Əli Hüseynov: “Sadəcə, Konstitusiyadakı cümlə qanunlara köçürülür”
11 Fevral 2010 Cümə Axşamı 15:35
Əli Hüseynov: “Azərbaycan Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı məsələ parlament seçkiləri öncəsi gündəlikdə yoxdur”
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun APA-ya müsahibəsi

- Milli Məclis bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər etməyə hazırlaşır. Mümkünsə bu haqda məlumat verərdiniz...

- Ötən il Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referenduma çıxarılan məsələlərdən biri də 32-ci maddəyə aid idi. Mən 32-ci maddənin ikinci hissəsinə edilən əlavələri bir daha xatırlatmaq istəyirəm. “Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır”. Həmin maddənin üçüncü hissəsinə edilən əlavəni də diqqətinizə çatdırıram. “Qanunla müəyyən edilən hallar istisna olunmaqla, heç kəs onun xəbəri olmadan və etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”. Təbii ki, bu Konstitusiyada var və xalq buna səs verib. Qanunvericiliyin borcu Konstitusiyanın ruhundan irəli gələn müddəaları müvafiq qanunlarda da əks etdirməkdir.

- Konkret hansı qanunlardan söhbət gedir?

- “Məlumat azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqında”, “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya əldə etmək haqında” qanunlara Konstitusiyanın ruhundan irəli gələn əlavə və dəyişikliklər edilir. Faktiki olaraq, eyni cümlə adını çəkdiyimiz qanunlara köçürülür.

- Hansı cümlə?

- Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olunmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmadan izlənilməsi, video, foto çəkilişinə, səs yazılmasına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması, qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yəni Konstitusiyada göstərildiyi kimi... Qanunla müəyyən edilən hallar istisna olmaqla - bizim etdiyimiz əlavələrdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi halı nəzərdə tutulur - bu əlavə adını çəkdiyimiz qanunlara köçürülür. Burada məqsəd hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququnu təmin etməkdir.

- Qanunla edilən bu əlavə jurnalistlərin sərbəst fəaliyyətinə maneələr yaratmayacaq ki?

- Bu əlavədə məqsəd informasiya əldə etməyə, məlumat azadlığına məhdudiyyət yaratmaq yox, əksinə çərçivəni müəyyənləşdirməkdir. Hər zaman çərçivə dəqiq müəyyənləşdiriləndə azadlığa heç bir məhdudiyyət qoyulmur. Gərək məhdudiyyətin çərçivəsi qanunda dəqiq göstərilsin ki, süni olaraq azadlığa məhdudiyyət qoyulmasın. Yəni nəyisə etmək olmaz, digər bütün hallarda isə azadlıq mövcuddur. Hər kəsin şəxsi həyatının qorunması bütün dünyada mövcuddur.

- Dəyişiklikdə “əməliyyat-axtarış tədbirləri istisna olunmaqla ifadəsi işlənir”. Axı jurnalist hüquq-mühafizə orqanı deyil ki, əməliyyat-axtarış tədbiri keçirsin. O gördüyünü yazmaq istəyir. Məsələn, sabah mən Milli Məclisdə maraqlı bir səhnənin şahidi olsam, bunu çəkmək, material hazırlamaq üçün icazə gözləməliyəm?

- Xeyr, əlbəttə. Burada iki məqama aydınlıq gətirməliyik. Əməliyyat-axtarış tədbirləri keçirilən zaman hər hansı video, foto çəkilişlər, səs yazılması ola bilər. Sizin dediyiniz məsələ isə bir qədər fərqlidir. O vaxt biz Konstitusiyaya əlavə və dəyişikliyi təqdim edərkən bunu fərqli yozmağa çalışanlar oldu. Unutmayaq ki, biz Avropa İnsan Haqları Konvensiyasına qoşulmuşuq. Konstitusiyamız da bu konvensiyaya uyğunlaşdırılıb. Əlbəttə ki, ictimai şəxslər üçün bu dəyişiklik doqma kimi qəbul olunmamalıdır. Yəni bu məhdudiyyət heç bir ictimai əhəmiyyət kəsb etməyən vətəndaşların şəxsi və ailə həyatının tam qorunması məqsədi daşıyır. Ola bilər ki, hər hansı ictimai şəxs xəbərdar edilmədən və onun etirazlarına baxılmadan çəkilir. Baxmayaraq ki, o ictimai şəxsdir və mətbuat üçün açıqdır, lakin hesab edir ki, yayılan məlumatda onun ailə və şəxsi həyatına müdaxiləyə yol verilib. Bu zaman həmin şəxs məhkəməyə müraciət edə bilər. Belə olanda artıq hər hansı təhdidin olub-olmamasını müəyyən edən dəqiq göstərilmiş president hüququ mövcuddur. Əgər hər hansı hadisə dövlət orqanında və ya onun qarşısında baş verirsə, təbii ki, bu artıq ictimai xarakter kəsb edir və belə bir informasiyanın hazırlanması üçün icazə almaq lazım deyil. Yenə də deyirəm ki, söhbət şəxsi və ailə həyatına müdaxilədən müdafiə hüququndan gedir. Başqa sözlə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında əksini tapdığı kimi, özəl həyatın müdafiəsi ilə məlumat azadlığı arasında balansın müəyyən edilməsində həlledici amil məlumatın nə dərəcədə ictimaiyyət üçün maraqlı olmasıdır. Yəni dərc olunmuş foto şəkil və ya nümayiş olunan video çəkiliş ümumi maraq kəsb edən müzakirəyə töhfə verirsə, bu, özəl həyata müdaxilə kimi qiymətləndirilə bilməz. Beləliklə, bu əlavələr nəinki məlumat azadlığı ilə ziddiyyət təşkil edir, əskinə bunu tamamlayır.

- Bildiyimizə görə, “Qeyri-hökumət təşkilatları haqqında” qanuna da əlavə və dəyişiklik müzakirəyə çıxarılan sənədlər arasındadır. Bu qanuna ediləcək əlavə və dəyişikliyin mahiyyəti nədən ibarətdir?

- Bu dəyişiklik 30 iyun 2009-cu ildə “Qeyri-hökumət təşkilatları haqqında” qanuna edilmiş və qüvvədə olan əlavə və dəyişikliklərin digər qanunlara köçürülməsidir. Bu müddəalar qanunvericilikdə də var və mahiyyəti baxımından heç bir yenilik yoxdur.
Bu dəyişiklik də ötən il sənədə edilən əlavə və dəyişikliyin Mülki Məcəlləyə, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqında” qanunlara köçürülməsidir. Bu müddəaları bir daha xatırlatmaq istəyirəm. QHT-lərin nizamnamələrində dövlət və yerli özünü idarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət səlahiyyətinə aid yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. Belə hallar təəssüf ki, var. Bəzən QHT-lər öz nizamnamələrini yazarkən belə məsələlərə də yer verirlər. Hətta bir neçə QHT bu hərəkətinə görə məsuliyyətə də cəlb olunub. Yəni bu qanunda da təzə heç nə yoxdur.

- Tez-tez Seçki Məcəlləsinə əlavə və dəyişikliyin edilməsi ilə bağlı təklilər gündəmə gəlir. Bu təkliflər daha çox seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı olur. Parlament seçkiləri öncəsi bu məsələ nə dərəcədə realdır.

- Sualı mən qoymuş olsaydım, deyərdim ki, Seçki Məcəlləsini yenidən süni səkildə gündəmə gətirmək istəyirlər. Belə şeylər daimi olaraq seçkiqabağı baş verir. Əslində prosesin anormallığı ondan ibarətdir ki, hər zaman seçki qabağı bu məcəlləyə dəyişiklik yada düşür. Avropa Şurasında belə bir ənənə var. Ölkə seçki ərəfəsində olanda hər hansı qərarlar qəbul olunmur. Biz ötən dəfə beynəlxalq təşkilatların, yerli siyasi partiyaların təkidləri, tələbləri nəticəsində Seçki Məcəlləsinə əlavə və dəyişikliklər etmişik. Onların məqsədi bu olub ki, Seçki Məcəlləsini dəyişdirmək yolu ilə hakimiyyəti dəyişdirsinlər, bizim məqsədimiz isə bu sənədi daha da təkmilləşdirək olub. Amma ən başlıcası seçki praktikasıdır. İndiyə qədər təcrübə göstərib ki, problem məcəllənin hər hansı müddəası ilə bağlı yox, uduzan tərəfin elektoratının olmaması ilə bağlıdır. Seçki ərəfəsində Seçki Məcəlləsini dəyişdirmək anormal haldır. Bu təcrübəyə yox demək lazımdır. Bunu namizədlər, siyasi partiyalar hiss etmirlər. Təsəvvür edin ki, seçki ərəfəsində qanunvericilik dəyişdirilir və belə bir zamanda dəyişikliklərin tətbiqini gözünüzün qarşısına gətirin... Ona görə də buna son qoymaq lazımıdır. Ən əsası buna ehtiyac yoxdur. Hazırkı Seçki Məcəlləsi olduqca təkmil və normal bir sənəddir. Əgər biz hər hansı məsələyə baxmaq istəyiriksə, bu seçki ərəfəsində olunmamalıdır. Bu gün parlament seçkiləri öncəsi Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı məsələ gündəlikdə yoxdur. Seçki Komissiyalarının tərkibi ilə bağlı məsələ isə artıq bağlanmış söhbətdir. Bu müzakirəsi heç zaman açılmayan məsələdir. Bunu yerli siyasi partiyalar da, ictimaiyyət də, beynəlxalq təşkilatlar da bilməli və artıq müzakirəyə vaxt ayrılmamalıdırlar.

- Bəs seçki komissiyalarındakı vakant yerlər necə?

- Bunun üçün siyasi partiyalar razılaşmalıdırlar. Növbəti seçkiyə qədər Mərkəzi Seçki Komissiyasının formalaşması üçün addımlar atılmalıdır.

- Bu gün proporsional seçki sisteminin bərpası ilə bağlı təkliflər də səslənməkdədir. Bu məsələ nə dərəcədə realdır?

- Biz uzun sürən müzakirələr nəticəsinə proporsional seçki sistemindən imtina etmişik. Azərbaycan xalqı majoritar seçki sistemini seçib. Əslində siyasi partiya üçün proporsional seçki sistemi daha əlverişlidir. Yeni Azərbaycan Partiyası üçün də bu daha əlverişli sistem sayılmalıdır. Partiya onsuz da seçkilərdə öz nüfuzundan istifadə edib, böyük səs toplayırdı. Nəticədə partiyanın çoxlu sayda nümayəndələri seçkidə qalib gəlirdi. Biz bu prosesdən ikiqat bəhrələnə bilirdik. Majoritar seçki sistemində isə namizədin vətəndaşlarla birbaşa ünsiyyəti yaranır, deputat daha çox işləməyə borclu olur. Xalqa daha çox lazım olan bu sistemdir. Bəzən proporsional seçki sisteminin bərpasının siyasi partiyaların inkişafına kömək edəcəyini söyləyirlər. Ancaq əksinə, majoritar seçki sistemindən də partiyalar daha effektli yararlana bilər. Azərbaycanda qanunvericilik subyektində proporsional seçki sistemi məsələsi müzakirə olunmur. Ən azından yaxın on illiklər üçün bu müzakirəni də qapatmaq lazımdır.

- Yeri gəlmişkən, “Siyasi partiyalar haqqında” qanunun dəyişdiriləcəyi və siyasi partiyaların maliyyələşməsi məsələsinin sənəddə əks olunacağı da son illərin ən çox müzakirə olunan mövzularından biridir...

- Bu qanun 1992-ci ildə qəbul olunub. İndi bu qanunun dəyişdirilməsini tələb edənlər vaxtında bu sənədi elə bu şəkildə qəbul ediblər. Şəxsən bu qanun bizi narahat etmir. O partiya ki, qanundan bəhrələnmək, ondan istifadə edib formalaşmaq istəyir, onun axırı yoxdur. Partiyanın söykəndiyi yeganə mənbə xalqdır. Siyasi partiyanın lideri olmalıdır. Yeni Azərbaycan Partiyası yarananda onun hansı maliyyə imkanları var idi? Heydər Əliyev amili bu partiyanın formalaşmasında böyük rol oynadı. Sanki büdcədən maliyyələşmək istəyən siyasi partiyalar dövlət qulluqçusu olmaq istəyirlər... Şəxsən, mən bu sahədə nə yeni qanuna, nə də mövcud qanunun dəyişdirilməsinə ehtiyac görürəm.

- Yaxın günlərdə Milli Məclisdə Ombudsmanın illik hesabatı dinləniləcək. Kim təqdim edəcək məruzəni?

- Bu sahədə qanunvericilik mövcuddur. Təbii ki, parlamentə Konstitusiyaya müvafiq olaraq namizədlər təqdim olunmalıdır... ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar