- Elmira xanım, özünüz hesabatdan razı qaldınızmı?
- Bilirsiniz, bu vəzifə özü-özlüyündə elə bir vəzifədir ki, işlədikcə, müraciət edənləri razı saldıqca, nöqsan və qüsurları aradan qaldırdıqca, istəyirsən ki, bu fəaliyyət daha da səmərəli olsun. Bəlkə də bu, hər bir ixtisasa, hər bir sənətə aiddir.
Azərbaycanda ombudsman təsisatının yaradılması zərurətdən doğdu və get-gedə bu təsisat insanlar tərəfindən, istər dövlət qurumları, istərsə də vətəndaşlar, fərdlər tərəfindən daha çox anlaşılan oldu. Onu da deyim ki, get-gedə özümüzün iş üslubu, imkanlarımız gerçəkləşdikcə, daha da təkmilləşdik. Hər bir ölkədə ombudsman fəaliyyətinin qanunu var ki, o, buna əsasən fəaliyyət göstərir. Azərbaycan qanunlarına görə ombudsmanın vəzifələri dövlət qurumları, bələdiyyələr, özünüidarə orqanları, həm də vəzifəli şəxslər tərəfindən pozulan hüquqların bərpasıdır. Amma biz fəaliyyətimizi daha geniş tərzdə qurduq. Kiminsə hüququ pozulandan sonra onun bərpa edilməsini gözləmədik. Ümumilikdə, insan haqlarının təmin olunması və hüquq pozuntularının qarşısının alınmasını qarşımıza məqsəd qoyduq. İşimizi də bu səpgidə qurduq.
- Elmira xanım, siz özünüz dediniz ki, ombudsmanın ilk vəzifəsi dövlət qurumları tərəfindən pozulan hüquqların bərpasıdır. Doğrusu, bu 7 il ərzində mən sizin hansısa hakimiyyət strukturu ilə məhkəmə və ya prokurorluğun yol verdikləri pozuntuları göstərib, onlara qarşı mübarizə apardığınızı görməmişəm...
- Görməmisiniz? Bizim fəaliyyətimiz hər gün işıqlandırılır. Dünyada heç bir ombudsman deyə bilməz ki, fəaliyyəti dövründə 1500-dən çox press-relizi olub. Anlaşılmaz bir şeydir. Onlarla press-relizi biz tərcümə edib, Avropa Şurasına, Beynəlxalq qurumlara göndəririk. Onlar bunu görürlər.
- Hansı nazirliklərdə pozuntuları üzə çıxarıb, mübarizəyə qalxmısınız?
-Şəxsiyyət vəsiqələrinin olmaması. Sonuncu parlament seçkisi zamanı müəyyən etdik ki, əhalinin yalnız 60 %-dən çoxunun şəxsiyyət vəsiqəsi var. O zaman dərhal Daxili İşlər Nazirliyinə müraciət etdik. Birgə monitorinqlər keçirdik və nazirliyin rayonlardakı müvafiq qurumları bu işi demək olar ki, fərqli surətdə həyata keçirdilər. İmkansız insanların, ucqarlarda yaşayanların, ya da istəməyərəkdən gəlməyənlərin şəkli elə yaşadıqları yerdə çəkildi, qan qrupu müəyyən edildi və elə oradaca onlara şəxsiyyət vəsiqəsi verildi. Ona görə də mən tam əminliklə deyə bilərəm ki, bu orqanların 24 saatlıq işi nəticəsində heç ola bilməz ki, əhalinin 95 %-nin şəxsiyyət vəsiqəsi olmasın.
Bu, insana nə verir? Bu, insanın başqa hüquqlarını gerçəkləşdirməyə imkan verir. Axı, sizə işə düzələndə, seçkilərdə iştirak edəndə, hər hansı bir fəaliyyətlə məşğul olanda sənəd lazımdır. Bundan başqa, Azərbaycandan kənarda yaşayan soydaşlarımız əziyyət çəkirdi. Pasportunun vaxtı ötdüyü zaman, uşaqları yetkinlik yaşına çatdığı zaman vəsiqə üçün Azərbaycana gəlməyə məcbur idilər. Elə ailələr var ki, məsələn, tərkibi 6 nəfərdən ibarətdir və onların Bakıya gəlib, vəsiqə alması problem idi. Bu problemlər də həll olundu, onlara yerlərdə həmin sənədlər verilir.
- Elmira xanım, olub ki, şikayətçilər sizin qarşınızda konkret problem qaldırıblar və siz bu problemə görə hansısa hakimiyyət strukturu ilə üzbəüz olmusunuz?
-Ombudsmanın işi elə bundan ibarətdir. Onun başqa işi yoxdur. Müraciət edənlərin təxminən 20-10 %-i qurumlardan şikayətlə müraciət edir. Müraciət edən şəxs konkret sahədə obyekti göstərir.
-Hansı hakimiyyət orqanında pozuntuya qarşı mübarizə aparmısınız?
- Soruşsanız ki, hansına qarşı aparmamışam, buna cavab vermək daha asan olar. İstər Daxili İşlər orqanları, istər Baş prokurorluqla əməkdaşlıq edirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, yəni bütün komitələrlə. Elə bir qurum yoxdur ki, orada bizim 10, 20 yox, yüzlərlə müraciətimiz olmasın.
- Rüşvətlə bağlı şikayət məktublarınız daxil olub? Nə tədbir görmüsünüz?
- Məsələ qaldırmışıq. İlk baxışda bu, adi görünə bilər, mənzil-istismar sahələrində hər bir arayışa görə tələb olunandan artıq xərc çəkməkdən şikayətlənirdilər. Amma biz bu məsələni kəskin surətdə qoyduq. Nəinki yalnız sənədləri almaq, başqa məsələ də qaldırdıq ki, axı bu qurumların işləmək üçün bu gün heç bir hüquqi əsasları yoxdur. Onları aradan qaldırmaq lazımdır. Bəzi yerlərdə məhəllə komitələri də qalmaqdadır. Yəni adi arayış almaq üçün məhəllə komitələrinə, Mənzil İstismar Sahələrinə, bələdiyyələrə, icra hakimiyyəti orqanlarına müraciət etdikdə, hər zaman çətinliklərlə üzləşirsiniz. Ona görə də idarəetmə təkmilləşdikcə, o məsələni qaldırırıq ki, rudimentar qalıqlar deyilən məhəllə komitələri, MİS-lər aradan qaldırılmalıdır.
-Hesabatda Yol polisi ilə bağlı ağrılı məsələyə toxunmusunuz. Bu sahədə şikayət çox olub?
- Bilirsiniz, Yol polisi ilə bağlı şikayətlər olub. Yolda əsassız olaraq, saxlanma, yol hərəkəti qaydalarını kimsə pozubsa, o sürücünü qovmaqla təhlükə yaratmaq, ondan cərimədən artıq pul istəmək. Müxtəlif cür hadisələr olub və hər bir halda mən onu deyə bilərəm ki, biz əgər 42260 şikayət almışıqsa, fəaliyyətimiz dövründə bunlardan 8600-ü 2008-ci ildə olub. Elə bir şikayət ərizəsi yoxdur ki, biz onunla bağlı yazılı surətdə müvafiq orqana müraciət etməyək və ona yazılı surətdə bir reaksiya verilməyə. Elə şikayətlər də var ki, onlar heç bir qanuna əsaslanmır və yaxud da onun həyata keçirilməsi çətinliklərlə bağlıdır. Məsələn, alimentlərin ödənilməsi. Biz çox danışırıq ki, məhkəmə icraatı ilə bağlı şikayətlər çoxdur, amma buna subyektiv yanaşdıqda, bu, belədir. Eyni zamanda obyektiv səbəblər də vardır. Hansısa alimentin ödənilməsində, hansısa borcun qaytarılması ilə bağlı kimsə məhkəməyə müraciət edir və məhkəmə qanuna uyğun qərar çıxarır ki, bəli, bu, ödənilməlidir. Amma icraçını tapmaq çətindir. Elə olur ki, yoldaşı deyir ki, o Rusiyadadır. Rusiyanın 86 obyekti, subyekti var. Onları bu vilayətlərdə axtardıqdan sonra məlum olur ki, o, Rusiyada deyil, Ukraynadadır. Belə obyektiv çətinliklər var. Amma real çətinliklər də var. Bunlar da süründürməçilikə, hansısa yerlərdə icrata qarşı müqavimət göstərilməsidir.
-Sizə qarşı belə müqavimət olub?
-Şübhəsiz ki, bu, olmalıdır müəyyən dərəcədə. İlk dövrlərdə müqavimət yox, hansısa anlaşılmazlıqlar olurdu. Amma ombudsman cəza orqanı deyil və onun qərarları impretiv ( qeyd-şərtsiz tələb red. )xarakter daşımır. Əgər polis şöbələrində kimsə istintaqın gedişatından narazı qalırdısa, və yaxud cinayəti törədən Baş prokurora müraciət etdikdə, elə hal olmayıb ki, ona reaksiya olmasın. Bu, ya araşdırmalar nəticəsində sübut olunur, ya o araşdırmaların nəticəsi ilə şikayətçi razılaşır ki, həqiqətən, bu, belədir, ya da həmin iş bir müstəntiqdən alınıb başqasına verilir. Əksər hallarda müsbət nəticələr əldə olunur.
- Elmira xanım, siz bu ifadəni tez-tez işlədirsiniz ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət yaxşıdır. Bu sözlərin ombudsman tərəfindən deyilməsi mənə bir az qəribə gəlir. Dediyiniz o 42 min şikayətçi məktubunda yəqin ki, adamlar hüquqlarının tapdanmasından şikayət edirlər. Siz nəyə əsasən bu ifadəni işlədirsiniz?
-Dinamikaya əsasən. Bu gün artıq elə şikayət yoxdur ki, onun üzərində ya həmin qurumla birlikdə, ya öz təşəbbüsümüzlə araşdırmalar aparmayaq. Aşkarlığın artması çox vacibdir. Siz heç görmüşdünüzmü ki, bir il ərzində Daxili İşlər orqanlarında 134 faktla bağlı 154 nəfər cəzalandırılsın? Prokurorluqda 26 nəfər cəzalandırılıb. Şiddətli cəzalar da var. Sistemdən çıxarılmalar, inzibati cəzalar. Yəni bu özü-özlüyündə insan hüquqlarına daha dəqiq yanaşma və hüquqların bərpa olunmasına diqqətin artması deməkdir. Bu, ombudsmanın müvafiq dövlət qurumları ilə əməkdaşlığının səmərəli qurulmasının nəticəsidir.
- Sizi tənqid edənlər bildirirlər ki, siz məsələləri kəskin qoya bilmirsiniz. Məsələn, pozuntu halının adını çəkirsiniz, amma konkret nə iş görülməli olduğunu demirsiniz. Buna münasibətiniz?
-O, subyektiv fikirdir. Sizin də fikriniz ola bilər. Amma belə deyərdim, kimin konkret sualı varsa, gəlsin ombudsman təsisatına, qapılarımız açıqdır, hər kəs istədiyi məlumatı ala bilir. Suallarına cavab alsınlar.
- Misal istədiniz, misal gətirim. Həbsdə olan jurnalistlərlə bağlı siz demisiniz ki, onlarla görüşmüsünüz və onlar heç bir şeydən şikayət etmirlər, işgəncəyə məruz qalmırlar və s. Sizcə məsələnin həlli budur?
- Məsələnin həlli bu deyil, amma mən eyni zamanda onu da yazıram ki, onlar məhkəmə qərarlarından narazıdırlar. Bilirsiniz ki, ombudsmanın bir aləti də amnistiya ilə bağlı müraciətlərdir. Ona görə də biz səlahiyyətli orqanlara, əfv komissiyasına müraciətlər etmişik. Beynəlxalq təcrübədən görmüşük ki, bunlara alternativ üsullar da tətbiq oluna bilər: Onların əfv edilməsi, alternativ üsulların tətbiqi ilə bağlı bir neçə dəfə təkliflər verilib. Belə bir təklif də oldu ki, onların işinə ayrı-ayrılıqda baxılsın. Törətdikləri əmələ görə müvafiq cəza tətbiq edilsin.
Mən demək istərdim ki, bir çoxları elə bilir ki, ombudsman cəzaverən orqandır. Ombudsman nə polisi, nə prokurorluğu, nə də məhkəməni əvəz etmir. Hərənin öz vəzifəsi var.
- Eyni zamanda ombudsman hakimiyyət strukturlarının yol verdikləri səhvləri göstərir və ictimaiyyətin qarşısına çıxara bilir. Elə deyilmi?
-Ən kəskin surətdə hər bir şikayət üzrə müraciətlər olub. Məsələn, jurnalistin hər hansı bir şəxs tərəfindən döyülməsi olub. Biz onu qoymuruq qalsın, dərhal Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət edirik. Həmin şəxslər tapılsın, qanun qarşısında ən sərt cəza alsın.
Ombudsmanın vəzifəsi bundan artıq deyil. Bizdə belə bir fikir yaranır ki, ombudsman təsisatı yaradıldı və yenə də hüquqlar pozulur. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada hüquqlar pozulmasın. Qanun pozularkən, ombudsman öz vəzifəsini qanunla müəyyən edilən səlahiyyətlər çərçivəsində yerinə yetirir.
- Hesab edirsinizmi ki, 7 il ərzində Azərbaycanda müstəqil ombudsman təsisatı yarada bilmisiniz?
-Mənim buna qətiyyən şübhəm yoxdur. Baxmayaraq ki, müəyyən siyasi qüvvələr var ki, çalışırlar təəssürat yaratsınlar. Hətta Dövlət Departamentinin hesabatında da yazmışdılar ki, Azərbaycanda ombudsman müstəqil deyil. Ombudsman müstəqil deyil o deməkdir ki, ombudsman yoxdur. Ombudsman onda var ki, o, müstəqil, qərəzsiz, qanun çərçivəsində, ədalətli fəaliyyət göstərir. Ona görə də mən bununla razı deyiləm. Bunu hər bir kəs sübut edə bilər.
Eyni zamanda Dövlət Departamentinin hesabatında belə bir şey də yazılıb ki, ombudsman milli fəaliyyət planını təklif etdi və bütün regionlarda ictimai dinləmələr və s. keçirdi, həm dövlət daxilində, həm xarici təşkilatlarla, qurumlarla, səfirlərlə sıx əməkdaşlıq edib. Amma ilin sonunda məlum olur ki, bu fəaliyyət natamamdır. Mən çox təəccüblənirəm. Bu Milli fəaliyyət planının qarşısına bir plan gətirib qoysunlar ki, belə müntəzəm şəkildə həyata keçirilib. Bu da bir yenilikdir ki, dövlətin Milli fəaliyyət planına əsasən, ombudsman onun icrasına rəhbərlik edir. Onun icraçısı 31 dövlət orqanıdır. Onlarla qeyri-hökumət təşkilatıdır.
Ədalətsizlik ürəyimi ağrıdır. Hər bir şeyə dözmək asandır, ədalətsizlikdən başqa. Orada belə bir şey yazılıb ki, bəs ombudsman şikayətlər üzrə rəqəmlər də göstərə bilmədi. Buna görə də mən rəsmi deyirəm ki, bizə Amerika səfirliyindən xanım Conson müraciət etdi və söylədi ki, belə bir hesabat hazırlanır. Mənim ona tövsiyəm o oldu ki, arzu edirəm balanslı olsun. Müsbət məlumatların heç biri oraya düşmədi. Amma o rəqəmləri ki, xanım istəmişdi, vaxtında ona göndərmişik və vaxtında elektron poçtu ilə ondan təşəkkür almışıq. Ona görə də biz anlaşılmaz vəziyyətdəyik ki, necə olur ki, belə fikirlər rəsmi sənəddə öz əksini tapır.
Mənim münasibətim belə idi ki, hər bir rəyə, istər özümə qarşı, istər təsisata qarşı müsbət yanaşmaq lazımdır. Əgər orada obyektivlik varsa, onun köklərini araşdırıb, aradan qaldırmaq lazımdır. Amma əgər obyektivlik yoxdursa, bu, qalır yazanın vicdanına.
-Siz hesab edirsiniz ki, yaratdığınız ombudsman təsisatı Azərbaycanda hakimiyyət orqanları üzərində, bir növ, nəzarət strukturu rolunu oynaya bilir? Çünki şikayətçi məktubları buna inandıqlarından yazırlar.
-Bəli. Ombudsmanın vəzifəsi budur. 7 illik məruzəm yüksək dəyərləndirilib. Elə qüvvələr var deyirlər ki, ombudsman hökumət əleyhinə çıxış etmir. Bu, onun vəzifəsi deyil , siyasi orqan deyil. Ombudsman yalnız müvafiq orqanları ayağa qaldırmalıdır ki, hər hansı bir şikayət təmin olunsun. Ombudsman təkliflər verməklə öz vəzifəsini yerinə yetirir.
- Biz adamlar arasında sorğu apamışıq. Deyirlər ki, Silahlı Qüvvələrə baxış keçirmək kifayət etmir.
- Ombudsmanın ən böyük xidməti o oldu ki, illər boyu tərxis olunan hərbçilərə əmlak, əşya kompensasiyası verilmirdi. Iki il çalışdıqdan sonra biz hər bir hərbi qulluqçunun əşya-əmlak kompensasiyası almasına nail olduq.
-Özbaşınalıq, “dedovşina” ilə bağlı iş görə bilmisiniz?
-“Dedovşina” ilə bağlı valideynlərdən və yaxud internetdə hər hansı bir şikayət olan kimi, dərhal həmin gün hərbi prokurorluğa müraciət etmişik ki, bu, dözülməz haldır və aradan qaldırılmalıdır.
-Amma belə bəyanatlar da vermisiniz ki, Azərbaycan Silahlı Qüvvələrində “dedovşina” yoxdur.
-Mən o bəyanatı görmək istərdim. Fakt varsa, bunu necə inkar etmək olar? Amma bəzən bunu hipertrofik (həddən artıq böyüdülmüş, red.) şəkildə göstərmək istəyirlər. Onlar hesab edirlər ki, ombudsmanın qılıncı sağa və solu kəsə bilər. Onun vəzifəsi bu deyil.
-Halbuki əvvəllər ombudsman Silahlı Qüvvələrə daxil ola bilmirdi, elə deyil?
-Ombudsman haqqında qanunda yazılıb ki, İnsan hüquqları üzrə müvəkkil 24 saat ərzində, heç bir xəbərdarlıq etmədən, hər bir quruma, hər bir penitensiar xidmətə və hər bir hərbi hissəyə gedə bilər. Axtarın, dünya təcrübəsini götürün, harada belə bir şey var? Mən və əməkdaşlarımız 1500 dəfə polis istintaq təcridxanalarında olmuşuq.
-Amma siz hərbi hissələrə gedəndə hər şeyin normal olduğunu deyirsiniz, bizsə valideynlərdən başqa məlumatlar eşidirik.
- Axı bu, kütləvi şəkildə olan hallar deyil. Əgər biz hansısa istintaq təcridxanasına gedir, orada şəxs saxlanılma şəraitindən narazı olmadığını deyirsə, mən bunu həmin gün qəzetə verirəmsə, burada nə var? Buna etiraz olarsa, siz bunu tez eşidərsiniz.
Biz Qənirə xanımla getmişik, jurnalistlər aparmışıq özümüzlə. Olmayan yerdə mən bunu necə deyə bilərəm? Ombudsman ədalət yolundadır. Amma şikayət olan halda dərhal Müdafiə Nazirinə müraciət olunur ki, araşdırılsın. Araşdırmadan sonra bizdə nəzarət qrupu, insan hüquqları üzrə ixtisaslaşmış məruzəçilərimiz var ki, bunları nəzarətdə saxlayırlar. Yoxlayırlar ki, tədbir görüldü, ya yox.
-Bununla belə, “dedovşina” haqqında videorolik İnternetə buraxılmasaydı, yenə də ictimaiyyətin məlumatı olmayacaqdı.
-Bu, yanlış məlumatdır. Videorolik bir neçə ay bundan əvvəl çıxdı. Götürün mənim 6 illik məruzələrimə baxın. Onlar saytdadırlar.
-Bu gün Silahlı Qüvvələr üzərində ictimai nəzarət olduğunu hesab edirsinizmi?
-Əksinə, mən həmişə qətiyyətlə demişəm ki, ictimai nəzarət orduda da olmalıdır. Vaxtilə məsələ qaldırılıb ki, penitensiar müəssisələrdə olsun, bu gün artıq belə bir komitə işləyir. Belə bir təkliflə mən rəsmilərə müraciət etmişəm. Bilavasitə Müdafiə nazirinə müraciət etmişəm. Ordu incə sahədir, biz orada hərbi texnika ilə, əməliyyatlarla maraqlanmayacağıq. Sadəcə olaraq, əsgərlərin saxlanılma şəraiti ilə maraqlanırıq. Onlara tibbi xidmət, onların qidalanması, insan hüquqlarının qorunması və yüksək rütbəli zabitlərin münasibəti ilə maraqlanırıq.
Mən bu sahədə dönüş olmaması fikri ilə razılaşa bilmərəm. Əgər siz fikirləşirsiniz ki, ombudsman getdiyi yerdə kriminal axtaracaq, bu səhv fikirdir. Olmayan yerdə niyə də insanlar ruhlanmasın ki, bəli, saxlanılma şəraiti yaxşıdır. Götürək polis şöbələrində müvəqqəti saxlanılma yerlərini. 6 ildə fərqi görmürsünüzmü? Buraya 45 ölkənin ombudsmanı gəlib. Hər bir yerə aşkar apara bilirəm. Bu sahədə dönüş əldə edilmişdir.
-Növbəti ombudsmana nəyi arzulardınız və nəyə diqqət yetirməyi məsləhət görərdiniz?
-Əvvəla, o, bizim gördüyümüz işlərdə irəli getməlidir. Qərəzsiz olmalıdır. Ombudsman üçün iqtidar, müxalifət məfhumu yoxdur və bunu müxalifətdən və ya iqtidardan olan bir nəfər də olsun inkar edə bilməz. 7 il ərzində belə bir hal olmayıb. Beynəlxalq aləmdə qazandığımız nüfuzu növbəti ombudsman daha da qaldırmalıdır. Çünki bu gün Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğu bir şəraitdə, bir milyon qaçqın və köçkünün olduğu dövrdə hər bir kəsin hər cümləsinin böyük əhəmiyyəti var./ANS PRESS/