Ayaz Mütellibov Rusiyanın müdafiesine qalxdı
11 İyun 2013 Çərşənbə Axşamı 10:29
Ayaz Mütellibov: Men bilmirem niye bezi siyasetçiler terefinden Rusiya amili nüfuzdan salan element kimi istifade edilir.
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov “Hər zaman iqtidarlı-müxalifətli, bütün siyasi səhnədə rəqiblər bir-birini Moskvanın adamı olmaqda ittiham edirlər. Moskvanın adamı olmaq doğrudanmı bu qədər qorxuludur” sualını belə cavablandırıb: “Mən bilmirəm niyə bəzi siyasətçilər tərəfindən Rusiya amili nüfuzdan salan element kimi istifadə edilir, ancaq Qarabağ probleminin həllində onun rolu, yüz minlərlə azərbaycanlının orada yaşayıb işləyərək özünü dolandırmasının əhəmiyyəti haqqında deyilmir".
Eks-prezident Ayaz Mütəllibov moderator.az saytına müsahibəsində bir sıra maraqlı məqamlara toxunub:
“Əgər Rusiya Federasiyasının əhəmiyyəti özlüyündə fakt olaraq dünya və regional siyasətin mühüm oyunçularından biri kimi tanınırsa, bəs onda o niyə ”qorxunc" formasında təqdim olunur. Eyni zamanda Rusiya amili ilə cəmiyyətin müəyyən hissəsinin üstünlük verdiyi Qərb qarşı-qarşıya qoyulur. Zənnimcə, xarici siyasət prioritetləri məsələsində “o, ya da bu” düsturunu rəhbər tutmaq olmaz. Mövcud reallığı nəzərə almaq və başqalarının maraqlarına xidmət etmədən öz marağımızdan çıxış etmək lazımdır. Gənc dövlətlərin taleyinə düşən odur ki, onlar dünya birliyində yüksək çəkiyə malik dövlətlərlə hesablaşmalıdır. Kobud müqayisə kimi çıxmasın, amma deyim ki, qüdrətli ölkələrin də aləmində ordudakına bənzər bir şey olan “dedovşina” mövcuddur. Görünür, bu baxımdan bizim siyasətçilər rəqibləri ilə qarşıdurmada Rusiya amilindən istifadə edərək hesab edirlər ki, bununla onlar öz rəqibini nüfuzdan salırlar. Bu yanlışlıq ziyandan başqa bir şey gətirmir. Çünki bu cür mülahizələr mətbuata düşərək dövlətlər arasında münasibətlərə ziyan vurur. Mən bu və ya digər yerli siyasətçilərimizin müxtəlif ölkələrdə problemlərimizin həlli istiqamətində imkanları barədə danışmaq istərdim. Qoy bu, öz ölkəsinin maraqları naminə onlarla işləmək lazım olacaq həmin Rusiya və ya ABŞ, Fransa və ya Almaniya, yaxud digər dünya dövlətləri olsun. Razılaşın ki, bu müstəvidə onun Moskvanın (və ya Vaşinqtonun, Londonun, Berlinin və s.) adamı olması ifadəsindən istifadə təhqiredici mənasını itirir. Bir də mən şəxsən şübhə edirəm ki, bəziləri tərəfindən qeyd edilən “qorxunc”dan istifadə edilməsi Azərbaycan əhalisinin geniş təbəqəsində kütləvi şəkildə öz anlamını tapır. Zaman göstərdi ki, hansısa “əmi”nin bizə kömək etməsinə arxalanmaq gümanı artıq tükənib. Məsələnin beynəlmiləlləşməsi isə bu ideyanın tərəfdarlarının hesab etdiyi kimi, Qarabağ münaqişəsinin nizamlanmasına kömək etmədi”.
Eks-prezident ölkədə milli barışıq əldə olunmasının nə dərəcədə mümkünlüyü ilə bağlı sualı da cavablandırıb: “Məntiq tələb edir ki, iqtidar da, müxalifət də heç olmasa xarici qüvvələrə ölkənin daxili işlərinə qarışmaq imkanı verməmək üçün bundan çıxış edərək, bir-biri ilə münasibətlərində düzəlişlər etsinlər. Ola bilsin mənə etiraz edə və əsas gətirə bilərlər ki, qarşı duran tərəflər öz imkanları və reytinqinə görə cəmiyyətdə müqayisə edilməzdirlər. Bununla razılaşmamaq çətindir. Lakin bütün bunlara baxmayaraq, müxalifət mövcuddur və bu amillə onunla dialoqa girərkən, ilk növbədə Qərb demokratik institutları hesablaşır. Necə olmasından, cəmiyyətin ona hansı münasibət göstərməsindən asılı olmayaraq, müxalifət mövcuddur və o, Azərbaycan vətəndaşlarından ibarət olduğu üçün onunla ünsiyyətdə olmaq lazımdır. Mən başa düşürəm ki, əks baxışları olan insanlarla ünsiyyət yaratmaq həzz vermir, amma bunu etmək lazımdır. Vaxtilə mən qarşısındakı şəxsə düşmən kimi yanaşmanı bütün varlığı ilə özündə əks etdirən belə insanlarla ünsiyyətdə olduqda yaranmış xoşagəlməz hisslər keçirmişəm. Bu mədəniyyət və ünsiyyətdə davranış qaydalarıdır ki, əfsuslar olsun onları öyrətmirlər. Bununla belə, həyatda mümkün olmayan heç nə yoxdur. Bu səbəbdən, ölkəmiz və onun nüfuzu naminə görüşmək və danışmaq lazımdır. Yaddan çıxarmayaq ki, siyasi proseslərin bütün iştirakçıları ölkəmizin tarixini yaradır. Bir şey aydındır ki, dünya dəyişib. Burada yaşamaq və zamanın çağırışlarının öhdəsindən gəlmək üçün insanlar da dəyişməlidirlər. Bu nə qədər tez baş verərsə, ölkədə demokratiyaya sadiqliyini elan etmiş hakimiyyət və müxalifət fiqurantları bir o qədər tez nailiyyət əldə edəcəklər”.
DOSTLARINLA PAYLAŞ: