"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını özündə əks etdirən Madrid prinsipləri haqqında sənəd hələ tam hazır deyil". Bu haqda məlumatı "Armenpress" agentliyinə ATƏT-in Minsk qrupunun fransalı həmkarı Bernar Fasye verib. Onun sözlərinə görə, müzakirələr aparmaq üçün həmsədrlər hələ bir neçə işçi görüş keçirməlidir.
O, həmçinin bildirib ki, amerikalı həmsədr Metyu Brayza Ermənistan və Azərbaycana avqust ayında, fransalı həmsədr Bernar Fasye sentyabrın əvvəllərində, həmsədrlərin hər üçü isə sentyabrın sonunda Azərbaycana gələcəklər.
"Bizim bütün səfərlər tərəflər arasındakı dialoqu genişləndirməyə və onların mövqelərini yaxınlaşdırmağa yönəlib. Hazırlanmış sənəd isə hazır olan kimi tərəflərə təqdim ediləcək".
Xatırladaq ki, bu gün Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin işçi görüşü keçirilib.
Görüşdə ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük səkkizlik” liderlərinin İtaliyanın Akvil şəhərində keçirilmiş toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdikləri birgə bəyanatına uyğun olaraq, “Madrid prinsipləri”nin yenilənmiş versiyasının hazırlanması məsələləri müzakirə olunub. /ANS TV/