Riçard Morninqstar Bakıya ikigünlük səfər edəcək
25 May 2010 Çərşənbə Axşamı 17:15
ABŞ dövlət katibinin Avrasiya enerji məsələlər üzrə müavini Bakıda ikitərəfli görüşlər keçirəcək.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin Avrasiya enerji məsələləri üzrə müavini Riçard Morninqstar gələn həftə Azərbaycana səfər edəcək. ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehdi Hüseynquliyevin ANS PRESS-ə verdiyi məlumata görə, R.Morninqstarın Azərbaycana səfərinin əsas məqsədi iyunun 1-2-də Bakıda keçiriləcək XVII “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas-2010”) beynəlxalq sərgi-konfransında iştirak etməkdir.
Səfirlik nümayəndəsinin sözlərinə görə, R.Morninqstarın başçılıq etdiyi ABŞ nümayəndə heyətində bu ölkənin Energetika Nazirliyinin katibinin köməkçisinin müavini Conatan Elkayd da təmsil olunacaq.
“Neft-qaz sərgisindən başqa, R.Morninqstar Bakıda bir sıra ikitərəfli görüşlər də keçirəcək, Azərbaycanın dövlət rəsmiləri ilə görüşəcək. Hazırda səfərin proqramı tərtib olunur”, deyə M. Hüseynquliyev qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: