ATƏT-in hesabatının bir çox məqamları Azərbaycanı qane etmir
01 Aprel 2011 Cümə 11:50
Milli Məclis sədrinin müavini Bahar Muradova belə deyib
"ATƏT-in faktaraşdırıcı missiyasının işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətə dair hazırladığı hesabatın bir çox məqamları Azərbaycanı qane etmir". Milli Məclis sədrinin müavini Bahar Muradova “Azərbaycan” qəzetinə verdiyi müsahibədə belə deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin bəzi gözləntiləri hesabatda öz əksini tapmayıb.

"Sanki monitorinqi aparanlar son nəticədə gücsüz və şikayətçi kimi göründülər. Bəyan etdilər ki, daha çox ərazilərə baş çəkmələri üçün zamanları olmayıb. Halbuki hesabatın tərtib olunmasına bu qədər vaxt ayırmaqdansa onu hazırlamaq üçün işğal edilmiş ərazilərdə daha çox araşdırmalar aparmağa vaxt sərf etmək lazım idi. Bununla da daha geniş ərazidə faktaraşdırıcı missiyanı yerinə yetirmək olardı. Bütün bunlara rəğmən, hesabatda faktlar o şəkildə əksini tapır ki, onlar elə ATƏT-in özünün və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar mövqeyindən çəkindirmək üçün bu işğalçı dövlətə təzyiqlər göstərməyə imkan verir", deyə B. Muradova qeyd edib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, hesabatın bir çox məqamları Azərbaycan tərəfini qane etmir: "Çünki həqiqət burada olduğu kimi əksini tapmayıb, yaxud da tərəflər arasında müəyyən balans yaradılmağa cəhd edilib, onlar arasında bərabərlik işarəsinin qoyulmasına çalışılıb. Bəzi hallarda isə ümumi ifadələrdən istifadə olunub ki, bütün bunların hər biri barədə geniş müzakirələr açmaq, diskussiyalar aparmaq olar. Onu nəzərə almaq lazımdır ki, hesabatın tam mətni hələ bəlli deyil. Açıqlanan onun yalnız xülasəsidir, hesabat tam şəkildə ölkə rəhbərliyinə təqdim olunub. Şəxsən mən onun tam məzmunu ilə tanış deyiləm. Təbii ki, hökumətin özünün hesabata açıq münasibəti olacaq. Artıq ilkin olaraq Xarici İşlər Nazirliyinin hesabat barədə rəyi səslənib və bu rəy, ümumilikdə faktaraşdırıcı missiyanın hesabatda qeyd etdikləri Azərbaycanın işğal edilmiş ərazilərlə bağlı narahatlığının əsaslı olduğunu göstərir. Lakin burada Azərbaycanın haqlı narahatlığını göstərən daha çox fakt yer ala bilərdi. Ümumilikdə isə hesab edirəm ki, Azərbaycanın təkid və tələbi ilə missiyanın fəaliyyəti və onun nəticələri imkan verir ki, işğal edilmiş ərazilərdə vəziyyətin doğrudan da acınacaqlı olduğunu bütün dünyanın, beynəlxalq təşkilatların diqqətinə çatdıraq. Danışıqlar və qərarların qəbulu prosesində, diplomatik görüşlərdə də hesabat istinad etmək üçün mühüm bir sənəddir".

Bahar Muradova hesab edir ki, buna bəzən nəinki ikili, hətta çoxüzlü standart demək mümkündür:

"Müasir dünya reallığına nəzər saldıqda bəzən heç bir standartın gözlənilmədiyinin şahidi də olmaq mümkündür. Beynəlxalq prinsiplərin, beynəlxalq hüquq normalarının, Helsinki Yekun Aktı prinsiplərinin ən kobud formada pozulmasına dair indi nə qədər misala rast gəlmək olar. Hansısa bir müstəqil dövlətin ərazisinə qoşun yeridilir, ölkədaxili proseslərə ciddi şəkildə müdaxilə olunur, yaxud da ayrıca bir ölkədə maraqlara uyğun şəraitin yetişdirilməsi üçün addımlar atılır. Beynəlxalq təşkilatların, məsələn, BMT-nin müvafiq qərar və qətnaməsi qəbul olunmamış hərbi müdaxilə həyata keçirilir. Halbuki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Bu qətnamələrin yerinə yetirilməsi üçün BMT indiyədək bir dəfə də olsun cəhd göstərməyib. Hər dəfə həmin qətnamələrdən söhbət gedərkən belə bir qeyd də özünə yer alır ki, BMT-nin onların icrası ilə bağlı müvafiq mexanizmi yoxdur. Lakin indi hansısa müstəqil dövlətə müdaxilə üçün lazım gəldikdə dərhal mexanizm tapılır. Yəni bu onu göstərir ki, lazım olduqda tələb edilən mexanizmi tapmaq mümkündür. Deməli, Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq miqyasda göz yumulması vacib sayılır və buna görə işğalçı dövlətə qarşı hər hansı tədbir görülmür. Bu gözün haçan açılacağını söyləmək çətindir. Beynəlxalq ictimaiyyət müəyyən qayda və normalar qəbul etsə də, heç də hamı onları gözləmir və bu, təəssüf doğuran haldır. Sonradan isə beynəlxalq ictimaiyyətin hər hansı ölkənin daxili qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi prosesinə iradlar tutmaq isə, təbii ki, gülünc görünür".


DOSTLARINLA PAYLAŞ:

oyunlar