Ramiz Mehdiyev müxalifətə ağır ittihamlar səsləndirdi
15 Mart 2013 Cümə 00:36
Ramiz Mehdiyev : Satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki çağırışlar ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc dövlət agentliyinə müsahibə verib. ANS PRESS-in məlumatına görə, o, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasından sonrakı vəziyyəti şərh edərkən deyib ki, Azərbaycanın hər bir uğurunu öz faciəsi kimi qəbul edən bəzi siyasi qruplar və onların xarici havadarları ölkənin inkişafı ilə bağlı cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaq üçün ciddi səylər göstərirlər: “Ancaq bu gün dünyada hansı cəmiyyət mənfi hallardan sığortalanıb? Belə bir ölkə yoxdur. Cənab prezidentin iradları təsdiq etdi ki, Azərbaycan hakimiyyəti populizmdən, siyasi kapital qazanmaq üçün süni görüntü yaratmaq niyyətindən uzaqdır. Əgər idarəetmədə hansısa qüsurlar, nöqsanlar varsa, biz onu açıq deyirik və bu mənfi halları aradan qaldırmaq üçün əməli tədbirlər görürük. Bunun üçün imkan da, qətiyyətli siyasi iradə də ortadadır”.

Bu il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini xatırladan Ramiz Mehdiyevin sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, əsasən müxalif qüvvələr növbəti seçkiyə hazırlığı ötən seçkilərdən dərhal sonra başlayırlar, vətəndaşlarla, müxtəlif sosial təbəqələrlə təmas qurmaq üçün cəhdlər göstərirlər, niyyətlərini, hərəkət planlarını müzakirəyə çıxarırlar, öz elektoratını toplamağa və tərəfdarlarını səfərbər etməyə çalışırlar: “Təbii ki, Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur. İqtidarın uğurları onları çox məyus edir, hakimiyyət ehtiraslarının qarşısına keçilməz sədd çəkir. Buna görə də onlar faktiki olaraq hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutublar. İsmayıllı rayonunda baş vermiş məişət xarakterli hadisə bir daha təsdiq etdi ki, Azərbaycanda bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına şər atmağa, onları şantaj etməyə və hörmətdən salmağa, hakimiyyət strukturları və vəzifəli şəxslər arasında qarşıdurmalar yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara yaxmağa cəhdlər göstərirlər. Üstəlik, onlar öz dağıdıcı fəaliyyətini demokratiya şüarları ilə pərdələməyə çalışırlar”.

“Cəmiyyətin demokratik inkişafı şəraitində şəxsiyyət azadlığı vacib prinsiplərdən biridir. Lakin ictimai asayiş heç də bundan az əhəmiyyət kəsb etməyən, ümumi şəkildə cəmiyyəti və xüsusilə demokratik birgəyaşayışı xarakterizə edən kateqoriyadır, haldır. Buna görə də “şəxsiyyət azadlığını” spekulyasiya mövzusuna çevirərək ictimai asayişi pozmağa çalışanlar bilməlidirlər ki, demokratiya və anarxiya antipoddurlar. Hüquq-mühafizə orqanlarının başlıca vəzifələrindən biri məhz cəmiyyətdə nizam-intizamı təmin etmək, “icazəsiz tamaşa azarkeşləri”nin antisosial məqsədlərinin həyata keçirilməsinə imkan verməməkdən ibarətdir. Qəti şəkildə deyə bilərəm ki, həm də son illər müxtəlif ölkələrdə baş verən hadisələrdən ruhlanan dağıdıcı müxalifət Azərbaycanda belə yollara əl atmağa çalışır. Ancaq onlar bu cəhdlərin heç vaxt nəticə verə bilməyəcəyinə əmin ola bilərlər. Digər tərəfdən, son 20 ildən artıq bir dövrdə dağıdıcı müxalifətin siyasi hakimiyyət uğrunda “mübarizəsi” imitasiya xarakteri daşıyıb və əslində, özünüifşanın bariz nümunəsinə çevrilib. Məhz ona görədir ki, radikal, siyasiləşmiş dindar qruplara üz tutub və onları özlərinə tərəfdaş seçiblər. Qeyd etməyi vacib bilirəm ki, cəmiyyət, Azərbaycan ictimaiyyəti əsassız şəkildə onun adından çıxış etməyə çalışan müxalif qrupların, özlərini “ziyalı” adlandıranların Əkrəm Əylislinin mənfur “Daş yuxular” əsəri ilə bağlı xəyanətə bərabər mövqeyini gördü və bir daha bunların hansı məzhəbə qulluq etdiklərinə əmin oldu. Hakimiyyətə iddialı olan, özünü iqtidara opponent hesab edən dağıdıcı müxalifət, yüksək ziyalı adından sui-istifadə edənlər ümummilli məsələlərdə də xalqın tərəfində yox, onun iradəsinə zidd mövqedə durdular və əsl simalarını açıq nümayiş etdirdilər. Çox təəssüf ki, cəmiyyətimizdə belələrinə hələ ki, yer tapılır. Ancaq ictimaiyyətimiz, vətəndaşlarımız, əsl ziyalılarımız, gənclərimiz həm Əkrəm Əylisli kimilərinin, həm də onun havadarlarının əməllərini görür və öz qəti mövqelərini ortaya qoyurlar”, - Prezident Administrasiyasının rəhbəri əlavə edib.

Ramin Mehdiyev son vaxtlar Facebook sosial şəbəkəsi vasitəsilə təşkil edilən möhtəşəm etiraz aksiyalarına, eləcə də, NİDA vətəndaş hərəkatı fəallarının həbsinə də toxunub. Onun sözlərinə görə, bu qruplar həm də gəncləri çaşdırmağa, onlardan vasitə kimi istifadə etməyə çalışırlar. Ramiz Mehdiyev bəyan edib ki, Facebook sosial şəbəkəsində ölkə həyatında baş vermiş ayrı-ayrı hadisələrə dair təxribat xarakterli çağırış edənlərin mövqeyi ictimai rəyi əks etdirmir: “Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki “Molotov kokteyli”, narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir. Əlbəttə, hüquq mühafizə orqanlarının fəaliyyətinə, istintaqa təsir edə biləcək hər hansı şərh vermək düzgün olmazdı. Lakin hadisədən məlumatı olan hər bir şəxsi heç bir yerdə işləməyən gənclərdə bu qədər narkotik vasitənin, pulun haradan olduğu maraqlandırır. Yəqin ki, istintaq bu məsələlərə aydınlıq gətirəcək”.

Ramiz Mehdiyev dünya təcrübəsindən nümunələr də göstərib: “Bu xüsusda xatırlatmaq istərdim ki, 2011-ci ildə əsasən gənclərdən ibarət kütlələr sosial narazılıq zəminində Böyük Britaniyada iğtişaşlar törətdilər. Hakimiyyət, hüquq mühafizə orqanları repressiv metodlardan istifadə etməklə 2000-ə yaxın adamı saxladı, iğtişaşların təşkilatçıları olan gənclər məhkum olundu, internetə çıxış, Facebook, Twitter kimi sosial şəbəkələrə giriş məhdudlaşdırıldı. Əlbəttə, burada Azərbaycanla hər hansı paralel aparmaq düzgün olmazdı, çünki ölkəmizdə belə hallar üçün heç bir zəmin yoxdur. Ancaq hesab edirəm ki, ölkəmizlə bağlı davamlı şəkildə əsassız və qərəzli iddialar irəli sürən bəzi maraqlı xarici dairələr, təşkilatlar dünyada və Azərbaycanda baş verən hadisələrə adekvat, obyektiv yanaşmalı, ikili standartdan əl çəkməlidirlər”.

“Müxalifətin, müəyyən xarici antiazərbaycan dairələrin təsiri altına düşən belə qeyri-vətənpərvər gənclərin sayı çox azdır. Çünki bu gün dövlətin həyata keçirdiyi siyasət gənc nəslin hərtərəfli inkişafına, problemlərinin həllinə, onların dövlət idarəçiliyində, ictimai həyatda, cəmiyyətdə gedən proseslərdə fəal iştirakına, vətənpərvər, öz dövlətinin və xalqının təəssübünü çəkən vətəndaş kimi formalaşmasına tam şərait yaradır. Cənab prezident həmişə gənclərlə görüşür, onlarla fikir mübadiləsi aparır, problemləri ilə maraqlanır və bu problemlərin həlli məqsədilə müvafiq fərman və sərəncamlar imzalayır, tapşırıqlar verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə qəbul olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu sənəd çərçivəsində həyata keçirilən tədbirlər cənab İlham Əliyevin gəncliyimizə diqqət və qayğısının bariz nümunəsidir. 2012-ci ildə yaradılmış Gənclər Fondu gənclər təşkilatlarının müxtəlif layihələrinin maliyyələşməsini təmin etməklə onların fəallığını artırır, müxtəlif sahələrdə potensiallarının daha geniş realizə olunması üçün əlavə stimul yaradır”, - Ramiz Mehdiyev bilidrib.

Prezident Administarsiyası rəhbərinin sözlərinə görə, Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi, savadlı, yüksək intellektli gənclərin yetişdirilməsi, onların irəli çəkilməsi və dövlət idarəçiliyində yaxından iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görülür: “Dövlətin kadr potensialının gənclərin hesabına inkişaf etdirilməsi idarəçiliyin aktual məsələlərindən birini təşkil edir. Xarici ölkələrin aparıcı ali məktəblərində gənc azərbaycanlıların təhsil almasını dəstəkləmək məqsədilə xüsusi dövlət proqramı qəbul edilmişdir. Proqram çərçivəsində xaricdə təhsilini davam etdirən gənclərimizin sayı artıq 1800 nəfəri keçmişdir. Onlar yüksək bilikləri və dünyagörüşü ilə Azərbaycanın gələcəyinə öz töhfələrini verir, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində fəal iştirak edirlər”.

“Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin tam əksəriyyət təşkil edən sağlam gəncliyi indiyə qədər olduğu kimi, bundan sonra da dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyəcək, heç vaxt dağıdıcı qrupların siyasi avantürasının iştirakçısına çevrilməyəcəkdir. Bu gün sağlam gənclik müxtəlif antimilli qrupların təsiri altına düşmüş həmyaşıdları ilə təmas qurmalı, onları səhv yoldan çəkindirməlidir. Bunun üçün onlar müxtəlif tədbirlərdə, auditoriyalarda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə disput və müzakirələrdə daha fəal iştirak etməli, öz mövqelərini ortaya qoymalıdırlar. Universitetlərdə tələbə gənclər təşkilatları bu istiqamətdə səylərini artırmalıdırlar”, - Prezident Administrasiyasının rəhbəri əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar