Qabil Hüseynli: “Netanyahu İsraili çətin duruma saldı”
01 İyun 2010 Çərşənbə Axşamı 15:25
Politoloq Qabil Hüseynlinin fikrincə, belə bir addım atılmasına göstəriş verən baş nazir hakimiyyətdən getməlidir.
Məlum olduğu kimi, İsrail ordusu mayın 30-dan 31-ə keçən gecə “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. İsrail televiziyalarının məlumatına görə, hadisə nəticəsində 19 nəfər ölüb.

Qeyd edək ki, donanmaya məxsus olan altı gəmidəki humanitar yardım elə altı təşkilatçı tərəfindən hazırlanıb. Bu gəmilərdən biri də-“Mavi Mərmərə” gəmisi Türkiyəyə məxsusdur. Siyasi təhlilçilər iddia edirlər ki, İsrailin atdığı addım məhz Türkiyəyə qarşıdır. Artıq hadisədən keçən iki gün ərzində gəmilərdən azad olunan şəxslər də var. Bu şahidlərin verdiyi məlumata görə, əsas hədəf də məhz “Mavi Mərmərə” olub. Hadisənin səbəbləri və necə davam edəcəyi barədə mülahizələr də fərqlidir.

Türkiyə politoloqları iddia edirlər ki, İsrail əsgərlərinin atdığı bu addımın kökündə Davosdakı məşhur “One minute” mübahisəsi durur. O da bildirilir ki, bu hadisə həm də bölgənin “bəy əfəndisi”ni müəyyənləşdirəcək bir hadisədir. Belə ki, problem yoluna qoyulandan sonra bəlli olacaq, Uzaq Şərqdə hadisələrin mərkəzində duran əsas oyunçu, ABŞ və bütün Qərbin razılaşmalı olduğu ölkə Türkiyədir, yoxsa həmişəki kimi İsrail.

O da qeyd olunmalıdır ki, on illərdir Qəzza zolağında müharibə şəraiti hökm sürür, bu bölgə İsrail ordusu tərəfindən aramsız hücumlara məruz qalır. Ancaq hegemon dünya dövlətləri yalnız prosesləri müşahidə etməklə və bəzi yumşaq bəyanatlar verməklə işlərini bitmiş hesab edirlər. İlk dəfədir ki, qardaş Türkiyə birbaşa hərbi konfliktin mərkəzinə sürüklənib.

Maraqlıdır, sonrası necə olacaq?

“Bir zamanlar bölgənin “bəy əfəndisi” bu iki ölkənin birgə əməkdaşlığı idi. İsrail Türkiyəyə silah satır, kəşfiyyat materialları ötürür, PKK-ya qarşı mübarizədə yaxından köməklik edirdi. Ancaq son vaxtlar, daha dəqiqi Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə İsraillə Türkiyə arasında ciddi sərinləşmə yaranıb. Belə görünür ki, Ərdoğanın Davosda İsrail prezidentinə qarşı işlətdiyi ifadələr və sonra onun oranı nümayişkəranə şəkildə tərk etməsindən sonra iki ölkə arasında yaranan böhranlı vəziyyət daha da dərinləşib. Yadınızdadır ki, bu hadisədən sonra İsrail də Türkiyə səfirinə qarşı aşağılayıcı hərəkət sərgilənmişdi. Ardınca isə bu gəmi hadisəsi ortaya çıxdı. Hadisəyə bir az obyektiv yanaşmaq lazımdır. Türkiyənin xarici siyasətində anti-İsrail xətti var ki, bu da çox çətin başa düşülür. Mən AKP iqtidarının “Həmas”la əməkdaşlığını kökündən yanlış hesab edirəm”.

Bu fikirləri ANS PRESS-ə açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, bu siyasəti bəzən müsəlman birliyi kimi qələmə verirlər, ancaq bu doğru deyil. Çünki belə bir həmrəylik Fələstin Azadlıq Təşkilatı tərəfindən Qarabağ problemi ilə bağlı sərgilənmir.

Konkret gəmi əhvalatına gəlincə, politoloq deyir ki, Qəzza bölgəsi, işğal altında olsa belə, İsrailin ərazisi hesab olunur və bura gətirilən hər bir humanitar yardım bu ölkə tərəfindən ciddi şəkildə yoxlanılır, nəzarətə götürülür: “Məqsəd bölgəyə silah gətirilməsinin qarşısını almaqdır. Onsuz da Qəzza bölgəsinə yeraltı tunellərlə kifayət qədər silah gətirilir. Ancaq İsrail bura dəniz vasitəsilə silah daşınmasının qarşısını almağa çalışır. Qeyd edim ki, humanitar yardım aparan donanmanın hazırlanmasına bir ay öncə başlanıb. İlk hazırlıq vaxtlarında İsrail hökuməti təklif etdi ki, gəmilər onlara məxsus “Hayfa” limanına gətirilsin, orada yoxlanılsın və sonradan yük avtomobilləri ilə Qəzzaya aparılsın. Lakin donanmanın başında duran “Mavi Mərmərə” gəmisi birbaşa Qəzzaya yön aldı və nəticədə hamıya məlum olan insident baş verdi. Təəssüflər olsun ki, İsrail belə məqamlarda çox qansız hərəkət edir. İsrail hökumətinin atdığı növbəti belə hərəkətin sayəsində artıq 19 nəfər həlak olub və xeyli sayda yaralı var”.

Qabil Hüseynli bildirir ki, Netanyahu hökumətinin bu addımı haqlı olaraq bütün dünya tərəfindən pislənilir. Çünki İsrail gəmilərin qarşısını almaq üçün bu addımı atmamalı idi. Başqa üsullarla da gəmiləri həmin limanlara getməyə məcbur etmək olardı: “İsrailin silah tətbiq etməsi bu ölkəyə qarşı nifrət doğuran bir situasiya yaratdı”.

Politoiloqun fikrincə hadisə BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunur, sonrakı proseslərin necə davam edəcəyi məhz bu qurumun qərarından sonra bəlli olacaq: “Hələlik isə tərəflər bir-birinə qarşı addımlar atır. Türkiyə İsraildəki səfirini geri çağırıb, İsrail isə Türkiyədə olan bütün vətəndaşlarını, xüsusilə də turizm bölgələrində dincələn vətəndaşlarını geri çağırıb. Fikrimcə bu cür hadisələrin sadə türkə və ya sadə yəhudiyə heç bir xeyri yoxdur. Yaranmış vəziyyətdən çıxmaq üçün dialoq nöqtələri tapılmalıdır. Məncə İsrail xalqı öz baş nazirləri Netanyahunun taleyi ilə bağlı qərar qəbul etməlidir. Çünki ərəblərə qarşı amansız olan bu şəxsin atdığı addım İsraili ciddi böhran həddinə gətirib çıxarıb. Sonrakı proseslər də böyük ehtimalla bu ölkənin xeyrinə cərəyan etməyəcək”.

Həmsöhbətimiz ABŞ və Avropa ölkələrinin reaksiyasını da yetərli hesab etmir: “ABŞ bu hadisədən sadəcə təəssüfləndiyini bildirib. Ancaq bu düzgün deyil. ABŞ İsraili sərt şəkildə tənqid etməli idi. Çünki bu ölkənin baş naziri Netanyahu lovğa-lovğa sinəsinə döyür və bildirir ki, hadisənin arxasında mən dururam. Ancaq o fərqinə varmır ki, nəticədə 19 nəfər ölüb. Bu hadisə cinayət, arxasında duran isə cinayətkardır. Burada artıq İsraili təmizə çıxaracaq əhəmiyyətli məqamlar azdır. Avropa ölkələri də eyni mövqeni sərgiləyirlər. Hər halda hər şey BMT Təhlükəsizlik Şurasının verəcəyi qərardan asılı olacaq”.

Politoloq yaranmış vəziyyətdə Azərbaycanın qardaş Türkiyəyə tam dəstək verməsini vacib sayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar