Bakıda Avropa Şurasının 60 illiyinə həsr olunmuş konfrans keçirilir
21 Dekabr 2009 Bazar Ertəsi 12:25
Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Avropa Şurasının 60 illiyinə həsr olunmuş konfrans keçirilir.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən şura sədri Azay Quliyev Avropa Şurasını Azərbaycanın ən geniş əməkdaşlıq qurduğu beynəlxalq qurum adlandırıb: “Şuraya üzvlük Azərbaycanın özünü beynəlxalq arenada tanıtmasına, öz haqq səsini çatdırmasına kömək edib. Avropa Şurasına üzvlüklə Azərbaycanda dövlətçiliyinin formalaşmasında yeni bir mərhələnin əsası qoyulub. Biz bu gün Avropa Şurası qarşısındakı öhdəliklərimizin böyük bir hissəsinin yerinə yetirildiyini deyə bilərik. Lakin təəssüflənirik ki, Avropa Şurası hələ də işğalçı ilə işğala məruz qalan arasında fərq qoymur”.
Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, Azərbaycanın indiyədək qazandığı uğurlardan biri də Avropa ailəsinə üzvlükdür. O bildirib ki, Avropa Şurasına üzv olmaqla Azərbaycan çox şey əldə edib: “İndiyədək qanunlarımızın Avropa ölçülərinə uyğunlaşdırılmasında böyük addımlar atılıb, Avropa dəyərləri Azərbaycana gətirilib, məhkəmə-hüquq islahatları aparılıb, KİV-in sərbəst və azad fəaliyyəti təmin edilib, insan hüquqları ilə bağlı tədbirlər görülüb. Ölkədə demokratik seçki mühiti də ildən-ilə artır. Milli azlıqların hüquqlarını tənzimləyən bütün qanunlar Avropa standartlarına uyğunlaşdırılıb”.
B. Muradovanın fikrincə, Azərbaycan AŞ qarşısındakı öhdəliklərinə sadiq bir ölkə olduğunu sübut edə bilib: “Deyə bilərlər ki, öhdəliklərdən bəziləri qalıb. Bəli, Dağlıq Qarabağ problemi həll olunmadan bəzi öhdəlikləri yerinə yetirmək mümkünsüzdür. Kimsə bizi qınaya bilməz. Birgə səylər olarsa, etnik separatizmdən qurtula bilərik. Avropa Şurası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı daha ciddi addımlar ata bilər”.
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov da AŞ ilə əlaqələrin uğurla davam etdiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycanın hələ quruma üzv olmazdan əvvəl ölüm hökmünü ləğv etməsi mühüm addım idi: “Bu gün Azərbaycanın dini sahədəki tolerantlığı bütün Avropaya nümunə ola bilər”.
Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Veronika Kotek isə xatırladıb ki, 60 il əvvəl qurum yaranarkən 10 üzvü var idi, indi isə 47 üzvü var: “Bütün üzv ölkələrlə yaxından əməkdaşlıq edilir. Qanunların qəbul olunması yaxşıdır, amma onların həyata keçirilməsi də lazımdır. Biz üzv ölkələrə daha çox yardımlar etməli, qanunun aliliyini qorumalıyıq”.
Sonra 60 illik yubileyə həsr olunan “Azərbaycan və Avropa Şurası” kitabının təqdimatı keçirilib. Kitabın müəlliflərindən biri Adil Vəliyev nəşr haqqında məlumat verib. Kitabın ingilis dilinə də tərcümə olunması planlaşdırılır. APA
DOSTLARINLA PAYLAŞ: