Ümid Partiyası "juçok" məsələsi ilə bağlı bəyanat yayıb
27 May 2010 Cümə Axşamı 13:20
Partiya Məhəmməd Ərsoya xəbərdarlıq edib.
Ümid Partiyası dünən axşam saatlarında “Xural” qəzeti tərəfindən yayılan “redaksiyada dinləmə qurğusu aşkar edilməsi” ilə bağlı məlumata münasibət bildirib.
Qeyd edək ki, dünən axşam “Xural” qəzetinin yaydığı məlumatda bildirilir ki, təxminən 2 ay əvvəl qəzetin baş redaktoru Əvəz Zeynallıya Ümid Partiyası sədrinin müavini, “Bizim Gündəm” qəzetinin baş redaktoru Məhəmməd Ərsoy tərəfindən hədiyyə edilmiş stolüstü elektron saat əməkdaşları şübhələndirdiyi üçün saata baxış keçirilib və onun içərisinə kustar üsullarla hazırlanmış dinləmə qurğusu aşkarlanıb. Məlumatda o da bildirilir ki, qəzetin baş redaktoru Əvəz Zeynallı bununla bağlı mətbuatı və Daxili İşlər Nazirliyini məlumatlandırıb, həmin quruma rəsmi müraciət göndərib.
Ümid Partiyasının yaydığı bəyanatda isə bildirilir ki, Məhəmməd Ərsoy Ümid Partiyasının sədrinin müvini deyil, Ali Məclis üzvüdür və şəxslər arasında olan münasibətlərin Ümid Partiyasına heç bir bağlılığı və aidiyyəti yoxdur. "Məsələ ilə əlaqədar olaraq, Ümid Partiyası rəhbərliyi tərəfindən Məhəmməd Ərsoya Daxili İşlər, milli təhlükəsizlik və prokurorluq orqanlarına informasiyanın araşdırılması ilə bağlı rəsmi surətdə müraciət etməyəcəyi və olaya aydınlıq gətirməyəcəyi təqdirdə partiya sıralarından xaric edilməsi haqqında məsələnin qaldırılacağı ilə bağlı xəbərdarlıq edilib”,-deyə partiyanın məlumatında bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: