Azərbaycan Prezidenti İlham Əliyev bu gwn Rusiyaya işgüzar səfərə gedəcək. İki gün davam edəcək səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə baş tutacaq. ANS PRESS, «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, prezidentlər arasında görüşdə iqtisadiyyat, energetika, xüsusilə, Azərbaycan təbii qazının satış bazarının genişləndirilməsi məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Xəzər dənizinin statusu ətrafında müzakirələr aparılacaq. Kremldəki mənbə bildirib ki, ölkələr üçün prioritet istiqamət dinamik inkişafda olan ticari-iqtisadi əlaqələrdir. Ötən il Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsi 2,4 milyard dollara çatıb və bu göstərici 2007-ci illə müqayisədə 39% çoxdur. Azərbaycanda «Lukoyl», «Kamaz», «QAZ», «Rusiya dəmir yolları» Açıq Səhmdar Cəmiyyəti, «ROSNO» şirkətləri və Kirov zavodu fəaliyyət göstərir. Kremldəki mənbə onu da deyib ki, mərkəzi mövzulardan biri də Dağlıq Qarabağ münaqişəsinin həllidir: «Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflər arasında kompromiss razılaşma variantlarını axtarır».
Səfəri şərh edən «Peterburqskaya politika» fondunun prezidenti Mixail Vinoqradov bildirib ki, Azərbaycan və Rusiya prezidentləri arasında danışıqlar maraqlı şəraitdə keçəcək: «Əvvəla, bu gün biz dünya geopolitikasında enerji daşıyıcılarının rolunun obyektiv azalmasını müşahidə edirik. Əgər bir müddət əvvələ qədər bir çoxları böyük siyasətin neft və qaz axınından asılı olduğunu düşünürdüsə, bu gün neft və qaza tələbat azalıb, nəticədə enerji daşıyıcılarının siyasi-iqtisadi aspektləri aşağı düşüb. Bu isə o deməkdir ki, qərarlar rasional iqtisadi əsaslarla qəbul ediləcək». Ekspertin fikrincə, məsələnin ikinci tərəfi Rusiya tərəfindən Azərbaycan qazının alınması ilə bağlıdır: «Məsələ ondadır ki, bir sıra Rusiya ekspertləri (əsasən müxalifətçilər) Rusiya tərəfindən Azərbaycan qazının alınması və sonradan onun nəqli üçün məsuliyyət daşıması sxemini rəsmi Moskva üçün optimal hesab edirlər. Onların fikrincə, Rusiyanın siyasi məsuliyyəti yox, məhz tranzit funksiyalarını öz üzərinə götürməsi daha məntiqlidir. Ötən yay aparılmış diskussiyanın nə ilə nəticələnəcəyi çox maraqlıdır».
Mahir Məmmədli /ANS PRESS/