Qəmisyə
24 Yanvar 2011 Bazar Ertəsi 04:30
Azərbaycan Avropa komissiyasının prezidenti Joze Manual Barrozodan niyə küsməli, niyə küsməməlidir?
İki suala cavab tapmağa çalışacağıq:
Birinci sual: Azərbaycan Avropa komissiyasının prezidenti Joze Manual Barrozodan niyə küsməlidir?
İkinci sual: Azərbaycan Avropa komissiyasının prezidenti Joze Manual Barrozodan niyə küsməməlidir?
Birinci sualın cavabı daha asandır. Azərbaycan Avropa strukturları qarşısında öz öhdəliklərini yerinə yetirir. Necə deyərlər ne deyənə, neft, qa deyənə qaz verir, əs deyəndə əskər yollayır! Əvəzində isə demək olar ki, heç nə almır. Avropa komissiyasının birinci şəxsinin, şəxsən Barrozonun Azərbaycanın əslində çoxdan toxunularaq parçalanmış ərazisinin, sözdə olsa da bütövlüyünün toxunulmazlığını etiraf etməsi Bakıya nəinki Qarabağı, hətta bütün dünyanı bağışlayır. Bir sözlə Bakı Avropanın bütün istək və arzularını yerinə yetirir. Bircə istisna ilə. Yerləşdiyi müharibə şəraiti onu demokratiyanı məhdudiyyətsiz qəbul etməyə imkan vermir. Vəssəlam. Qalan bütün məsələrdə Azərbaycan özünü intizamlı Avropa əskəri kimi aparır. Bax elə buna görə də Avropa komissiyasının prezidentinin öz dediklərini öz qurumunun divar qəzetində yerləşdirməyə cəsarət tapmamasını anlamır və küsür.
İndi ikinci sual: Azərbaycan Avropa komissiyasının prezidenti Joze Manual Barrozodan niyə küsməməlidir?
Birinci fakt. Danimarkanın “Jyllands-Posten” jurnalında Məhəmməd peyğtəmbərə həsr olunmuş təhqiramiz karikaturalar dərc olunur. Dünyanın bütün müsəlmanlarının təhqirə məruz qaldığı bir vaxtda cənab Barrozo həmin karikaturaları dərc edən jurnalın müdafiəsinə qalxır. Bildirir: “Söz azadlığı Avropanın dayaq anlayışlarından biridir. İfrat dərc etmək bunu edə bilmək azadlığına malik olmamaqdan daha yaxşıdır”.
Az sonra cənab Barrozo vəziyyətin gərginləşdiyini görür və bu zaman cənab Barrozo 180 dərəcə dəyişir və buyurur: “İslam Avropanın ayrılmaz tərkib hissəsidir və mən sivilizasiyaların toqquşmasını pisləyirəm!”
İkinci fakt: Yunanıstan dövlət olaraq “default” ərəfəsindədir: Bu zaman Cənab Barrozo bəyan edir: Avropa İttifaqı Yunanıstanı nəinki qurumdan çıxarmayacaq, ona maliyyə yardımı da daxil olmaqla hər cür kömək etməklə ölkənin borc böhranının artmasına imkan verəmyəcək. Bəli, bir qədər vaxt keçir və elə ki, pulu vermək lazım gəlir, cənab Barrozonun ikinci bəyanatını eşidirik: Yunanıstana yardım verilməyəcək, yalnız ikitərəfli kredit verilməsindən söhbət gedə bilər. Yazıq yunanlar bütün allahlarını çağırsalar da köməyə heç Kim çatmır…
Üçüncü fakt: Joze Barrozo Tiflisə gedir və bircə bəyanatla gürcü xalqının az qala qəhrəmanına çevrilir: “Biz Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü prinsipial olaraq müdafiə edirik. Və aydın şəkildə başa salırıq ki, Gürcüstanın heç bir hissəsinin işğalını tanımayacağıq!”. Bayram bayrama qarışır, Gürcüstan rəsmi bəyanat verərək bildirir: “Bu ilk belə haldır ki, “işğal” sözü Avropa İttifaqının leksikonuna rəsmi şəkildə daxil olur!” Və nə baş verir? Gürcülər sevinməkdə ikən cənab Barrozo yenidən meydana çıxır və bildirir ki, çaşıb, əslində o sözü deməməliydi və Gürcüstanda bu sözə niyə belə mühüm əhəmiyyət verilməsinin səbəbini də sadəcə anlamır. Və təbii ki, dərhal da rəsmi sənədlərdən, o cümlədən Komissiyanın saytından “işğal” ifadəsi yığışdırılır.
Və nəhayət dördüncü fakt: Cənab Barrozonun Bakı səfəri: Avropa komissiyasının prezidenti bu dəfə Bakıda qəhrəmandır: “Biz istəyirik ki Azərbaycan respublikasının ərazi bütövlüyü bərpa edilsin, və ya ''Dünən mən prezident Əliyevlə görüşüm zamanı qeyd etdim ki təbii ki Avropa İttifaqı bir mənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”. Bəli, indi də biz sevinirik! Sevinirik ki, şükür Allaha dünyada ədalət adına hələ nəsə qalırmış. Gözümüzdəki sevinc yaşı və bəyanatın mürəkkəbi qurumamış bir də görürük ki, bıy, bu cənab Barrozoymuş ki. Bakıdan ötrü mühüm olan bəyanat qurumun rəsmi saytından çıxarılır.
Bütün bunlardan sonra bayaqkı suallara qayıdıram. İndi cənab Baroozodan küsməyə dəyərmi? Üstəlik də bu şəxs hələ “Şərq əməkdaşlığı” çərçivəsində Serj Sarqsyanla görüşü zamanı Ermənistan prezidentinə, yüzlərlə azərbaycanlı dinc sakinin soyunun qırıldığı Xocalı əməliyyatına şəxsən rəhbərlik etmiş bir şəxsə Cənubi Qafqazdakı mövcud sülh və sabitlikdəki roluna görə təşəkkürünü bildirmişdi. Ermənistanın bu istiqamətdəki səylərini bundan sonra da dəstəkləyəcəyini vəd etmişdi. Bəs sizcə dəstəkləmək necə olur?
Mir Şahin ANSPRESS
DOSTLARINLA PAYLAŞ: