Rafael Hüseynov erməni deputatları riyakarlıqda ittiham etdi
28 İyun 2013 Cümə 09:58
Rafael Hüseynov: İlk fürsət düşən kimi azadlığın və qanunun sərhədlərini hərisliklə pozmağa can atan belə şəxslərə meydan vermək həmişə təhlükəlidir.
Avropa Şurası Parlament Assambleyasının 27 iyun iclasında “Xalq etirazları və sərbəst toplaşmaq, mətbuat, ifadə azadlığı problemləri” adlı məruzə müzakirə olunub. İspaniyalı deputat Dias Tejeranın hazırladığı məruzənin müzakirəsi zamanı söz alan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanı hədəfə alıb: “İyunun 24-də burada Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Ermənistanın xarici işlər naziri danışırdı. Ona yüksək tribunadan Avropa Şurası Nazirlər Komitəsi adından danışmaq səlahiyyəti və azadlığı verilib. Amma o, Nazirlər Komitəsinin sədri kimi deyil, son 20 ildən artıq bir müddətdə erməni və Azərbaycan xalqlarını bir çox faciələrə düçar etmiş qatı erməni ekstremistinin leksikonu ilə danışırdı. Saxtakarlıqla, hamıya məlum olan həqiqətləri riyakarcasına tam təhrif edərək, qızışdırıcı bir tərzdə, təhqir, böhtan, yalan dili ilə danışırdı. İlk fürsət düşən kimi azadlığın və qanunun sərhədlərini hərisliklə pozmağa can atan belə şəxslərə meydan vermək həmişə təhlükəlidir. Əlbəttə, terrorizmi dövlət siyasətinə çevirmiş, qonşularına və öz xalqına nifrət üstündə köklənmiş, total korrupsiyanı həyat normasına çevirmiş bir rejimin müti təmsilçisi bundan artıq ola bilməz”.
Avropa Şurasının insanların ən çeşidli hüquqlarının, ifadə, iradə, toplaşmaq azadlıqlarının qorunması və hər yerdə bərqərar olması üçün böyük işlər gördüyünü vurğulamaqla yanaşı tənqidi fikirlərini də diqqətə çatdıran Rafael Hüseynov daha sonra deyib: “Bu mövzuda çox ciddi müzakirələr öncəsi Parlament Assambleyasının öz tribunasını belə dəyərlərin düşməni olan Edvard Nalbandyan kimi bir şəxsə verməsi, həmin şəxsin müəyyən edilmiş formatdan, həqiqət və etika çərçivələrindən kobudcasına kənara çıxaraq hərzə-hədyan danışdığını görə-görə assambleya sədrinin ona heç bir irad tutmaması ən ciddi etirazlar və ən dərin təəssüf hissləri doğurmaya bilməz. Bura Avropa dəyərlərinin çox yüksək mərtəbəsi olan bir yerdir və ona belə ləkələr vurmağa heç kəsin haqqı yoxdur”.
DOSTLARINLA PAYLAŞ: