YAP 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədini bəyan edib
24 İyul 2012 Çərşənbə Axşamı 13:07
Hakim partiya prezident seçkisində namizədinin hazırkı prezident İlham Əliyev olacağını açıqlayıb.
Hakim Yeni Azərbaycan Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədinin partiyanın sədri, hazırkı Prezident İlham Əliyev olacağını bəyan edib.
"Mən belə hesab edirəm ki, bir sıra mətbuat orqanları YAP-ın namizədi məsələsi ilə bağlı təxribatla məşğuldur. YAP-ın namizədi Azərbaycan xalqının ürəyincə olan bir namizəddir. Dəfələrlə bəyan etmişik ki, YAP-ın sədri, Prezident İlham Əliyevin namizədliyi nəinki partiyanın 600 min üzvü, eyni zamanda xalqın əksəriyyəti tərəfindən dəstəklənir", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Bunun da ciddi əsaslarının olduğunu deyən Əhmədov qeyd edib ki, bu əsasların kökündə o dayanır ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf mərhələsini yaşamaqdadır, uğurlu xarici siyasət yürüdülür.
YAP-ın qurultayının nə zaman olacağı ilə bağlı suala cavabında isə Əhmədov deyib ki, 2013-cu ilin payızında prezident seçkisi keçiriləcək və buna uyğun olaraq YAP özünün qurultayını keçirməyi planlaşdırır ki, seçki ərəfəsində müəyyənləşdirdiyi namizədi rəsmi şəkildə irəli sürsün.
DOSTLARINLA PAYLAŞ: