Bu gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçiləri və ölkəmizdə səfərdə olan türkiyəli deputatların iştirakı ilə “Türkiyə - Azərbaycan: ortaq maraqlar və problemlər” mövzusunda forum keçirilib. Qeyd edək ki, Türkiyə nümayəndə heyətinə bu ölkənin böyük millət məclisində təmsil olunan müxaliftəyönümlü Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) 6 üzvü və bir sabiq millət vəkili daxildir. Görüşdə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyə-Ermənistan sərhədlərinin açılması perspektivləri ilə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını türkiyəli parlamentarilərin diqqətinə çatdırıb. O, 2007-ci ildən İsveçrə paytaxıtında Ermənistanla Türkiyə arasında aparılan danışıqlarda əldə olunan razılaşma paketində Dağlıq Qarbağ münaqişəsinin çözülməsi ilə bağlı şərtin çıxarılmasının yolverilməz olduğunu deyib. Türkiyəli millət vəkili Şükrü Ələkdağ da çıxışında Qafqazda sabitliyin olmadığını, bunun da əsas səbəbinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan torpaqları işğaldan azad olunmayınca Qafqazda sabitlik də olmayacaq: “Türkiyə bu vəziyyətdə sərhədləri açarsa, onda işğalçını mükafatlandırmış olacaq və Azərbaycanın mübarizəsini zəiflədəcək. Bu gün Türkiyə ictimaiyyətinin 95 faizi sərhədlərin açılmasının əleyhinədir. İnanıram ki ölkə rəhbərliyi də ictimai rəyi nəzərə alacaq”.
Milliyətçi Hərəkat Partiyasından millət vəkili Atilla Kaya da Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması istiqamətində atılan addımların Türkiyə ictimaiyyətində də narahatlıq yaratdığına diqqəti yönəldərək artıq bu məsələdə geri addım atılmasına nail olduqlarını da bildirib. Forumun sonunda iki ölkənin parlamentariləri birgə bəyanat imzalayıblar. Bəyanatı Azərbaycan və Türkiyədən tədbirdə iştirak edən 11 partiya imzalayıb. Bəyanatda qeyd edilir ki, forumda iştirak edən şəxslər Türkiyə ilə Azərbaycan ictimaiyyətini narahat edən məsələ ətrafında səmərəli müzakirələr aparıblar. Sənəddə deyilir ki, Türkiyə və Azərbaycanı bir-birinə bağlayan tarixi, milli, dini, iqtisadi əlaqələr zamanın sınağından çıxıb, davamlı xarakter daşıyır: “Son zamanlar Türkiyə ilə Ermənistan arasında danışıqların intensiv xarakter alması, diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması mövzusunda spekulyasiyaların genişlənməsinin hər iki ölkə cəmiyyətlərində ciddi narahatlıq yaradıb. Bunun əleyhinə olaraq hər iki ölkə cəmiyyətləri birmənalı mövqe nümayiş etdirib. Forum iştirakçıları bundan sonra da Dağlıq Qarabağ, qondarma “erməni soyqırımı”, PKK terroru, Şimali Kipr kimi məsələlərdə ortaq mövqedən çıxış etməyin məqsədəuyğun olduğunu vacib sayırlar”. /ANS PRESS/