Qərb ölkələri Ermənistanı sevir
18 Aprel 2009 Şənbə 20:00
«Dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, bəzi məsələlərdə bizə təzyiqlər, təkidlər də olur»

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə müsahibə verib. O, bəyan edib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütsə də, Qərbin ikili standartları ilə qarşılaşır. 

- Türkiyə-Ermənistan münasibətlərinin bərpası və sərhədlərin açılması ehtimalını necə qiymətləndirirsiniz. Siz müsahibələrinizdən birində demişdiniz ki, əgər bu ehtimal reallaşarsa, Azərbaycan da adekvat addımlar atacaq. Bu adekvat addımlar hansılardır?
- Hələlik bununla bağlı konkret nəsə deməyə ehtiyac yoxdur. Ümumiyyətlə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı Azərbaycanın müəyyən dairələri, o cümlədən Xarici İşlər Nazirliyi müəyyən vaxtlarda ölkəmizin mövqeyini bildirib. Biz düşünürük ki, bu gün Türkiyə dövlətinin liderləri-prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan Azərbaycanın mövqelərini başa düşürlər. Ona görə də olmayan bir şeyə qarşı addımların atılmasına ehtiyac yoxdur. Sadəcə olaraq, biz öz mövqeyimizi bildirmişik ki, Türkiyə Azərbaycanla dost, qardaş, tərəfdaş dövlətdir, hər iki xalq doğrudan da eyni kökdən formalaşıblar. Bu iki ölkə, iki xalq arasında münasibətlərin korlanmasını istəyən dairələr yaxın qonşularımızda da, kənarda da var. Lakin onlar buna nail ola bilməyəcəklər. Ola bilsin ki, son vaxtlar baş verən proseslərdə bu məqsəd də var. Məqsəd təkcə Türkiyə ilə Azərbaycan arasında yox, eləcə də bütün Türk dünyasında soyuqluq yaratmaqdan ibarətdir. Əgər Türkiyə Cümhuriyyəti Ermənistanla Azərbaycanı yanaşı qoyaraq, təhlil, müqayisə aparsa, nəticə çıxarmaq o qədər də çətin olmaz. Məncə, Türkiyə liderləri bizim mövqeyimizi nəzərə alırlar və onların son bəyanatları bunu deməyə əsas verir.
Siyasət elə fəaliyyət sahəsidir ki, hər bir dövlət öz maraqlarına daha çox xidmət etməyə çalışır. Mən demişəm ki, əgər Türkiyə-Ermənistan sərhədləri açılsa, Azərbaycan da buna reaksiya verə bilər?
-Bu reaksiya necə olmalıdır?
- Hələlik bunu deməyə ehtiyac yoxdur. İndidən nəsə demək səhv mövqe olar. Bəlkə heç nə baş verməyəcək. Ümumilikdə isə Türkiyə ilə Azərbaycan arasında münasibətlər bir xətt üzərində qurulmur. Bizim münasibətlərimiz o qədər sıx və yaxındır ki, bu proses bir imtahandır. Hər iki dövlət, hər iki xalq bu imtahandan üzüağ, alnıaçıq çıxmalıdır. İki ölkə arasında münasibətlər o qədər sıx, o qədər dərin, o qədər çoxşaxəlidir ki, onlar haqqında qısaca nəsə demək çətindir.
- Birləşmiş Ştatların Türkiyə-Ermənistan sərhədlərinin açılmasında israrını nəzərə alsaq, Bakı Vaşinqton arasında münasibətləri necə qiymətləndirirsiniz? Ağ Evin Türkiyə-Ermənistan əlaqələri ilə bağlı tutduğu mövqe münasibətlərimizə təsir göstərməyib ki?
- Bakı ilə Vaşinqton arasında münasibətləri mən yüksək qiymətləndirirəm. Sadəcə olaraq, biz gənc dövlətik. Azərbaycan müstəqillik qazandıqdan sonra öz seçimini edib və bu seçimdə dəyişiklik gözlənilmir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev dünyəvi, demokratik vədəndaş cəmiyyəti üzərində qurulmuş Azərbaycan dövləti qurmaq istəyib və onun xarici siyasət kursu da bu gün davam etdirilir. Azərbaycan gənc dövlət kimi bu istiqamətdə bütün addımları atıb. Biz kiçik bir dövlət olaraq Qərb ölkələri üçün əlimizdən gələni etmişik. Amma bunun əvəzində Qərb dövlətlərinin Ermənistana qarşı sonsuz məhəbbətini, qayğısını görürük. Bütün situasiyalarda Qərb dövlətlərinin bu recionda sanki bir qayğısı, bir problemi var-Ermənistanı himayə etmək. Bu, bizi təəccübləndirir. Ermənistana heç vaxt Azərbaycanın etdiklərinin yüzdən birini edə bilməz. Amma onun bu qədər qayğı və diqqətlə əhatə olunması təəccüblüdür. Hesab edirəm ki, münasibətlərimizdə-siyasətdə, diplomatiyada, beynəlxalq münasibətlərdə ən azı nisbi ədalət olmalıdır. Azərbaycanın ərazilərinin 20 faizini 20 ildir işğal altında saxlayan bir ölkəni bu gün hamı diqqət və qayğı ilə əhatə edir. Türkiyə-Ermənistan əlaqələri ilə bağlı proseslərdə isə Ermənistana qarşı qayğıkeş münasibət özünün ən yüksək zirvəsinə çatıb.
- Azərbaycan Qərbə inteqrasiyanı seçsə də, daim balanslaşdırılmış siyasət yürüdür. Amma Qərbin ikili standartları nəticədə Azərbaycanın siyasi vektoru dəyişməsinə səbəb ola bilərmi?
- Mən belə olacağını düşünmürəm. Amma düz deyirsiniz ki, Azərbaycan balanslaşdırılmış, hərtərəfli ölçülüb-biçilmiş müstəqil xarici siyasət kursu həyata keçirir. Bunun səbəbi odur ki, Azərbaycan bütün proseslərdə ədalətli olmaq istəyir, etibarlı tərəfdaş olmaq istəyir. İkincisi, Azərbaycanı buna vadar edən ciddi faktorlar var. Hər şey gözümüzün qarşısındadır. Azərbaycan Qərb üçün etdiklərinin adekvat cavabını ala bilmir. Bu isə bizim düşündürür. Ermənistan isə Rusiyanın ən yaxın müttəfiqlərindən biridir və özünü Rusiyanın forpostu hesab edir. Buna baxmayaraq, Qərb Ermənistanı sonsuz məhəbbətlə sevir. Azərbaycanın Qərb üçün etdiklərini, inteqrasiya proseslərini, beynəlxalq əməkdaşlığı, eyni zamanda Azərbaycanın Qərblə Şərqin qovuşuğunda yerləşməsini, müsəlman ölkəsi olduğunu nəzərə alsaq, gərək ona qarşı münasibət indikindən tamam fərqli olsun. Təəssüf ki, bəzən suallara tam cavab vermək olmur. Amma baş verənləri ədalətli hesab etmirik.
Dünya Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin başqa məsələlərdə təzyiq də edirlər, müəyyən məsələlərlə bağlı təkidlər də olur. Bu, təkcə Azərbaycan üçün zərərli deyil. Eyni zamanda, beynəlxalq münasibətlərdə neqativ bir haldır ki, müəyyən zamandan sonra bumeranqa çevrilir.
- Yeri gəlmişkən, mayda Gürcüstanda NATO-nun təlimləri keçiriləcək və Azərbaycanın da həmin təlimlərdə iştirakı gözlənilirdi. Bununla bağlı planlar dəyişməyib ki? Təlimlərdə iştirak edəcəyik?
- Mən bu suala dəqiq cavab verə bilmərəm. Bizim Qərblə, Avropa İttifaqı ilə, NATO ilə münasibətlərimiz olduğu kimi qalır. Amma istəyirik ki, bizim qova-qova namərd etməsinlər. Tutduğumuz kurs Azərbaycanın seçimidir. Ona görə də bizim başqa addımlar atmağa məcbur etmək lazım deyil.
- Bəzi dairələr Prezident İlham Əliyevin Moskvaya səfərini Türkiyə və dolayısı ilə ABŞ-a mesaj kimi qiymətləndirirlər. Siz bu səfəri necə dəyərləndirirsiniz?
- Mən də belə bir mövqeni mətbuatda oxumuşam. Tamamilə səhv bir mövqedir. Əvvəla, Azərbaycanla Türkiyənin arasını vurmaq istəyən dairələr çoxdur. Ermənilər bunu hamıdan çox istəyirlər. Mən Ermənistanın internet saytlarına baxıram və keçmiş xarici işlər naziri Vardan Oskanyan deyir ki, sərhədlərin açılması Ermənistandan daha çox Türkiyə üçün xeyirlidir. Görün riyakarlıq öüzünü nə qədər açıq-aydın göstərir.
Azərbaycan prezidentinin Moskvaya səfəri bu ilin əvvəlindən planlaşdırılmışdı və bunu hamı bilirdi. Ona görə də bir sıra jurnalistlərin, siyasətçilərin, politoloqların bunu istədikləri kimi təqdim etmələrinə ehtiyac yoxdur. Rusiya bizim qonşumuzdur, dostumuzdur, geniş əməkdaşlıq edirik, strateji tərəfdaşımızdır. Biz açıq dünyada yaşayırıq. Azərbaycanın qapıları əməkdaşlıq üçün bütün vektorlara açıqdır. Ölkəmiz Rusiya ilə aləqələrini həm də ona görə genişləndirir ki, bu ölkə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədridir. Bilirik ki, Rusiyanın Cənubi Qafqaza təsir imkanları, nüfuzu var. Ona görə də bir həmsədr, həm də dost ölkə kimi münaqişənin həllində onun rolu daha böyük ola bilər. Danışıqlar zamanı prezidentlər də bildirdilər ki, Rusiya münaqişənin nizamlanması istiqamətində Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün əlindən gələni edir. Rusiyanın Ermənistanla əlaqələrinin natamam cəhətləri var. Bu gün quru əlaqələri Rusiyanın istədiyi səviyyədə deyil. Amma münaqişə həll olunsa, Azərbaycan vasitəsilə Ermənistanla dəmiyolu əlaqəsi yarana bilər və bu, Rusiya üçün həm geosiyasi, həm də müttəfiqi ilə əməkdaşlıq baxımından faydalı olar.
- Prezident İlham Əliyev Moskvada bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda ciddi irəliləyişlər var. Bunlar hansı irəliləyişlərdir ki, bir neçə əvvəl yox idi?
- Doğrudan da belədir. 2009-cu ilin əvvəlindən geosiyasi proseslərin müəyyən mənada mərkəzinin bizim regiona gəlməsi, yəni ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri beynəlxalq münasibətlərə yeni ab-hava gətirib. Bu hadisə dünyanın-həm Qərbin, həm Avropanın, həm də dünyanın digər vektorlarının diqqətini bizim reciona cəlb etdi. Bu regionda isə əsas məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesidir. ABŞ nümayəndələri qeyd edirlər ki, Amerika prezidenti münaqişənin həlli prosesində çox fəal iştirak edəcək. Həmin münasibəti biz Rusiya tərəfində də görürük. Bütün bunların hamızı ümid etməyə əsas verir ki, bu il ərzində münaqişənin həllində ciddi irəliləyişlər ola bilər. Onsuz da münaqişə nə vaxtsa həll olunmalıdır. Amma yaxşı olardı ki, problem öz həllini 2009-cu ildə tapsın.
-Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı hansı məlumatlar var?
- Prezidentlər arasında görüş ehtimalı var. Görüş yaxın aylarda baş tuta bilər. Bununla bağlı təşəbbüslər olsa da, hələlik tərəflərin qəti mövqeyi yoxdur. Belə bir görüş Avropada da, Rusiyada da ola bilər. Düşünürük ki, bu görüşlərdə irəliyə doğru addım atıla bilər.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar