Prezidenti İlham Əliyev FAO-nun konfransında iştirak edib
19 Aprel 2012 Cümə Axşamı 15:09
Təşkilatının baş direktoru konfransın yüksək səviyyədə təşkilinə görə dövlət başçısına təşəkkür edib.
Bakıda, “Hilton Baku” otelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.
Qeyd edək ki, müasir dövrdə dünyanı narahat edən problemlərdən olan ərzaq təhlükəsizliyi məsələsinin müzakirəsi üçün Bakıya dünyanın 50-dən artıq ölkəsindən yüksək səviyyəli nümayəndə gəlib. Bununla yanaşı, bir sıra beynəlxalq təşkilatların nümayəndələri konfransa müşahidəçi qismində dəvət olunublar. Bu fakt bir daha konfransa olan marağı nümayiş etdirir.
Regional konfransın əsas məqsədi 2012-2013-cü illər üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının region üzrə iş proqramının və büdcəsinin təsdiq olunması, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdir.
Konfrans çərçivəsində nazirlərin “dəyirmi masa”sında ərzaq təhlükəsizliyinə dair məsələlər də müzakirə olunacaq.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva konfransın yüksək səviyyədə təşkilinə və açılış mərasimində iştirakına görə dövlət başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev konfransın açılışında çıxış edib.
Sonra dövlət başçısı konfrans iştirakçıları ilə görüşüb.
DOSTLARINLA PAYLAŞ: