Xələf Xələfov Səudiyyə Ərəbistanının səfirini qəbul edib
20 Aprel 2011 Çərşənbə 17:31
Xələf Xələfov Səudiyyə Ərəbistanının səfirini qəbul edib. Görüşdə protokol imzalanıb.
Bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əd-Dusərini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər, xüsusilə iki ölkə arasında mövcud olan iqtisadi əlaqələr müzakirə edilib.

Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in Ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı, 2005-ci il martın 9-da imzalanmış bu Saziş müvafiq müddəalarına uyğun olaraq Ratifikasiya sənədlərinin mübadiləsi tarixindən otuz gün sonra, yəni cari ilin 20 may tarixindən qüvvəyə minəcək.

Tərəflər sözügedən Sazişin investisiya layihələrinin inkişafına xidmət edəcəyi fikrində olduqlarını qeyd ediblər.

Həmsöhbətlər eyni zamanda qeyd olunan sənədin qüvvəyə minməsinin Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında mövcud olan müqavilə-hüquq bazanın daha da genişləndirdiyini və bunun iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsinin göstəricisi olduğunu vurğulayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar