Mehriban Əliyeva BMT baş katibinin müavini Aşa Rouz Mugiro ilə görüşüb
24 May 2010 Bazar Ertəsi 15:35
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gələn BMT baş katibinin müavini xanım Aşa Rouz Mugiro ilə görüşüb.
APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, görüşdə Bakıda keçirilən Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, bu beynəlxalq tədbir dünyada gender bərabərliyinin təmin olunması ilə bağlı həyata keçirilən layihələrə dəstək verəcək. Mehriban Əliyeva BMT ilə Azərbaycan arasında yüksək münasibətlərin olduğunu bildirərək deyib ki, hazırda Heydər Əliyev Fondu BMT-nin bir çox strukturları ilə əməkdaşlıq əlaqələri həyata keçirir. Azərbaycanın birinci xanımı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. BMT baş katibinin müavini xanım Aşa Rouz Mugiro da ölkəmizdə olmaqdan məmnunluğunu bildirib və konfransın keçirilməsinə verdiyi dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edib. APA
DOSTLARINLA PAYLAŞ: