Rüstem İbrahimbeyov haqqındakı ittihamdan danışdı
22 Avqust 2013 Cümə Axşamı 19:40
Rüstem İbrahimbeyov: Bunlar menim iyulun 8-de yazdığım mektubu avqustun 13-de qebul edibler.
Milli Şura sədri Rüstəm İbrahiombəyovun Rusiya vətəndaşlığından çıxması ilə bağlı yeni qalmaqallı məlumat ortaya çıxıb. Avqustun 22-də virtualaz.org saytı Rusiya Federal Miqrasiya Xidmətinin Mətbuat Xidmətinə müraciət edərək Rüstəm İbrahimbəyovun həqiqətən də vətəndaşlıqdan imtina edib-etmədiyini dəqiqləşdirməyə cəhd edib. Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirova saytın əməkdaşına Rüstəm İbrahimbəyovun avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət etdiyini və ona sənədlərinin baxılması üçün ondan alınması barədə qəbz verildiyini deyib.
Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirovanın verdiyi digər sensasiyalı məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır. FMX əməkdaşının sözlərinə görə, Rüstəm İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında ABŞ-da daimi yaşayış izni verən sənədin olmasıdır ki, bu da Milli Şura sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyinin olmasından xəbər verir. Zalina Vladimirovanın verdiyi məlumata görə, Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina edilməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər. Səbəb isə sənədlərin gec təqdim edilməsi və ABŞ-da daimi yaşayış izninin olmasıdır ki, bunun üçün Rusiya tərəfi ABŞ-a xüsusi sorğu göndərərək, Rüstəm İbrahimbəyovun daimi yaşayış izninin ləğv edilməsini tələb edəcək.
Qeyd edək ki, bu məlumat Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı sənədləşmə prosesinin daha da qəlizləşdiyini göstərir. Bu məsələdə daha bir maraqlı məqam Rusiya Federal Miqrasiya Xidməti əməkdaşının açıqlamasının Milli Şura sədrinin bu günə qədər dediyi sözlərlə uyğunluq təşkil etməməsidir. Məsələ burasındadır ki, Rüstəm İbrahimbəyov hələ bir müddət əvvəldən elan edib ki, vətəndaşlıqdan çıxmaqla bağlı Rusiya hökumətinə müraciət edib. Sonuncu dəfə Milli Şura üzvlərinin Tiflis toplantısı zamanı Rüstəm İbrahimbəyov bildirmişdi ki, artıq vətəndaşlıqdan imtina üçün Rusiya hökumətinə müraciət edib. Amma FMX sözçüsünün açıqlamasından belə məlum olur ki, müraciət bu günlərdə, yəni avqustun 13-də edilib.
Bu gün “Yeni Müsavat”a danışan Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bu məlumatı təkzib etdi. Milli Şuranın sədri bildirdi ki, Rusiya hökumətinə vətəndaşlıqdan çıxmaqla bağlı iyulun 8-də müraciət edib. Sitat: “Mən iyulun 8-də müraciət etmişəm, amma Rusiya hökumətinin öz qanunları var. Müraciəti məndən qəbul edəndə əlavə sənədlər istədilər. Həmin sənədlər mənim Rusiya hökuməti qarşısında öhdəliklərimin olub-olmaması ilə bağlı idi. Bu sənədlərin toplamaq üçün onlar rəsmi məktublar göndəriblər. Vergi İdarəsinə edilən müraciətə avqustun 12-də cavab gəlib, dünən isə Rusiya Daxili İşlər Nazirliyindən cavab gəlib. Mən dünən həmin sənədin surətini Bakıya göndərmişəm. Eyni zamanda başqa sənədlər gəlib və bütün bu sənədlər gələndən sonra avqustun 13-də bütün sənədlər toplanandan sonra bunlar mənim iyulun 8-də yazdığım məktubu qəbul ediblər. Bu mənim müraciətim deyil, müraciət iyulun 8-də olub. Amma Miqrasiya Xidməti bu sənədləri avqustun 13-də qeydiyyatdan keçirib. Bu gün mən sənədlərimi vermişəm. Amma qeydiyyatdan bəlkə də bir aydan sonra keçəcəyəm. Amma qeydiyyat ayın 13-dür”.
Eyni zamanda R.İbrahimbəyov ABŞ-da yaşayış izninin olması ilə bağlı məqamı da təkzib etdi. Onun sözlərinə görə, Miqrasiya Xidmətində belə bir məsələ olmayıb və onun ABŞ-da hər hansı yaşayış izni yoxdur: “Yalandır. Mən Amerikada yaşamıram. Orda yaşayış iznim yoxdur. Başdan ayağa yalandır”.
DOSTLARINLA PAYLAŞ: