Millət vəkili Gülər Əhmədova Türkiyədə Yaxın Şərqdəki son olaylardan danışıb
23 Aprel 2012 Bazar Ertəsi 00:39
Milli Məclisinin üzvü Gülər Əhmədova Türkiyənin Mərmərə Universitetində keçirilən “Dəyişən dünyada vətəndaşlıq və demokratiya tədrisində yeni yöntəmlər və problemlər” adlı beynəlxalq simpoziumda “Yaxın Şərq ölkələrində qlobal təhsilin vətəndaşlıq mərhələləri” mövzusunda çıxış edib.
Millət vəkili Yaxın Şərq ölkələrindəki son olaylarla bağlı fikirlərini söyləyib, hadisələri elmi analiz edib. Sosial şəbəkələrin qloballaşma prosesini sürətləndirdiyini bildirən millət vəkili bu tendensiyanın bəzi müsbət cəhətlərini sadalasa da, əslində qloballaşmanın milli kimliyə, dərin tarixi, mədəni və dini köklərə zərbə vurduğunu diqqətə çatdırıb.
Panellər başa çatandan sonra Universitetdə xarici qonaqlarla görüş keçirilib. Görüşdə ABŞ-ın Cənubi Karolina Ayken Universitetinin professoru Timoti Lintner, Malaziyanın Utara Universitetinin professoru Mohd Azizuddin Mohd Sani, Azərbaycan millət vəkili Gülər Əhmədova, Almaniyanın Hamburq Universitetinin professoru Tilman Grammes Türkiyənin Mərmərə Universitetinin professoru Cemil Öztürk çıxış ediblər.
G. Əhmədova Azərbaycanın inkişaf tarixindən, Dağlıq Qarabağ problemindən, Ermənistanın bölgədə sülh və sabitliyə zərbə vuran siyasətindən danışıb. O bildirib ki, ərazisində etnik təmizləmə aparan, bölgə dövlətlərinə qarşı ərazi iddiaları və işğalçılıq siyasəti yürüdən Ermənistanın dünyəvilikdən danışmağa haqqı yoxdur.
DOSTLARINLA PAYLAŞ: