Sabiq prezident və həyat yoldaşına xüsusi imtiyazların verilməsi təsdiqləndi
12 İyun 2013 Çərşənbə 23:27
Sabiq dövlət başçıları və onların həyat yoldaşları xüsusi diplomatik status qazandılar.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan qanunvericiliyində keçmiş prezident və həyat yoldaşına xüsusi imtiyazlar, o cümlədən xüsusi diplomatik status verilməsi ilə bağlı dəyişiklikləri təsdiqləyib. Dövlət başçısının sərəncamları ilə “İcra haqqında” və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Əmək pensiyaları haqqında”, “Milli arxiv fondu haqqında”, “Sosial müavinətlər haqqında” qanunlara, Cinayət-Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib.
“İcra haqqında” qanunun 68-ci maddəsinə edilən dəyikliyə əsasən, Azərbaycanın keçmiş prezidenti və onun həyat yoldaşına ayrılmış pensiyaya, sosial müavinətə qarşı mülkü tələb yönəldilə bilməz. Yəni, məhkəmələr onların pensiyalarına, onlar üçün ayrılan sosial müavinətlərə qarşı hər hansı borc tələbi, vurulan ziyanın ödənilməsi ilə bağlı tələb və s. bu kimi tələbləri yönəldə bilməyəcək.
Azərbaycanın keçmiş prezidenti hazırda qanunvericilikdə edilən son dəyişiklikdən sonra hazırkı prezident məvacibinin yarısı qədər - 7500 manat pensiya alır.
“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyə əsasən Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənəcək.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun 6-cı maddəsinin beşinci hissəsinə edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikası Prezidentinə verildiyi kimi, keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək, bununla, onlar da xüsusi diplomatik statusa malik olacaqlar. Buna görə dövlət rüsumu da tutulmayacaq.
DOSTLARINLA PAYLAŞ: