Parlament eks-prezident statusunu gündəmə gətirib
14 İyul 2011 Cümə Axşamı 21:55
Qanun 2012-ci ilin yaz sessiyasında müzakiryə çıxarılacaq.
Bu gün Milli Məclisdə eks-prezident statusunun verilməsi məsələsi gündəmə gətirilib. “2011-ci ilin payız sessiyası və 2012-ci ilin yaz sessiyasında eks prezidentlər haqqında qanun müzakiryə çıxarılacaq”, - deyə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın müstəqillik tarixində 3 prezidenti olub. Azərbaycanın ilk prezidenti kimi tarixə düşən Ayaz Mütəllibov 1990-cı ilin may ayında Azərbaycan SSRİ-nin Ali Soveti tərəfindən Azərbaycan prezidenti seçilib. 1992-ci ilin fevralında Xocalı facəsindən sonra Ali Sovetin növbədənkənar sessiyasında Ayaz Mütəllibov tutduğu vəzifədən istefa verməyə məcbur edilir. İstefa sənədinə imza atan Müttəlibov o vaxtdan Moskvada yaşayır.
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 7 iyun 1992-ci ildə ilk dəfə olaraq Azərbaycanda demokratik yolla prezident seçkilərində qalib olub. Rus qoşunlarının ölkəmizdən çıxarılması, milli manatın dövriyəyə buraxılması, test üsulunun tətbiqi onun xidmətləri sırasındadır. O, 2000-ci il avqustun 22-də müalicə üçün getdiyi Ankarada vəfat edib.
Azərbaycanın üçüncü prezidenti, Heydər Əliyev 1993-cü ildə ölkədə siyası böhranının son dərəcə kəskinləşməsilə əlaqədar Bakıya dəvət edilib. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilib. İyulun 24-də isə Ali Sovetin qərarı ilə Prezident səlahiyyətlərini icra etməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev 1998-ci ildə prezident seçkilərində də qalib gəlib. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyini irəli sürən Heydər Əliyev səhhətində yaranan problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. 2003-cü il dekabrın 12-də müalicə olunmaq üçün getdiyi ABŞ-ın Klivlend xəstəxanasında vəfat edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: