Türkiyənin Meşə və Su İşləri naziri Azərbaycana gəlir
09 Aprel 2013 Çərşənbə Axşamı 11:24
Səfər zamanı ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Türkiyənin Meşə və Su İşləri naziri Azərbaycana gəlir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbaut xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, aprelin 10-13-də Türkiyənin Meşə və Su İşləri naziri Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Səfərin məqsədi Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü nəzərdə tutulur.

Səfər zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, həmçinin 25 oktyabr 2011-ci il tarixində Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi planlaşdırılır.

Səfər zamanı nümayəndə heyətinin 11-13 aprel 2013-cü il tarixlərində "Bakı Ekspo" mərkəzində təşkil olunacaq Xəzər Beynəlxalq Su Texnologiyaları ("CATEF-2013") sərgi və forumunda iştirakı da nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar