Prezident: “Maaşların, pensiyaların qaldırılması məsələləri öz həllini tapacaq”
08 May 2011 Bazar 01:00
“Son illərdə bir milyona qədər yeni iş yerləri açılsa da, hələ ki, işsizlik var”.
“Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi işində müsbət nailiyyətlərə çatmışıq. Elə etməliyik ki, gələcək illərdə bu müsbət meyillər daha da güclənsin və ölkəmizdə müasir sənaye komplekslərinin sayı artsın”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədidə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında deyib. Dövlət başçısının sözlərinə görə, qeyri-neft sektorunun inkişafı üçün konkret proqramlar icra edilir. İlham Əliyev deyib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi başlanıb: “İkinci Dövlət Proqramı 2013-cü ilə qədər başa çatmalıdır. Proqramın icrası nəticəsində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapacaq”.
Prezident müşavirə işçilərinin diqqətinə çatdırıb ki, son illərdə bir milyona qədər yeni iş yerləri açılıb: “Ancaq hələ ki, işsizlik var. Gözəl komplekslərin yaradılması işsizliyin aradan qaldırılması üçün çox mühüm əhəmiyyətə malikdir. Bununla bərabər, yerli istehsalın artırılması, idxaldan asılılığımızın azaldılması, yoxsulluğun aşağı salınması məsələləri də öz həllini tapmaqdadır. Biz növbəti illərdə kənd təsərrüfatının emal sahəsinin inkişafı ilə bağlı əlavə addımlar atacağıq. Kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Birinci növbədə dövlət siyasəti düzgün istiqamətdə aparılır, sahibkarlığın inkişafına dəstək verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə hər il böyük məbləğdə vəsait nəzərdə tutulur. Bu il sahibkarlara 125 milyon manat vəsait veriləcək”.
İlham Əliyevin sözlərinə görə, həm yerli sahibkarlar, həm xarici investorlar Azərbaycana maraq göstərirlər: “Bu onun nəticəsidir ki, ölkəmizdə çox düzgün investisiya siyasəti aparılır. Son illərdə ancaq kənd təsərrüfatı sahəsinə yüz milyon dollarla ölçülən investisiyalar qoyulub. Azərbaycanda bütövlükdə investisiyaların həcmi yüz milyard dollara yaxındır. Bu investisiyaların demək olar ki, əlli faizdən bir az çoxu daxili investisiyalardır. Bir sözlə, investisiya layihələri Azərbaycanda icra edilir. Dövlət İnvestisiya Şirkəti bu istiqamətdə çox vacib funksiyalar icra edir. Dövlət İnvestisiya Şirkəti daha çox böyük infrastruktur və sənaye müəssisələrinin yaradılmasına maliyyə dəstəyi göstərir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə daha çox kənd təsərrüfatı, emal müəssisələri və regional əhəmiyyət daşıyan müəssisələrin yaradılmasına xidmət göstərilir”.
“Çalışmalıyıq ki, emal müəssisələrinin fəaliyyəti də ixracyönümlü olsun”, - deyən Prezident İlham Əliyevin sözlərinə görə, birinci mərhələdə daxili tələbat daxili istehsal hesabına tam şəkildə təmin etməlidir: “Bu, çox vacib məsələdir. Əgər biz buna nail olsaq, bir neçə vacib məsələni həll etmiş olacağıq, o cümlədən işsizliklə bağlı məsələlər də daha tezliklə həllini tapacaq. Ancaq biz ondan sonrakı mərhələdə kənd təsərrüfatı məhsullarının və emal məhsullarının ixracı ilə bağlı yeni bazarlara çıxmalıyıq. Bunun üçün əlbəttə ki, istehsal edilən məhsullar yüksək keyfiyyətə malik olmalıdır. Biz nəinki qonşu bazarlara ixrac imkanlarımızı, potensialımızı artırmalıyıq, Avropa bazarlarına da çıxmalıyıq. Avropa bazarlarına çıxmaq üçün, əlbəttə ki, yüksək keyfiyyətli məhsullar istehsal olunmalıdır. Belə müasir səviyyədə qurulmuş bu süd kombinatından əminəm ki, istənilən ölkəyə məhsul ixrac etmək mümkün olacaq”.
Dövlət başçısı bəyan edib ki, sahibkarlara bundan sonra da dövlət dəstəyi göstəriləcək: “Bu, həm siyasi, həm iqtisadi dəstəkdir, həm də maliyyə dəstəyidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələn illərdə də lazımi səviyyədə vəsait nəzərdə tutulacaq. Azərbaycanda maliyyə problemləri artıq həllini tapır. Yalnız keçən il 15 milyard dollar səviyyəsində investisiya qoyulmuşdur. Bu il büdcəmizə düzəlişlər edilməlidir, dürüstləşmə aparılmalıdır. Bu dürüstləşmə həm infrastruktur layihələrini əhatə etməlidir, eyni zamanda, insanların sosial məsələlərinin həlli üçün orada vəsait nəzərdə tutulacaq. Maaşların, pensiyaların qaldırılması məsələləri öz həllini tapacaq”.
Bir sözlə, dövlət ölkəmizin inkişafı üçün bütün tədbirləri görür. Sahibkarlar da ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla həm öz imkanlarını genişləndirirlər, eyni zamanda, ölkəmizin inkişafına xidmət etmiş olurlar. Mən çox şadam ki, Azərbaycanda sahibkarların əksəriyyəti məsuliyyətli insanlardır. Onlar, eyni zamanda, sosial məsələlərin həlli ilə də məşğuldurlar. Mən bilirəm ki, sahibkarlar xeyriyyəçiliklə də məşğuldurlar. Kimin imkanı var, əlbəttə ki, bu məsələyə daha da böyük diqqət göstərməlidir. Sahibkarlar isə, eyni zamanda, rəqabət qabiliyyətli məhsulların istehsalına daha da çox üstünlük verməlidirlər.
Mən keyfiyyətli məhsullar istehsal olunmalıdır ki, Avropa bazalarına çıxsın deyəndə, onu da qeyd etməliyəm ki, daxili bazara da ancaq və ancaq keyfiyyətli məhsullar lazımdır. İndi dövlət qurumları bu məsələ ilə bağlı çox fəal iş aparırlar. Bazarda keyfiyyətsiz məhsulların yığışdırılması prosesi gedir, monitorinq aparılır. Bu məsələyə çox böyük diqqət göstərilməlidir. Keyfiyyətsiz məhsullara qarşı ciddi mübarizə aparılmalıdır. Bu, həm idxal mallarına və həm də Azərbaycanda istehsal olunan mallara aiddir. Keyfiyyət birinci dərəcəli məsələdir.
Mən hesab edirəm ki, bu siyasətimizin nəticəsində gələcək illərdə ölkəmizdə çox güclü sənaye, yəni, emal sənayesi potensialı yaradılacaqdır. Artıq müxtəlif bölgələrdə yeni gözəl emal kompleksləri tikilir, o cümlədən süd kombinatları tikilməkdədir və bu proses davam etdiriləcəkdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: