Müsavatçılar İsa Qəmbəri namizəd kimi görmək istəmirlər
05 Aprel 2013 Cümə 02:56
İsa Qəmbər hələ prezidentliyə namizəd deyil, çünki onun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülməyib.
“İsa Qəmbər hələ prezidentliyə namizəd deyil, çünki onun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülməyib. Bu məsələ, sadəcə, partiyanın divanında müzakirə olunub. Onun namizədliyi yalnız qurultayda irəli sürülə bilər”. Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkə müxalifətindəki son durum barəsində milli.az-a açıqlamasında deyib. Müsavatçıların İsa Qəmbərin namizədliyini dəstəkləyəcəyinə şübhə etdiyini deyən S.Novruzov bildirib ki, həmin partiyada başqa adamlar da prezidentliyə namizəd olmaq istəyirlər: “Məndə olan məlumata görə, orada digər şəxslər də öz namizədliklərini irəli sürmək istəyirlər. İsa Qəmbərin namizədliyi isə Müsavatın rayon-şəhər təşkilatları tərəfindən dəstəklənmir”.

YAP rəsmisi hesab edir ki, məhz İsa Qəmbərin dəstəklənmədiyinə görə, Müsavat rəhbərliyi partiyanın qurultayını keçirməyə çalışmır.

S.Novruzov deyib ki, Müsavatın müttəfiqi olan Xalq Cəhbəsi Partiyasında (AXCP) da eyni ab-hava hökm sürür.

“Hər iki partiyada əksəriyyət nə Əli Kərimlinin, nə də İsa Qəmbərin prezidentliyə namizəd olmasını istəyirlər. Çünki hər dəfə seçkilərdə uduzublar. Hətta parlament seçkilərində də normal səs yığa bilmədikləri halda, prezident seçkilərində heç nə edə bilməyəcəklərini partiya üzvləri bilirlər”, - o vurğulayıb.

Millət vəkili hər iki şəxsin - həm Əli Kərimlinin, həm də İsa Qəmbərin bundan əvvəlki seçkilərdə uğur qazana bilmədiyini xatırladıb və əlavə edib ki, növbəti seçkilərdə onların iştirak etmək istəyinin əsas səbəbi maddi durumlarını yaxşılaşdırmaqdır.

“Bu iki şəxs öz maddi durumlarını düzəltmək üçün mütləq namizəd olmalıdırlar ki, beynəlxalq təşkilatlardan, ayrı-ayrı qurumlardan vəsait toplasınlar və növbəti fəaliyyətləri üçün özlərinin maddi təminatlarını həll etsinlər”, - o əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar