Prezident İlham Əliyevdən müxalifətə ağır ittihamlar
19 Dekabr 2012 Çərşənbə 00:47
İlham Əliyev: Bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar sevinməsin.
“2012-ci il başa çatır. Bütövlükdə, 2012-ci il ölkəmiz üçün həm idman sahəsində, həm də başqa sahələrdə çox uğurlu il olub. Deyə bilərəm ki, ölkə qarşısında duran bütün əsas vəzifələr bu il də icra edilib. İqtisadiyyatımız uğurla inkişaf etmişdir. Sosial məsələlərin bir çoxu həllini tapmışdır. Uzun illərdir ki, sovet dövründən dondurulmuş vəziyyətdə qalan əmanətlər vətəndaşlara qaytarılmağa başlanıb. Yəni, biz bütün sahələrdə inkişafı, yenilikləri görürük. Əlbəttə, güclü iqtisadi potensial bizə imkan verəcək ki, gələcəkdə idman sahəsinə daha da böyük həcmdə investisiyalar qoyaq”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev illi Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekunlarına həsr olunmuş toplantıdakı çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı indi daha çox qeyri-neft sektoru hesabına inkişaf edir: “Bu da təbiidir. Bir neçə il bundan əvvəl qarşıya məhz belə vəzifə qoyulmuşdu. Bu ilin yekunlarına görə, - qeyri-neft iqtisadiyyatımız hələ ki, dəqiq hesablamalar aparılır, - görünür ki, təxminən 10 faiz artacaq. Bu, çox böyük göstəricidir. Bu, onu göstərir ki, iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyat kimi inkişaf edir. Bildiyiniz kimi, bu il neft sahəsində hasilatda müəyyən tənəzzül olub. Mən bu barədə fikirlərimi, iradlarımı bildirmişdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlayıb. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan bp şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşıb”.
İlham Əliyev bp şirkətinin icraçı direktoru ilə görüşü barədə məlumat verib. Onun sözlərinə görə, Robert Dadli görüşdə şirkətin gələcək illər üçün planlarını açıqlayıb: “Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulub. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaq. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək”.
“Nə üçün mən bu barədə fikirlərimi bildirirəm? Ona görə ki, bu gün bu görüş baş tutdu. Eyni zamanda, ona görə ki, mənim iradlarımdan sonra Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı bir ciddi problem var. Sanki Azərbaycan ilə, SOCAR ilə onun tərəfdaşları arasında hansısa problemlər var. Problemlər ola bilər. Ancaq bizim üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk. Tərəfdaşlarımız da iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə yanaşırlar. Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki, idmançılarımızın London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin”, - dövlət başçısı deyib.
DOSTLARINLA PAYLAŞ: