Resul Quliyev İsa Qemberi geri çekilmeye çağırdı
13 İyul 2013 Şənbə 11:39
Seçkilərdə Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, Milli Şura adından kiminsə seçkidə iştirakı yolverilməzdir.
“Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərdə qətiyyən iştirak etmək olmaz”. Modern.az saytının məlumatına görə, bu fikirləri Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib.

Eks-spikerin sözlərinə görə, seçkilərdə Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, Milli Şura adından kiminsə seçkidə iştirakı yolverilməzdir.

R.Quliyev qeyd edib ki, əgər o vaxtında Azərbaycana gələ bilsəydi bütün proseslərə nəzarət edə bilərdi.

“Hazırki durumda Rüstəm İbrahimbəyovdan şanslı namizəd yoxdur. Əgər Azərbaycanda azad və ədalətli seçki keçirilərsə Lalə Şövkət, Əli Kərimli, Sülhəddin Əbkər, İsa Qəmbər, Mirmahmud ağa, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Eldar Namazov da seçkilərə qatıla bilərdilər, onların da şansları var. Amma bunların arasında elə bir insan yoxdur ki, təkbaşına vuruşub hakimiyyətə gələ bilsin. Mən əlbəttə bu işi görməyə cəhd edərdim, amma məni Azərbaycana buraxmırlar. Bu baxımdan Rüstəm İbrahimbəyovdan şanslı şəxs yoxdur”-deyə eks-spiker bildirib.

R.Quliyev daha sonra prezidentlik iddiasında olan Milli Şuranın digər üzvlərinə xəbərdarlıq edib. Eks-spiker müraciətində konkret ad çəkməsə də, namizədliyi qüvvədə olan liderləri tutduqları mövqedən geri çəkilməyə çağırıb:

“Rüstəm İbrahimbəyov seçkilərə buraxılmasa, deməli seçkilər qeyri-legitimdir. Orda ümumiyyətlə iştirak eləmək olmaz. O insanlar ki, düşünürlər Rüstəm İbrahimbəyovun namizədliyi keçməsə, o iştirak edəcək, həmin şəxslər saxta seçkilərə demokratik don geydirmək üçündür, başqa şey üçün deyil. Həmin adamın alacağı 2 faiz səs bilmirəm onu mənəvi cəhətdən nə qədər təmin edəcək. Ona görə bu addımı atmaq olmaz. Rüstəm İbrahimbəyov qeydiyyatdan keçməlidir, hamı bir nəfər kimi buna çalışmalıdır. Əgər Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, bu seçkilər saxtalaşdırılıb, bunun başqa adı və əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, Milli Şuranın əsas təsisçilərindən olan Müsavat başqanı İsa Qəmbər vahid namizəd olaraq Rüstəm İbrahimbəyovu dəstəkləsə də, ehtiyat variant kimi öz namizədliyinin də qüvvədə olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar