Ukrayna ilə bir sıra sənədlər imzalanacaq
08 Aprel 2009 Çərşənbə 17:15
Viktor Yuşşenkonun Azərbaycana aprelin 9-10-da edəcəyi rəsmi səfərinin əsas hadisəsi Ukrayna və Azərbaycan prezidentləri Şurasının birinci toplantısıdır.
APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən məlumatına görə, bunu prezident katibliyinin rəhbərinin müavini Andrey Qonçaruk deyib. O bildirib ki, Azərbaycan və Rusiya Prezidentləri Şurasının iclasında xarici siyasət, müdafiə və iqtisadiyyat nazirliklərinin vəzifəli şəxsləri iştirak edəcəklər: “İclasda iqtisadi-ticari və investisiya əməkdaşlığı, yanacaq-enerji sferası, o cümlədən Baltik dənizi, Qara dəniz və Xəzər dənizi tranzit məkanı, hərbi-texniki əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılacaq”.
Səfər çərçivəsində iki ölkə arasında iclasın yekununa dair protokol, Ukrayna ilə Azərbaycanın 2009-2010-cu illərdə əməkdaşlığına dair tədbirlər planı, 1997-ci il martın 24-də imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası sazişə dəyişikliklər haqqında protokol, regionlararası əməkdaşlıq haqqında sənəd və 2009-2010-cu illər üçün XİN-lər arası məsləhətləşmələr planının imzalanması nəzərdə tutulur. Viktor Yuşşenko Bakı Slavyan Universitetində çıxış edəcək, Ukrayna Xalq Cümhuriyyətinin 1919-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyasının yerləşdiyi bina üzərində xatirə lövhəsini açacaq. Qeyd edək ki, bu lövhə bu gün İstiqlaliyyət küçəsi, 31 ünvanda vurulub.
DOSTLARINLA PAYLAŞ: