«Musəvinin etnik azərbaycanlı olması heç də prezident seçiləndən sonra Azərbaycan və azərbaycanlılar üçün nəsə edəcəyi demək deyil». Bu barədə ANS PRESS-in əməkdaşı ilə söhbətində politoloq Vəfa Quluzadə bildirib.
Politoloqun sözlərinə görə, Mir Hüseyn Musəvi hər şeydən öncə iranlıdır və İran dövlətində milliyyətçilik yoxdur.
«Düzdür, o, Qarabağ məsələsinə də toxunub. Amma mən hiss etdim ki, onun mövqeyi də başqa dövlətlərin mövqeyi kimidir. O heç vaxt erməniləri suçlamadı - nə təcavüzdə, nə də işğalda. Yalnız onu dedi ki, sülh danışıqlarında Azərbaycana kömək etmək lazımdır. Mən isə sülh danışıqlarını cəfəngiyyat hesab edirəm. Sülh danışıqları hes bir nəticə gətirməyəcək. Nəticəni regionda geostrateji vəziyyətin dəyişməsi gətirəcək. Çünki biz danışıqları ermənilərlə aparırıq, amma Ermənistan marionetkadır, Rusiya istədliyi kimi onu barmağında ora-bura oynadır. Rusiya maraqlıdır ki, bölgədə nə hərb, nə də sülh olsun. İranın rəhbərliyi bunu çox gözəl bilir, amma görə-görə bunu dilə gətirmir. Ona görə də İran rəhbərliyinin frazeologiyasında «Azərbaycana dəstək», «Qarabağ məsələsinin tezliklə və ədalətlə həlli» sözlərinə tez-tez rast gəlinir, amma bunlar quru və boş şüarlardır»,- deyə Vəfa Quluzadə vurğulayıb.
Politoloq həm də İrandakı seçkilərin demokratik şəraitdə keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, namizədlərin mübarizəsinin teledebatlar səviyyəsində aparılması seçkilərin demokratikliyinin sübutudur və buna MDB məkanının heç bir dövlətində rast gəlinmir.
Vəfa Quluzadə həm də islahatçı lider Mir Hüseyn Musəvinin indiki İran prezidenti Əhmədinejaddan daha güclü göründüyünü vurğulayıb: «Qalibin kimi olacağını indidən demək çətindir. Amma zənnimcə, Musəvi daha üstündür. Çünki İran cəmiyyətində yeniliyə tələbat var və İran cəmiyyəti arzulayır ki, qərblə normal əlaqələri olsun. Burada ən böyük rolu gənc nəsil, tələbələr oynayır. Onlar internet, peyk antennaları vasitəsi ilə qərblə tanışdırlar. Həmin gənclərin hamısı Musəviyə səs verəcəklər. Amma İranın nüvə proqramının başçısı isə Əhmədinejaddır».
Politoloqun fikrincə, bu amil seçkidə paritetin alınmasına də səbəb ola bilər: «Əgər paritiet alınsa, onda seçimi İranın dini lideri Seyid Əli Xamneyi edəcək. Yox, əgər Musəvi çox böyük üstünlüklə qalib gəlsə, sözsüz ki, Xamneyi İran xalqının ürəyini sındırmayacaq və Musəvi prezident olacaq»,- deyə politoloq vurğulayıb. /ANS PRESS/