Səməd Seyidov Baronessa Mary Goudie ilə görüşüb
28 Mart 2011 Bazar Ertəsi 19:32
Millət vəkili Səməd Seyidov BMT-nin Lider Qadınlar Şurasının sədrini qəbul edib.
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov BMT-nin Lider Qadınlar Şurasının sədri, Britaniya- İrlandiya Parlamentlərarası komitənin üzvü, Avropa İnsan Alveri ilə Mübarizə komissiyasının rəhbəri, Lordlar palatasının üzvü, Azərbaycan-İngiltərə Parlamentlərarası dostluq qrupunun üzvü Baronessa Mary Goudie ilə görüşüb. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Tədris işləri üzrə prorektoru Natiq Yusifov, 1 saylı İngilis dili fakültəsinin dekanı Əfqan Abdullayev, İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova iştirak edirdi.

Qonağı salamlayan rektor S. Seyidov onu ADU-da görməkdən məmnun olduğunu bildirdi. Rektor universitet rəhbərliyini qonaqlara təqdim etdikdən sonra Böyük Britaniyanın Esseks Universiteti ilə əlaqələrin yaradılmasından danışdı. Universitetdə beynəlxalq münasibətlərin prioritet təşkil etdiyini bildirdi.

S. Seyidov Böyük Britaniya universitetləri ilə ADU arasında olan əməkdaşlığın genişləndiyindən söz açdı. O, universitetdə yeni-yeni şöbələrin, mərkəzlərin açıldığını qonaqların diqqətinə çatdırdı. Rəhbərlik etdiyi müəssisədə 5000-dən çox tələbənin təhsil aldığını qeyd etdi. S. Seyidov Esseks Univesiteti ilə ADU-nun həyata keçirdiyi layihə sayəsində ADU tələbələrinin Esseks Universitetində təhsillərini davam etdirdiyini söylədi. Təhsillərini uğurla başa vuran tələbələrin ikili diplom alacaqlarını qeyd etdi.

Xanım M. Goudie ADU-da olmaqdan məmnunluq duyduğunu bildirdi. Universitetin Esseks Universiteti ilə əməkdaşlığının vacib olduğunu söylədi. O, Esseksin Britaniyanın nüfuzlu universitetlərindən biri olduğunu diqqətə çatdırdı. M. Goudie ikitərəfli münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın təkan verdiyini önə çəkdi.

Bundan başqa, millət vəkili Böyük Britaniya Parlamentindəki həmkarları ilə əlaqələrin vacibliyini vurğuladı, Azərbaycan-İngiltərə Parlamentlərarası dostluq qrupunun fəaliyyətindən, əlaqələrin genişlənməsindən danışdı.

Bundan əlavə, TEMPUS proqramından söz açan S. Seyidov ADU-nun TEMPUS layihələrinə ev sahibliyi etdiyini qeyd etdi. O, ADU üçün Avropa Birliyi proqramlarında əməkdaşlıq etməyin çox vacib olduğunu vurğuladı və Universitetdə Keyfiyyətin təminatı şöbəsinin mövcudluğundan söz açdı.
Xanım M. Goudie ölkələrimiz arasında əlaqələrin, xüsusən təhsil sahəsindəki əməkdaşlığın genişlənməsində universitetlərarası tələbə mübadiləsinin zəruriliyini və əhəmiyyətini önə çəkdi. O, həmçinin Azərbaycana səfərindən və ADU-da olmaqdan məmnunluq ifadə etdi. Sonda qonaq Universitetin İnformasiya Resurs Kompleksi ilə tanış oldu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar