İctimai Palata söyüdə söykənib ondan bar gözləyir
04 Avqust 2012 Şənbə 11:42
Azərbaycan müxalifətində heç vaxt prezidentliyə vahid namizəd olmayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun APA-ya müsahibəsi
- Təmsil olunduğunuz Yeni Azərbaycan Partiyasının və müxalifətin 2013-cü ildə keçiriləcək prezident seçkilərinə vahid namizədlə getməsi məsələsi ilə bağlı mətbuatda son vaxtlar xeyli materiallar çap olunub. Bu mövzuda fikirləriniz maraqlı olardı...
- Ümumilikdə, dünya praktikasında normal bir haldır ki, seçkiyə təxminən bir il qalmış bütün təşkilatlar öz hazırlıq işlərini aparırlar. ABŞ və başqa dövlətlərin təcrübəsini buna misal göstərmək olar. YAP geniş seçki təcrübəsinə malikdir. Bununla əlaqədar bizim kifayət qədər işlənmiş proqramlarımız var. Biz bir seçkiləri bitirdikdən sonra onun nəticələrini geniş şəkildə təhlil edir və növbəti seçkilər üçün öz planlarımızı hazırlayırıq. Bu baxımdan, keçən ildən başlayaraq bu ilin yayına qədər YAP-ın rayon və şəhər təşkilatlarında növbəti konfranslar keçirildi. Bəzi rayon təşkilatlarının sədrləri yeniləri ilə əvəz olundu, hər bir təşkilatda Şuranın, İdarə Heyətinin üzvləri təxminən 30 faizədək dəyişdi. Yəni, seçkilərə təxminən bir il qalmış partiyanın yerli strukturları seçki proseduruna tam hazır vəziyyətə gətirildi. Artıq elan olunduğu kimi, YAP öz qurultayını seçkilər ərəfəsində keçirəcək. Həmin qurultayda partiyamız öz namizədini irəli sürəcək. YAP-ın namizədi təbii ki, partiyamızın sədri, prezident İlham Əliyevdir. Bu, həm cəmiyyətin, həm bütün Azərbaycan vətəndaşlarının, həm də YAP-ın 600 minədək üzvünün tələbidir. Bu gün Azərbaycanda görülən işlər, yüksək inkişaf, aparılan islahatlar tamamilə haqq verir ki, İlham Əliyevin prezidentliyə namizədliyi yenidən irəli sürülsün.
Mən mətbuatdan bəzi yazıları oxudum. Hüquqdan, dünya praktikasından xəbəri olmayan, beynəlxalq hüququ bilməyən insanlar bəzi açıqlamalarla çıxış ediblər. Biri deyir ki, Konstitusiya Məhkəməsi müəyyən izahatlar verməlidir, başqası başqa söz danışır... Halbuki Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı keçirilən referendumda eyni şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsinə qoyulmuş məhdudiyyət götürülüb. Ümumiyyətlə, həmin məhdudiyyətin olması antidemokratik bir məqam idi. Çünki bu, seçkilərlə bağlı olan məsələdir. İstəyirsən və bacarırsansa bir dəfə, istəyirsən və bacarırsansa beş dəfə seçil. Bu, əhalinin etimadından asılı olan bir şeydir. Əgər kim yaxşı işləyirsə, əhali onu yenidən seçəcək. Əgər kimsə işləmirsə, heç bir müddət üçün də hakimiyyətdə qalması mümkün deyil. Azərbaycan təcrübəsində belə hallar olub ki, prezident seçiləndən heç bir il keçməmiş, referendum yolu ilə, yaxud digər yollarla hakimiyyətdən göndəriliblər. Yəni bu, seçici etimadının göstəricisidir. Təyinatlı olmadığından, bu sistemdə məhdudiyyət ola bilməz. Əgər hansısa ölkənin qanunvericiliyi ayrıdırsa, bu, tamam başqa mövzudur. Çünki hər ölkənin tələbi başqadır, hər ölkənin öz xüsusiyyətləri var.
Qaldı ki, İctimai Palataya, bu qurumda təmsil olunan partiya liderləri İlham Əliyevin namizədliyi məsələsi ortaya çıxanda qorxuya düşürlər. Çünki İlham Əliyevin Azərbaycanda və beynəlxalq aləmdəki nüfuzu, gördüyü işlər ölkə seçicisinin yekdilliklə onu dəstəkləməsini, ona yekdilliklə səs verməsini şərtləndirir. Bu da, dediyim kimi, İctimai Palatadakı adamları qorxuya salır. Bu səbəbdən, onlar ictimai fikri çaşdırmağa yönəlik açıqlamalar verirlər. Həm də, axı İctimai Palata heç vahid namizədini müəyyənləşdirə bilmir. İctimai Palatanın üzdə olan nümayəndələri vahid namizəd məsələsində orada təmsil olunan partiya liderlərindən daha çox müxtəlif ayrı-ayrı adamların, ziyalıların adını hallandırırlar. Bu da ondan irəli gəlir ki, bu partiya liderləri uzun illər müxtəlif seçki proseslərində iştirak edib, həmişə də məğlub olublar. Seçicilərin çox cüzi hissəsi onlara səs verib. Bəzi hallarda Müsavat Partiyasının nümayəndələri deyirlər ki, biz YAP-dan sonra ikinciyik. Amma necə ikincidir? Tutaq ki, seçkidə YAP 85 faiz səs toplayıbsa, Müsavat 3 faiz səs yığıb. Sonra gələn partiyalar 2 faiz, 1,5 faiz səs qazanıb. Siz aradakı fərqə baxın. Onlar prezident, parlament, bələdiyyə seçkilərində uduzublar. Ona görə də cəmiyyətdə bu insanlara etimad yoxdur. Bu səbəbdən də onlar yeni namizəd axtarışındadırlar. Amma bu da səhvdir. Çünki onlar namizəd axtarışına qədər öz partiyalarında müəyyən islahatlar aparmalı idilər. Yeni insanlar gəlməli, yeni fikir olmalı idi. Bu gün cəmiyyəti irəliyə aparan, müasir cəmiyyətlə ayaqlaşa biləcək insanları, təmsilçiləri olmalı idi. 90-cı ilin ab-havasından, təfəkküründən irəli getməyən insanların artıq XXI əsrdə hansısa namizəd irəli sürməsinə lüzum da qalmır. Onlar yaxşı olar ki, növbəti bələdiyyə seçkilərində güclərini sınasınlar. Çünki parlament seçkilərində bir dairədən belə səs toplaya bilməyənlər prezident seçkilərində hansı uğur qazana bilərlər?
- Əli Kərimli və İsa Qəmbərin vahid namizəd məsələsində bir-birinə güzəştə getmə ehtimalı nə qədərdir?
- Azərbaycan müxalifətində heç vaxt prezidentliyə vahid namizəd olmayıb. Hətta 1998-ci ildə indi özlərinə lider hesab etdikləri Əbülfəz Elçibəyin vahid namizəd olmasına razılıq vermədilər. Elçibəy bu barədə təklif verəndə İsa Qəmbər ona kəskin şəkildə etiraz bildirdi ki, hər kəs öz namizədliyini irəli sürsün. Ona görə də İctimai Palatanın seçkilərə vahid namizəd irəli sürəcəyi inandırıcı görünmür. Bizim dostumuz var, həm də şairdir. O, hər dəfə parlament seçkilərində namizədliyini irəli sürür. Hər dəfə də uduzur. Amma şair təbiətli adamdır, İsa Qəmbər kimi fikirləşir ki, namizədliyimi irəli sürüm, bəlkə seçilə bilərəm. Onun parlament seçkilərinə aid yaxşı bir şeiri var:
Bu qatar da belə getdi,
Mən atılıb minəmmədim.
Söykənmişəm mən söyüdə,
Hələ də bar gözləyirəm.
Qatarlanıb illər gedir,
Mənsə qatar gözləyirəm.
Şeirdə deyilən kimi, bunların qatarları çoxdan gedib, amma yenə də söyüdə söykənib söyüddən bar gözləyirlər. Qatarlanıb gedən illərdən də qatar gözləyirlər. Halbuki onlar bunu qəbul edib, başqa işlərlə məşğul olsalar daha, məqsədəmüvafiq olar, nəinki seçkilərdə iştirak etsələr.
- Yaxın aylarda İctimai Palata ilə Ziyalılar Forumunun birgə tədbirinin keçirilməsi gözlənilir...
- Bunlar hamısı bekarçılıq əlamətidir. Heç bir fəaliyyət olmayandan sonra qoy yığışıb danışmasınlar. Bunlar siyasəti özləri üçün iş yeri, gəlir məqsədi seçiblər. Siz “Ziyalılar Forumu” dediniz. Azərbaycanda bu qədər ziyalı var, bəs onda onlar kimdir? İndi beş-üç adamın elmi dərəcəsi varsa, bu, onların ziyalı olması demək deyil. Elmi dərəcə ziyalılığın göstəricisi deyil. Biri kino çəkəndir, biri nədir… Amma hesab etmək olmaz ki, onlar ziyalıdır. Adam var ki, akademikdir, amma ona ziyalı demək cinayətdir. Amma adam var çobandır, belələrindən daha çox ziyalıdır. Onlar birləşsələr də, ayrılsalar da, heç nə dəyişməyəcək. Yığışırlar, hansısa çayxanada oturub söhbət edirlər. Özü də bunların fəaliyyəti mövsümi xarakter daşıyır, hava soyudu, çəkilirlər, hava isindi, qayıdırlar.
- Rüstəm İbrahimbəyov sonuncu müsahibəsində deyib ki, “İlham Əliyev prezident seçiləndə məndən çox sevinən yox idi”. Bu sözlər fonunda onun hakimiyyətə yönəlik tənqidi fikirlərini nə ilə izah etmək olar?
- Rüstəm İbrahimbəyov müsahibəsində Heydər Əliyevin ona dəstək verməsindən danışıb, prezidentimizlə bağlı dediyiniz fikirləri söyləyib. Bilirsiniz, insanın əgər hər hansı bir etirazı, narazılığı varsa, bu narazılığı ifadə etməsinin üsul və vasitələri var. Özü qeyd edir ki, prezidentlə daim ünsiyyətdə olub. Yəni, sözün çatdırılma yolu var. Ola bilsin hansısa məmurdan narazıdırsa, yaxud məmur onun maraqlarının ziddinə gedibsə, bunun da aydınlaşdırılmasının yolları var. Azərbaycanda indiyədək Rüstəm İbrahimbəyova fəaliyyət göstərmək üçün kifayət qədər şərait yaradılıb. Onun fəaliyyətinə heç vaxt maneçilik törədilməyib. Amma məsələn, Azərbaycanın tale yüklü hadisələrində – Dağlıq Qarabağ məsələsi, 20 yanvar faciəsi və s. – adını ziyalı qoyan bu cür insanlar hansı məqaləni çap ediblər? Moskvada yaşaya-yaşaya Balayana, yaxud digər ermənilərə qarşı mübarizə aparıblar? Əksinə, onların fikri belə olub ki, ermənilər Bakıdan niyə gedib? “Monomillət,” “monomillət” deyir. Söhbət monomillətdən getmir, söhbət azərbaycanlılara qarşı 1948-ci ildə, ondan əvvəl 1918, 1905-ci illərdə nələr törədildiyindən gedir. Özü Nuru Paşa haqqında fikir söyləyir. Bu fikri söyləyən şəxs ermənilərin Bakıdan çıxmasının tarixini gözəl bilməlidir. Bilməlidir ki, Nuru Paşa qoşunla gələndə həmin adamın dostları olan ermənilər Bakıda 40 min azərbaycanlını qətlə yetirmişdilər. O, nə üçün ermənilərin maraqlarını müdafiə edir? Onun özünün mübahisələri ziddiyyətlidir və heç bilmir nədən danışır. Bu gün artıq yeni qurum – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb və fəaliyyət göstərir. İnanıram ki, bu qurumun fəaliyyəti uğurlu olacaq və Azərbaycan xalqının maraqlarına xidmət edəcək.
- Rüstəm İbrahimbəyovun nə danışdığını bilmədiyini deyirsiniz. Əslində, o, niyə tənqidi fikirlər səsləndirir?
- Onu şəxsi maraqları danışdırır. Burada nə xalq, nə dövlət marağı var. Ümumiyyətlə, Ziyalılar Forumu adlandırılan quruma yığışan adamların hamısı öz şəxsi məqsədlərini güdür. Orada vaxtilə Milli Məclis üzvü olmuş şəxslər var. Həmin adam parlamentdə olanda niyə korrupsiyadan danışmırdı? Milli Məclisin stenoqramlarına baxın, bu adam bir dəfə də korrupsiyadan danışmayıb. Amma deputat seçilməyən kimi yadına düşür ki, korrupsiya var, başqa şeylər var. Stenoqramı qaldırıb göstərin ki, parlamentdə bir dəfə seçicilərin hüquqlarından danışıb. İnternetdə axtarış versən, Rafiq Əliyev Neft Akademiyasındakı vəzifəsindən çıxarılmayana kimi onunla bağlı bir sətir belə yazı çıxacaqmı? Axı bu belə ziyalı, tanınmış xadim idisə, niyə haqqında heç nə yazılmayıb? Amma vəzifədən çıxarılan kimi ziyalı oldu. Azərbaycanın dərdləri, faciələri olanda harada idi? Yəni, onlar əslində budur. İstənilən birinin adını çəksəniz, şəxsi maraqlarının nədən ibarət olduğunu deyə bilərəm.
- Hələ davam edən London Olimpiadasında Azərbaycan idmançılarının uğursuz çıxışlarını nə ilə izah edərdiniz?
- Bu mövzu genişdir. Mən özüm də vaxtilə idmanla məşğul olduğumdan bu sahə mənə yaxındır, yəni sahəni bilirəm. Ümumilikdə, dünyanın heç bir yerində Azərbaycan dövlətində olduğu qədər idmana diqqət və qayğı yoxdur. Olimpiada güclülərin yarışıdır. Burada medal qazanmaq asan deyil. Amma bu hərəkatda medallar qazanmaq, ölkənin şərəfini ucalmaq vacibdir. Hesab edirəm ki, bu Olimpiadada əldə edilən nəticələr Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğıya ekvivalent deyil. Məsələn, qonşu Gürcüstanda idmançılara yaradılan şəraitlə Azərbaycanda yaradılan şərait müqayisə də oluna bilməz. Amma nəticələr hələlik fərqlidir. Hiss olunur ki, idmançılarımızın ümumi fiziki hazırlığı zəifdir. Onların təlim-məşq toplanışlarından yayınması buna gətirib çıxarıb. Sanki bəzi idmançılar qələbəni yox, yarışın bitməsini gözləyir. Bir söz var, elə bil bunları göndəriblər. İnsan uduzanda da şərəflə uduzmalıdır. Federasiyalar ciddi şəkildə işləməlidir, struktur islahatları aparılmalıdır. Olimpiadaya idmançılarla yanaşı onların fərdi məşqçilər də getməli idi. Yığmanın ümumi məşqçisi gedir, amma ora müxtəlif artıq adamların aparılmasındansa, fərdi məşqçilər, psixoloqlar göndərilməlidir. Məsələn, dağıstanlılar gələn kimi bizimkilərdə bir assosiasiya yaranır ki, bu daha güclüdür. Psixoloq idmançını inandırmalıdır ki, heç də belə deyil.
Başqa bir problem uşaq idman məktəbləri ilə bağlıdır. Biz hərdən almanı bazardan almağa çalışırıq, amma biz alma ağacını yetişdirməliyik. Çünki sabah bazarda alma olmaya bilər. Asan yola qaçmaq lazım deyil. Xaricdən idmançı gətirib asan yolla medal qazanmaq fikrindən uzaq durmaq lazımdır. Əgər lazımdırsa, iki-üç il medal almayaq. Amma sonra alacağıq. Düzdür, elə sahə var ki, bizdə inkişaf etməyib və indi alınmır. Amma o sahə də nə vaxtsa inkişaf edəcək.
Artıq bizim növbəti idmançılarımız Olimpiadada yarışa qatılacaq. Mən onların hər birinə uğurlar arzulayıram. Uduzan idmançılarımız da darıxmasınlar, öz üzərlərində daha çox işləsinlər.
DOSTLARINLA PAYLAŞ: