Ukraynanın energetika naziri Azərbaycana gəlir
06 Mart 2013 Çərşənbə 08:45
Səfər çərçivəsində nazirlər səviyyəsində ikitərəfli və geniş tərkibdə görüş keçiriləcək.
Gələn həftə - 11-12 mart tarixində Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olacaq. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfərdə cənab E.Stavitskini Ukraynanın xarici İşlər nazirinin müavini, Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın Ukrayna tərəfindən sədr müavini V.Mayko, “Metinvest” kompaniyasının direktoru A.Çebanenko, “Altkom” şirkətinin Direktorlar Şurasının sədri A.Tislenko, “CA İnterbudmontaj” şirkətinin İdarə Heyətinin sədri V.Petruk və nazirliyin məsul şəxsləri müşayət edəcəklər.
Səfər çərçivəsində Azərbaycan Sənaye və Energetika Nazirliyində nazirlər səviyyəsində ikitərəfli və geniş tərkibdə görüş keçiriləcək. Görüşdə 26 yanvar 2011-ci il tarixində Davosda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandum”, Avrasiya Neft Nəqliyyat Dəhlizi, Odessa-Brodı-Plotsk-Qdansk neft boru kəməri layihələri,“Sarmatiya” Beynəlxalq Boru Müəssisəsinin fəaliyyəti, eyni zamanda Ukraynada ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Enerji Ukrayna” tərəfindən görülən işlər barədə məsələlər və gələcək əməkdaşlığa dair müzakirələr aparılacaq.
DOSTLARINLA PAYLAŞ: