Oqtay Əsədov Rusiyaya səfər edəcək
21 Noyabr 2009 Şənbə 14:25
Oqtay Əsədov Rusiyaya səfər edəcək. Səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin 34-cü plenar iclasında iştirak etməkdir.
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin 34-cü plenar iclasında iştirak etmək üçün noyabrın 22-dən 24-dək Moskvada səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Asəf Hacıyev, Mübariz Qurbanlı, Musa Quliyev, Jalə Əliyeva, İmamverdi İsmayılov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin növbəti iclasında Qara dəniz regionunun su ehtiyatlarından istifadə, bölgənin təbii ehtiyatlarının səmərəli istismarı, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, quruma üzv dövlətlərdə ekoloji şüurun formalaşması, təşkilati və digər məsələlərə baxılacaq.
Milli Məclisin sədri tədbirdə çıxış edəcək, deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Səfər müddətində parlamentin sədri Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: