Uruqvay parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb
28 İyul 2012 Şənbə 18:46
Dostluq Qrupunun yaradılması ilə bağlı iki ölkə arasında Akt imzalanıb.
Uruqvay Şərq Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin vitse-prezidenti, Baş Assambleya və Senatın sədri Danilo Astori ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycanın inkişaf perspektivləri, xarici siyasət prioritetləri, regional və beynəlxalq siyasətdə tutduğu yer, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, habelə Azərbayan-Uruqvay münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, xüsusilə də iqtisadi sahədə mövcud geniş əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirib və hər iki ölkənin parlamentdə dostluq qruplarının yaradılmasının, habelə qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşün sonra Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Jorge Orrico ilə görüşüb. Görüşdə Uruqvay Parlamentində Azərbaycanla yenicə yaradılmış dostluq qrupunun üzvləri də iştirak ediblər.
Nümayəndələr Palatasının sədri Jorge Orrico Uruqvay parlamentinə Azərbaycandan ilk dəfə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsindən məmnun olduğunu bildirib və iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edib.
Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafı, xüsusilə də xalqların bir-birinə yaxınlaşdırılmasında parlamentlərarası əməkdaşlığın önəmini xüsusi qeyd edib və Uruqvay parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasıni ikitərəfli münasibətlərdə tarixi hadisə kimi qiymətləndirib.
Görüşdə ötən il bir qrup uruqvaylı deputatları Azərbaycana səfərinin önəmi və bu kimi səfərlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Görüşün sonunda Uruqvay Şərq Respublikasının Parlamentində Uruqvay-Azərbaycan Dostluq Qrupunun yaradılması ilə bağlı Akt imzalanıb. Aktı Uruqvay tərəfdən Nümayəndələr Palatasının sədri Jorge Orrico, Nümayəndələr Palatasının beynəlxalq əlaqələr daimi komissiyasının sədri Xaime Trobo və Senatın beynəlxalq əlaqələr daimi komissiyası adından senator Karlos Baraiber, Azərbaycan tərəfdən isə nazir Elmar Məmmədyarov və səfir Məmməd Əhmədzadə imzalayıblar.
Uruqvay Parlamentinin üzvləri, deputatlar Felipe Carballo, José Carlos Mahía, Raúl Olivera, Jaime M. Trobo, Jose Carlos Cardoso, Mario Silvera, Germán Cardoso, Iván Posada, senator Tabaré Vieradan ibarət bu dostluq qrupunun məqsədi Azərbaycan və Uruqvay arasında bütün sahələrdə əməkdaşlığın təşviq edilməsidir.
DOSTLARINLA PAYLAŞ: