Qənirə Paşayeva İraqın gənclik və idman naziri ilə görüşüb
02 Dekabr 2011 Cümə 10:14
İraqda səfərdə olan Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva İraqın gənclik və idman naziri Casim Muhammed Cafer ilə görüşüb.
APA-nın xəbərinə görə, görüş zamanı Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı qardaş ölkə adlandıran Casim Muhammed Cafer Azərbaycana səfəri zamanı bunun şahidi olduğunu və Azərbaycanla münasibətlərin surətlə inkişafında maraqlı olduqlarını deyib. O, həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva da Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.
Q. Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə məlumat verib. İraqın bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını deyən millət vəkili Casim Muhammed Caferə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və azərbaycanlıların onu yenidən Azərbaycanda görməkdən bütün məmnun olacaqlarını deyib.
Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini deyən Casim Muhammed Cafer “dost, qardaş Azərbaycanı sevirik və yanındayıq”, - deyə bildirib.
DOSTLARINLA PAYLAŞ: