Son sözü Azərbaycan vətəndaşı deyəcək
15 Mart 2013 Cümə 08:33
Ramiz Mehdiyev : Xalq birmənalı şəkildə İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyir, onun gələcəkdə də davam etdirilməsini zəruri sayır, bu gün ölkədə ona alternativ görmür.
“Son 20 ilin təcrübəsi göstərir ki, Azərbaycan vətəndaşları öz intellekti, böyük dövlət xadimi qabiliyyəti, idarəçilikdə yenilikçiliyi ilə seçilən və müasir beynəlxalq siyasətin bütün nüanslarını bilən lider ətrafında birləşirlər. Prezident İlham Əliyev milli liderə xas bütün keyfiyyətlərə malikdir. Ötən 10 ildə onun rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın hərtərəfli və dinamik inkişafını, cəmiyyətimizin rifahını, ölkəmizin milli maraqlarını və beynəlxalq nüfuzunun yüksəlməsini təmin edib”. Musavat.com-un məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAs dövlət agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, xalq birmənalı şəkildə İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyir, onun gələcəkdə də davam etdirilməsini zəruri sayır, bu gün ölkədə ona alternativ görmür: “Təsadüfi deyil ki, Həmkarlar İttifaqları Konfederasiyası, Ağsaqqallar Şurası, Qızıl Aypara Cəmiyyəti kimi Azərbaycanın ən kütləvi, böyük təşkilatları artıq cənab İlham Əliyevin namizədliyini irəli sürmüşlər. Bir daha qeyd etmək istəyirəm ki, əgər biz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi heyrətamiz nailiyyətləri, keçirilmiş sosioloji sorğuların nəticəsi olaraq onun xalq arasında 87-93 faiz təşkil edən yüksək reytinqini və beynəlxalq nüfuzunu, habelə cənab prezidentin öz sıralarında 600 mindən artıq vətəndaşı birləşdirən, ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etdiyini nəzərə alsaq, bu ilin payızında keçiriləcək prezident seçkilərinin nəticəsini görmək çətin olmaz - seçicilərin böyük əksəriyyəti öz səslərini prezident İlham Əliyevə verəcək”.

Ramiz Mehdiyev onu da deyib ki, Prezident Administrasiyası seçkilərə təşkilati nöqteyi-nəzərdən hazırlaşır, Mərkəzi Seçki Komissiyası ilə birlikdə üzərinə düşən işləri görür, fəaliyyətini seçki praktikasının təkmilləşdirilməsi, demokratik, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində qurur: “Əvvəlki illərdə olduğu kimi, beynəlxalq təşkilatlarla əməkdaşlığı yenə də davam etdirəcəyik. Həm ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, MDB, GUAM və digər beynəlxalq təşkilatlarla, həm də bizimlə ikitərəfli əlaqələri olan ölkələrlə, onların seçki institutları ilə əməkdaşlıq edəcəyik. Hesab edirik ki, seçkinin təşkili və seçki prosedurlarının şəffaflığının təmin olunması istiqamətində xarici tərəfdaşlarımızla birgə səmərəli və faydalı iş aparacağıq. Ancaq bütün hallarda son sözü Azərbaycan vətəndaşı deyəcək və kimin nə düşünməsindən asılı olmayaraq yalnız seçici səsi hər şeyi həll edəcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar