə olan diasporalarımızın canlandırılmasını istəyirəm. Ən bilikli, ziyalı insanlarımızın dünyaya təqdimatı lazımdır. Bəzən biz beynəlxalq etirafa nail olan insanı, sonra milli etiraf səviyyəsinə yüksəldirik. Amma gəlin milli etirafa nail olan insanı beynəlxalq etirafa hazırlayaq və onu dünyaya təqdim edək.

-Siyasət xanımının stili fərqli olmalıdır. Siz həmişə çox gözəl geyinirsiniz. Xüsusi stilistiniz var, yoxsa özünüz belə zövqlüsünüz?
-Yox, stilistim yoxdur. Mən rənglərin fəlsəfəsinə inanıram, axı mənim sənətim fəlsəfə ilə bağlıdır, fəlsəfə müəllimiyəm. İnanıram ki, rənglərlə ətrafdakı insanlara təsir etmək, yaxşı əhval-ruhiyyə yaratmaq olur. Gözəl geyim ətrafdakılara hörmət əlamətidir.

-Maraqlıdır, Rəbiyyət xanım, geyimdə hansı rənglərə üstünlük verirsiniz?
-Mənim sevdiyim rənglərdən biri qırmızıdır. Çünki bu, enerji gətirən, çılğın rəngdir, cəsarət rəmzidir. Firuzə rəngini də çox sevirəm. İslam, gözəllik rəngidir. Məscidlərin günbəzləri firuzə rəngindədir. Vaxtilə Marqaret Tetçer parlamentə ilk dəfə gələndə çəhrayı rəngli bir kostyum geyinmişdi, o zaman lordlar palatasının üzvləri ona göy rəngə batırılmış gül gətirdilər. Bu o demək idi ki, adətən, rəsmi görüşlərə bu rəngdə geyinib gəlmək lazımdı. Yaşıl rəngi də çox sevirəm. Görürsünüz, sevdiyim rənglərin hər biri bayrağımızda var. Rənglərin, tonların fəlsəfəsi var. İnsan öz ruhi durumuna uyğun olan rəngdə geyinir.

-Ermənistanla Türkiyə arasındakı sərhədlərin açılmasına necə baxırsınız? Yəni əgər elə bir şey olsa, Azərbaycan üçün bu nə dərəcədə təhlükəlidir?
- Gəlin məsələni başqa cür qoyaq. İlk növbədə, Türkiyə rəsmiləri özləri fikirləşməlidirlər ki, bu onlar üçün nə ilə nəticələnəcək. «Azərbaycanın maraq və mənafeyini hər şeydən yüksək tuturam» deyən insanların səmimiyyətinə inanıram. Onları heç nə məcbur etmir ki, bu sözləri desinlər. Gəlin dünyanın böyük təzyiqini də yaddan çıxarmayaq. Bu təzyiq içərisində Türkiyəyə bir manevr imkanı da verək və ona da inanaq ki, türklər bizim üçün həmişə qardaş olub, qardaşdır və qardaş olaraq qalacaqlar.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar