Prezident xarici işlər nazirini qəbul edib
25 Aprel 2013 Cümə Axşamı 20:07
İlham Əliyevin Rumıniya XİN başçısı ilə görüşü zamanı ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi bazanın mövcud olduğunu qeyd edən prezident İlham Əliyev ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında imzalanmış sənədin önəmini xüsusi vurğulayıb.

Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin əsl dostluq və strateji tərəfdaşlıq münasibətləri olduğunu deyən dövlət başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Rumıniyanın xarici işlər naziri Titus Korlateanın Azərbaycana bu səfərinin ikitərəfli və regional əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Titus Korlatea Rumıniya prezidenti Trayan Baseskunun və Baş nazir Viktor Pontanın salamlarını dövlət başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığı bütün sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu deyib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı prezident Trayan Baseskunun və Baş nazir Viktor Pontanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rumıniyanın prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar