Eli Kerimli ise her zaman iqtidarın maraqlarına xidmet edib
03 Avqust 2013 Şənbə 11:36
Eli Kerimlinin Moskva ile elaqelerinin olduğuna çox ciddi şübheler var ve bu şübheler her zaman olub.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Publika.Az saytına müsahibə verib. ANS PRESS müsahibəni təqdim edir.

-Qısa bir müddətdən sonra prezident seçkilərinə start veriləcək. BAXCP-nin bu seçkilərdə iştirakı necə olacaq? Milli Demokratik Qüvvələrin vahid namizədinin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə olunubmu?

-Partiyanın qurultayında bəyan etmişdik ki, əgər mili demokratik qüvvələrin vahid namizədlə çıxış etmək imkanı olarsa o zaman biz də bu təşəbbüsə dəstək verəcəyik və çalışacağıq ki, mili demokratik qüvvələr seçkilərə vahid namizədlə qatılsınlar. Təəssüf ki, hələlik digər partiyalardan bizim bu çağırışımıza cavab verən yoxdur, ona görə də çox böyük ehtimalla seçkilər elan olunduqdan sonra partiyanın Ali Məclisi çağırılacaq və biz partiya olaraq seçkilərdə müstəqil iştirak edəcəyik.

-Son günlər ən çox müzakirə olunan mövzulardan biri də Milli Şuranın Tiflisdə keçirilən toplantısı ilə bağlıdır. Bu toplantının nəticələrini necə qiymətləndirirsiniz?

-Milli Şuranın taleyinin belə olacağı mənim üçün öncədən bəlli idi. Biz hər zaman söyləyirdik ki, Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı ola bilməz. Ona görə də Rusiyanın ortaya atdığı Rüstəm İbrahimbəyov layihəsini, sadəcə olaraq Azərbaycana təzyiq üçün hazırlanmış bir plan kimi dəyərləndirirdik. Zaman dəyərləndirmələrimizin doğru olduğunu sübuta yetirdi. Ortalıqda normal düşünməyi bacaran hər kəsin görə biləcəyi bir mənzərə var: Rusiya bu plan vasitəsilə Azərbaycanı özünün bir sıra layihələrinə qoşmaq və Azərbaycanın Rusiyanın maraqlarına uyğun bəzi qərarlar qəbul etməsini istəyir. Özünü demokratik adlandıran qüvvələrin Rusiyadan kömək istəməsi isə Əzrayıldan bala istəməyə bənzəyir … Rusiyanın özündə hansı rejimin mövcud olduğu hər kəsə bəllidir. Beləliklə, «Əzrayıldan bala istəyənlər» özlərini Rusiyanın istifadəsinə verdilər ki, Rusiya da Azərbaycana təzyiq üçün onlardan istifadə edə bilsin. Rusiya da müəyyən qədər bu prosesdən faydalana bildi. Bu faydalanmanın nəticəsi olaraq Moskva neft-qaz layihələrində öz maraqlarını təmin etməyi bacardı. Putinin səfəri ərəfəsində digər istiqamətlərdə də Azərbaycanla müəyyən razılaşmaların əldə oluna biləcəyi gözləniləndir.

-Bəs «barışmaz müxalifət» adlandırılan düşərgə təmsilçilərinin Milli Şura məsələsində seçdikləri strategiyaya və taktikaya münasibətiniz necədir?

-Mən hər zaman söyləmişəm ki, o düşərgənin öncüllərindən olan İsa Qəmbərin adi şəraitdə normal düşünmək qabiliyyəti var. Amma ekstrimal vəziyyətlərdə o heç vaxt düzgün qərarlar qəbul edə, yaxud məsuliyyəti öz üzərinə götürə bilmir. Milli Şura adlanan qurumda baş verənlərlə bağlı İsa Qəmbərin tərəddüdləri onu göstərdi ki, Müsavat başqanının şüuru gedilən yolun yanlış olduğunu deyir, amma xarakteri, ekstrimal vəziyyətlərdə qərar qəbul edə bilməməsi və Əli Kərimlinin şantajlarından qorxması ona doğru seçim etməsinə mane olur. Bu baxımdan, İsa Qəmbərin qərar qəbul edə bilməmək problemi bu dəfə də onun ciddi səhvə yol verməsinə zəmin yaratdı. İsa Qəmbər seçkiyə qatılmaqla ən azı partiyasının və ətrafında olan insanların dağılmasının qarşısını ala bilərdi. Amma bundan sonra seçkiyə qatılsa da artıq əvvəlki effekti verməyəcək. Bu da onu göstərir ki, o düşərgədəki insanlar ciddi şəkildə öz gələcək siyasi fəaliyyətləri haqqında düşünməlidirlər. Düşünməlidirlər ki, lilderləri onları hara qədər apara bilər…

-Bəs Əli Kərimli?

-Əli Kərimli isə hər zaman iqtidarın maraqlarına xidmət edib. Bəzi hallarda iqtidarla əməkdaşlıq etməklə, bəzən isə aşırı radikallıq nümayiş etdirməklə…
Elə indi də o, İsa Qəmbərin vahid namizəd olmasına mane olmaqla iqtidara öz xidmətini göstərdi. Əli Kərimlinin Moskva ilə əlaqələrinin olduğuna çox ciddi şübhələr var və bu şübhələr hər zaman olub. Hətta tələbəlik illərində də ona bu məsələ ilə bağlı şübhəylə yanaşırdılar. 20 Yanvar qırğını ərəfəsində Əli Kərimli Rəhim Qayızev və digərləri ilə birlikdə müdafiə komitəsinin üzvü idi. O zaman Əli Kərimliyə məxsus müdafiə komitəsinə üzvlük vəsiqəsi «Krasnaya Zvezda» qəzetində dərc olunmuşdu. Kreml və onun Azərbaycandakı canişinləri bu vəsiqəni əsas gətirərək deyirdilər ki, Azərbaycanda orduya müqavimət olub. Maraqlısı budur ki, həmin dövrdə çox adam həbs olunsa da Əli Kərimli həbs olunmadı. Halbuki onun müdafiə komitəsinin üzvü olduğunu təsdiqləyən sənəd sovet ordusuna məxsus mətbuat orqanında yayımlanmışdı. Biz Əli Kərimlidən soruşanda ki, sənin vəsiqən necə olub ki, «Krasnaya zvezda» qəzetində dərc olunub, o buna gülməli bir izahat verdi… Həmin vaxtdan da bu şübhələr onu tanıyan insanların qəlbində qalmışdı. Sonralar Qənimət Zahidin Moskvaya şübhəli səfərləri bu şübhələri bir az da dərinləşdirdi. Yaranmış vəziyyət və bu günədək sərgilənən davranışlar onu göstərir ki, Milli Şura ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində müvafiq təlimat əsasında fəaliyyət göstərən şəxslərdən biri də Əli Kərimli olub. Nəticədə isə həmin düşərgədə təmsil olunan və demokratiya uğrunda mübarizə apardıqlarına səmimi şəkildə inanan insanlar növbəti dəfə böyük bir zərbə aldılar. Onlar nəzərə almadılar ki, 75 yaşlı Rüstəm İbrahimbəyov komfortlu həyata alışmış bir insandı. Bu insan bir tərəfdən deyir ki, 1993-cü ildən etibarən Azərbaycanda heç bir demokratik seçki keçirilməyib. Yəni iddia edir ki, bu zaman ərzində xalqın iradəsi ilə hakimiyyət formalaşdırılmayıb. Konstitusiyanın 6-cı maddəsinə görə hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Digər tərəfdən də bu hakimiyyətlə 2007-ci ilə kimi çox gözəl münasibətlərinim olduğunu bildirir. Deyir ki, 2007-ci ildə mən İlham Əliyevlə görüşdüm. Neft pulları bütün istiqamətlərdə xərclənsə də kino sahəsinə vəsait ayrılmırdı. Prezident kino sahəsinin inkişafı ilə bağlı bir proqramm təsdiq elədi. Amma sonra bu proqramın həyata keçirilməsi üçün vəsait ayrılmadı… Rüstəm İbrahimbəyov öz narazılığını bununla əsaslandırır ki, niyə ona neft pullarından pay ayrılmayıb.

Amma mən hər zaman söyləmişəm ki, əsas səbəb bu deyil. Əsas səbəb Rusiyanın Azərbaycanın yürütdüyü müstəqil xarici siyasətdən, Kremlin maraqlarını tam nəzərə almamasından qaynaqlanan narazılığı idi. Rüstəm İbrahimbəyov öz narazılıqlarını, hakimiyyətlə olan münasibətlərini hər yerdə açıq şəkildə dilə gətirir, amma bir-birilə ziddiyyət təşkil edən açıqlamalarına görə daşıdığı siyasi məsuliyyəti dərk etmir. Bəlkə də siyasətçi olmaldığı üçün yol verdiyi kobud siyasi səhvlərin fərqində deyil. Amma «barışmaz müxalifət» adlandırılan düşərgədəki insanlar illərdir ki, siyasətlə məşğul olurlar. Bu baxımdan, Rüstəm İbrahimbəyovdan izahat tələb etməliydilər. Soruşmalıydılar ki, sən hansı mənəvi keyfiyyətlərin daşıyıcısı olmusan ki, hakimiyyəti mənmsəməkdə ittiham etdiyin bir qüvvə ilə gözəl münasibətlərdə olmusan. Rüstəm İbrahimbəyov elə indi də deyir ki, onun Heydər Əliyevə qarşı olan müsbət münasibəti dəyişməyib.
Bu fakt göstərir ki, bəzən yüksək mənəvi, əxlaqi dəyərlərdən danışan insanlar bu cür açıqlamaları ilə özlərini ifşa edir, bu dəyərlərə nə qədər sadiq olub olmadıqlarını ortaya qoyurlar.

-Bildiyiniz kimi, yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfər gələcək. Bu səfərdən gözləntiləriniz nədir?

-Azərbaycanda çox insanların bu mövzuda danışmağa cəsarət etmədiyi vaxtlarda belə söyləmişdim ki, Azərbaycan Rusiya ilə münasibətlərinin kifayət qədər yüksək səviyyədə qurulmasında maraqlı olmalıdır. Ona görə ki, torpaqlarımızın işğal olunmasında və işğal altında qalmasında birbaşa Rusiyanın iştirakı və rolu var. Bu baxımdan çalışmalıyıq ki, torpaqlarımızı azad etmək üçün ən azından Rusiyanın neytrallığına nail ola bilək.
Bunun üçün də həm iqtisadi, həm də siyasi baxımdan Rusiya ilə daha yaxın olmalıyıq. Amma bu yaxınlıq elə-belə baş verə bilməz. Azərbaycan xalqı da bunu qəbul eləməz. Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün yaxın qonşumuz, regionun lider dövləti, eləcə də bizimlə 200 illik ortaq bir tarixi, birgəyaşayışı paylaşan xalqların vətəni kimi Azərbaycan xalqının maraqlarını nəzərə almalı və bununla bağlı öhdəlik götürməlidir. Necə ki, Rusiya açıq mətnlə Azərbaycanın Gömrük İttifaqına daxil olmasını tələb edir, Azərbaycan da eyni qaydada bildirməlidir ki, Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistanla danışıqlar aparılmasına baxmayaraq, bu münaqişədə əsas tərəf Rusiyadır. Ermənistanda hər hansı bir siyasətçi işğala son qoymaq istəsə də onu Ermənistan parlamentinin sabiq spikeri Dəmirçiyanın, yaxud keçmiş baş nazir Vazgen Sarkisyanın taleyi gözləyi. Ona görə də biz Rusiya ilə çox açıq danışmalıyıq. Putinin Azərbaycana səfərindən istifadə etməliyik. Əgər Qarabağ məsələsində Rusiya güzəştə gedərsə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində real addımlar atarsa, daha əvvəllər də söylədiyim kimi Azərbaycanın Gömrük İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasında ölkəmizin suverenliyi üçün təhlükə görmürəm. Qarabağ naminə biz bu addımları ata bilərik. Amma Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə həllinə təminat almadan Rusiyanın ölkəmizi hansısa güzəştlərə sövq etməsi birmənalı olaraq kapitulyasiya anlamına gələcək. Putin çalışacaq ki, indiki şəraitdən istifadə etməklə Qarabağ məsələsində heç bir güzəştə getmədən Azərbaycanı Gömrük İttifaqına qoşulmağa razı salsın. Onsuz da Azərbaycan Rusiyanın iqtisadi maraqlarını nəzərə alan bir neçə ciddi qərar qəbul edib. Məsələn, TAP layihəsini seçməklə Rusiyanın «Cənub axını» layihəsinə «yaşıl işıq» yandırıb və imkan verib ki, Rusiya Şərqi Avropa ölkələrini qaz təchizatı məsələsində özündən tam asılı vəziyyətdə saxlasın. Azərbaycan artıq bu addımı atıb. Digər addımın isə «Rosneft»in prezidentinin Azərbaycana səfəri zamanı atıldığı ehtimal olunur.

Kluarlarda gəzən söhbətlərdən bəlli olur ki, artıq «Rosneft»in Azərbaycanın qaz yataqlarının istisamarında pay alması ilə bağlı razılıq əldə olunub. Amma bundan artığına getmək, hesab edirəm ki, yolverilməzdir. Azərbaycan qətiyyən geri çəkilməməlidir. Artıq Azərbaycan xalqı da başa düşüb ki, Rüstəm İbrahimbəyov Rusiyanın layihəsidir və həm də o, elə bir əhəmiyyətli fiqur deyil ki, Moskva ondan Azərbaycana qarşı ciddi təzyiq vasitəsi kimi istifadə edə bilsin. Ola bilər ki, Putinin Azərbaycana səfəri zamanı Rusiya istədiyinə nail ola bilməsin və dərhal, yəni mövcud prosedur qaydalarına əməl edilmədən Rüstəm İbrahimbəyovun vətəndaşlığı ləğv edilsin və o Azərbaycana göndərilsin. Ona ciddi maliyyə vəsaiti ayırsınlar. Amma bu günə kimi, sadalananların heç birini etməyiblər. Daha öncə də qeyd etdiyim kimi, əgər ortalıqda ciddi vəsait yoxdursa, deməli ciddi niyyət də yoxdur. Sadəcə bu bir təzyiq vasitəsidir.

Sizə açıq söyləyim ki, əgər Azərbaycan höküməti Putinin səfəri zamanı Dağlıq Qarabağ məsələsində güzəştlərə nail olmadan Gömrük İttifaqına, Kollektiv Təhlükəsizlik Müqafiləsi Təşkilatına, Avrasiya İttifaqına daxil olmağa razılıq verərsə, bu kapitulyasiya aktına görə məsuliyyətin yarısı da İsa Qəmbər, Əli Kərimli başda olmaqda Rusiyanın layihəsində yer almış bütün şəxslərin üzərinə düşəcək. Və özünü «milli qüvvə» adlandıran insanların tərmümeyi-halında bu fakt silinməz bir ləkə kimi qalacaq.

Mən Azərbaycan hökumətini Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ciddi təminat olmadan heç bir siyasi məsələdə Rusiyaya güzəştə getməməyə çağırıram. Belə bir təminat olmadan nə Gömrük İttifaqına, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, nə də Avrasiya İttifaqına üzv olmaq olmaz. Əminəm ki, əgər bu məsələ iqtidar tərəfindən tam çılpaqlığı ilə ortaya qoyularsa, o zaman Mili Şurada təmsil olunan və ölkədə qanunun aliliyinin tam təmin olunması uğrunda mübarizə apardıqlarına səmimi şəkildə inanan qüvvələrin böyük hissəsi Azərbaycanın maraqları naminə bu məsələdə iqtidarla bir yerdə olacaq və Milli Şura dağılacaq. Mən bunu tam əminliklə söyləyə bilərəm. O düşərgədəki Milli Şuranın üzvü olan və olmayan keçmiş həmkarlarımla təmaslarım imkan verir ki, bu fikirləri əminliklə söyləyə bilim.

Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir və kifayət qədər güclü dövlətdir. Ölkənin ciddi valyuğa ehtiyatları, oturuşmuş dövlət strukturları var. Əlbətdə çatışmazlıqlar və narazılıqlar kifayət qədər çoxdur. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, bu məsələdə narazılıqlar bir kənara qoyulacaq, Azərbaycanın dövlət müstəqilliyini qiymətləndirən, Qarabağı düşünən insanlar bu məsələdə indiki iqtidara birmənalı şəkildə dəstək verəcəklər.

Milli Şurada olan digər qüvvələrə də növbəti dəfə üzümü tutub deyirəm ki, nə qədər ki, düşünüb cəsarətli qərarlar qəbul edə bilməmisiniz belə xəyal qırıqlığına çox uğrayacaqsınız. Sizdən yalnız ölkənin maraqlarının əleyhinə kimlərsə istifadə edəcək. Ona görə də bir daha yaxşı-yaxşı düşünüb ciddi qərarlar qəbul edin. Elə məsələlər var ki, sizin, yaxud mənim tələsməyimlə bağlı deyil. Gərək xalqın böyük əksəriyyəti ölkədə ciddi demokratik dəyişikliklərə, indikindən daha sivill, daha ali dəyərlərə sahib olan bir sistemin formalaşmasına hazır olsun. Ona görə ki, bu sistemi formalaşdıracaq və qanunun aliliyini təmin edəcək insanlar da bu xalqın nümayəndələridir. Hər zaman bəyan etmişəm ki, kənardan müdaxilə ilə heç bir müsbət dəyişikliyə nail olmaq mümkün deyil.

Çalışmalıyıq ki, ölkəni təkamül yolu ilə, islahatlarla inkişaf etdirək. Ölkə inkişaf edəndə onun iqtidarının da, müxalifətinin də düşüncəsində müsbət dəyişikliklər baş verir. Biz seçkilərə təkcə siyasi hakimiyyətin dəyişdirilməsi üsulu kimi yox, həm də vətəndaşlarımızın ciddi demokratik dəyişikliklərə hazırlanmasına, maarifləndirilməsinə imkan verən bir vasitə kimi baxmalıyıq.
Bu baxımdan hesab edirəm ki, ölkədəki siyasi partiyalar bir araya gəlməyi bacarmırlarsa bu, siyasi mədəniyyətin yüksək olmamasından irəli gəlir. Amma bütün partiyalar ölkənin gələcəyi, siyasi sistemin inkişafı naminə seçkilərə qatılmalıdırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar