Zakit Əliyev Milli Şuradan istefa verib
19 Yanvar 2014 Bazar 19:07
Zakit Əliyev 15-20 gün əvvəl Milli Şuradan istefa verdiyini ela etdiyini bildirib.
Milli Şuranı tərk edənlərlə bağlı yeni məlumatlar gəlməkdə davam edir. ANS PRESS-in məlumatına görə, Musavat.com portalına zəng edən keçmiş Milli Şuranın üzvü olmuş Zakit Əliyev özü ilə bağlı məsələyə aydınlıq gətirib və qurumun təmsilçilərinə etirazını bildirib: "Mən artıq 15-20 gündür ki, Milli Şuradan istefa verdiyimi elan etmişəm. Xatırlayırsınızsa, mən Milli Şuradan istefa verməyimlə bağlı məlumatı ictimaiyyətə sizin qəzetiniz vasitəsilə çatdırmışdım. Ancaq nədənsə, müxtəlif KİV-lərdə məni hələ də Milli Şuranın üzvü kimi təqdim edirlər. İndi sizin saytınız vasitəsilə bir daha elan edirəm ki, mən Milli Şuradan istefa vermişəm və onlar məni daha bu qurumun üzvü kimi təqdim etməsinlər".
Zakit Əliyev onu da vurğuladı ki, istefa verməsinə baxmayaraq, Milli Şuranın təmsilçiləri hələ də onu bu qurumun siyahısından çıxartmayıblar: "Bu qurumdan istefa versəm də, Milli Şuranın təmsilçiləri bir neçə gün əvvəl zəng edib, məni tədbirə çağırdılar. Cavabında onlara da bir daha dedim ki, mən Milli Şuradan istefa vermişəm, məni siyahınızdan çıxardın! Ancaq görürəm ki, deyəsən, hələ də bir nəticəsi yoxdur. Bu, nə oyundur, bilmirəm. Məni niyə hələ də Milli Şuranın siyahısında saxladıqlarını anlamıram. Ona görə də, bir daha sizin saytınız vasitəsilə Milli Şuranın təmsilçilərinə səslənirəm ki, mən bu qurumu artıq tərk etdiyim üçün məni Milli Şuranın siyahısından çıxartsınlar".
DOSTLARINLA PAYLAŞ: