Kuba ərazi bütövlüyümüzü dəstəkləyir
13 Aprel 2009 Bazar Ertəsi 15:05
Kubanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Marselo Kabalyero Torresin APA-ya müsahibəsi
- Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin səviyyəsinin necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında münasibətlər 1992-ci ildə qurulub. Ötən il qədər Azərbaycanla münasibətlərimiz Kubanın Rusiyadakı səfirliyi vasitəsilə tənzimlənirdi. Dövlətlərimiz arasında münasibətlər hər zaman yaxşı olub, bizim neft sektorunda istifadə etdiyimiz avadanlığın 70 faizi Azərbaycandan idxal olunub. Hələ sabiq SSRİ dövründə Azərbaycandan aldığımız məhsulları demirəm. Məsələn, Kubada hələ də Azərbaycanda istehsal olunmuş kondinsionerlərdən istifadə olunur. 2006-cı ildə Kuba hökuməti Azərbaycanda öz diplomatik missiyasını açmaq barədə qərar qəbul etdi. Bu münasibətlərimizin inkişafı istiqamətində daha bir addım idi. İndi ölkələrimiz arasında əlaqələr hökumətlərarası komissiyaların işi sayəsində daha da genişlənir. Kuba-Azərbaycan hökumətlərarası komissiyanın ilk iclası 2007-ci ilin noyabrında Kubada keçirilib. Bu il mayın 18-19-da bu komissiyanın ikinci iclası keçiriləcək. Biz artıq iclasla bağlı təkliflərimizi bu yaxınlarda Kubaya səfər etmiş komissiyanın həmsədri Əbülfəs Qarayevə çatdırmışıq. Bakıya gələcək nümayəndə heyətinə komissiyanın Kuba tərəfdən həmsədri – xarici ticarət və xarici investisiyalar nazirinin müavini rəhbərlik edəcək. Komissiyanın tərkibi hələ tam dəqiqləşməyib, amma hesab edirəm ki, ora Sənaye Nazirliyinin, Səhiyyə Nazirliyinin və ola bilsin ki, İdman Nazirliyinin nümayəndələri daxil edilsin.

Biz hökumətlərarası komissiyanın ikinci iclasına xüsusi əhəmiyyət veririk. Çünki bizdə imzalanmağa hazır olan 10-dək saziş layihəsi var. Bu iclas çərçivəsində biz mədəniyyət, ticarət, energetika, idman sahəsində əməkdaşlığa dair saziş imzalamağı planlaşdırırıq. Ümidvarıq ki, hökumətlərarası komissiyanın iclasından sonra ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artacaq. Biz Azərbaycandan ərzaq məhsulları, neft sənayesi avadanlığı almaqda maraqlıyıq. Azərbaycanlı iş adamları üçün isə Kubada istehsal olunan siqar, rom, şəkər və biotexnologiya məhsulları maraq doğura bilər. Kubada biotexnologiyalar, biopreparatlar, tibb xidmətləri çox inkişaf edib, bu, Azərbaycanı maraqlandıra bilər. Biz tibb sahəsində mütəxəssis mübadiləsi edə bilərik.

- Kubada daha hansı sahələr Azərbaycan üçün maraq doğura bilər?

- Kuba dedikdə adətən turizm ağla gəlir, amma Kubanın neft sektorunda da böyük potensialı var, biz hər il 4 milyon ton neft və qaz hasil edirik. Müxtəlif neft şirkətləri ilə “risk” ölçülü sazişlər imzalanır, onlara sahə ayrılır və şirkətlər kəşfiyyat işi aparır, neft hasil edirlər. Azərbaycanın neft hasilatı sahəsində böyük təcrübəsi var və ümidvarıq ki, ölkəniz gələcəkdə Kubada neft yataqlarının kəşfi prosesində iştirak edəcək. İdman sahəsinə gəldikdə isə boks və güləş idman növləri üzrə idmançı hazırlığında qarşılıqlı əməkdaşlıq etmək mümkündür. Bundan başqa bizim Kubada Azərbaycan Mədəniyyət Günləri, Azərbaycanda isə Kuba Mədəniyyət Günləri keçirməklə bağlı layihəmiz var. Bu layihənin gələn ilin fevralında hökumətlərarası komissiyanın 3-cü sessiyası çərçivəsində keçirilməsi mümkündür. Bu çox maraq doğuracaq, çünki Kubada Azərbaycanda təhsil almış çoxlu tələbə var.

- Kuba ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə hansı planlar var?

- Azərbaycanda təhsil almış kubalı tələbələr Kubada çox yüksək vəzifələrdə təmsil olunurlar. Xüsusilə neft sənayesi sektorunda. Onların sırasında çoxlu sayda baş direktor, nazir müavini, direktorlar var. Ümidvaram ki, bu sahədə gələcəkdə də əməkdaşlığı davam etdirəcəyik. Təhsil sahəsində gerçəkləşdirəcəyimiz layihə Bakı Neft Akademiyası ilə əməkdaşlığı nəzərdə tutur. Əgər Azərbaycan tərəfi maraqlı olsa, biz tələb mübadiləsi də həyata keçirə bilərik. Bundan başqa razılaşma əsasında Kuba Beynəlxalq Münasibətlər İnstitutunun professoru Azərbaycan Diplomatiya Akademiyasında mühazirələr oxuyub.

- Kubada soydaşlarımız yaşayırmı, onların hər hansı təşkilatı mövcuddurmu?

- Yox, yalnız bir zamanlar Bakıda təhsil almış kubalıların birləşdiyi təşkilat var. Azərbaycanın Kubada müvəqqəti işlər vəkili bir təşkilatla mütəmadi əlaqə saxlayır, onların Azərbaycanla bağlarının qırılmamasına çalışır. Kuba parlamentində Azərbaycanla dostluq qrupu mövcuddur. Mən hər iki ölkənin parlament qrupları ilə mütəmadi əlaqə saxlayıram və əsas vəzifələrimdən biri də budur. Hələlik bu parlamentlərarası dostluq qruplarının birgə toplantısı keçirilməyib, mən bu görüşün təşkili üzərində çalışıram. Azərbaycan-Kuba parlamentlərarası dostluq qrupuna 4, Kuba-Azərbaycan parlamentlərarası dostluq qrupuna isə 6 millət vəkili daxildir. Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov Kubaya dəvət olunub. Ümidvaram ki, bu səfər 2009-cu ildə gerçəkləşəcək və Kuba ilə Azərbaycan parlamentləri arasında sıx əlaqələrin təməli rolunu oynayacaq.

- Bu gün Kubanın xarici siyasi münasibətləri hansı vəziyyətdədir? Xüsusilə ABŞ-la münasibətlər maraq doğurur, yeni prezident Barak Obama blokadanın qismən qaldırılması barədə göstəriş verib...

- Blokada hələ də qalmaqdadır. Kuba prezidentinin dediyi kimi, biz əlaqələr qurmağa, ABŞ-ın yeni administrasiyası ilə dialoq aparmağa, istənilən mövzuda müzakirələr keçirməyə hazırıq. Lakin tərəflərin suverenliyinə hörmətlə yanaşılması şərti ilə. ABŞ Senatının 7 üzvü hazırda Kubadadır, onları prezident Raul Kastro qəbul edib və görüşdə ABŞ-Kuba münasibətlərinin gələcəyi mövzusunda müzakirələr aparılıb. Bu münasibətlərin gələcəyinin necə olacağını bilmirəm, amma senatorların səfəri ən azı nə isə deyir. Biz bunu ilkin pozitiv addımlar hesab edirik. Amma Kubaya qarşı tətbiq olunan blokada hələ də qalmaqdadır. ABŞ vətəndaşlarının Kubaya səfərinə qoyulan qadağa hələ də qüvvədə qalmaqdadır. Yalnız ABŞ-da yaşayan və Kubada qohumları olan kubalılara ildə bir dəfə ölkəmizə gəlməyə icazə verilir. ABŞ vətəndaşlarının Kubaya səfərinə qoyulan qadağa hələ də qüvvədə qalmaqdadır. Yalnız ABŞ-da yaşayan və Kubada qohumları olan kubalılara ildə bir dəfə ölkəmizə gəlməyə icazə verilir. Lakin bu qadağa da insan hüquqlarının pozulmasıdır. Obamanın hətta yaxşı niyyəti olsa belə, çətin ki, bir şəxs uzun illər ABŞ-da mövcud olan sistemi dəyişə bilsin. Hələ bu sahədə hansı irəliləyiş olacağını gözləmək lazımdır. Hər iki tərəf görüşməyə hazır olduğunu bildirib və istər Obama, istərsə bizim prezident bunu pozitiv irəliləyiş kimi dəyərləndirib.

- Kuba-ABŞ münasibətlərinin normallaşmasına dair proqnoz verə bilərsinizmi?

- Əvvəlki administrasiyalara nisbətən Obama administrasiyası ilə işləmək daha yaxşıdır. Barak Obama administrasiya ilə münasibətləri normallaşdırmaq mümkündür, çünki ən azı biz sərt qarşıdurmaların şahidi olmuruq. Baxaq görək, bir şəxs bütöv bir sistemi dəyişə biləcəkmi? Bizi ABŞ-dan cəmi 180 kilometr məsafə ayırır, buna görə də ticarət münasibətlərinin qurulması həm ABŞ, həm də Kuba üçün sərfəlidir.

- Kubanın Dağlıq Qarabağ münaqişəsinə münasibəti necədir?

- Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, Azərbaycanla beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir, azərbaycanlı həmkarlarımıza mövqeyimizi açıq şəkildə bəyan edirik. Azərbaycan rəhbərlərinin dediyi kimi, ümidvarıq ki, bu problem sülh yolu ilə həll olunacaq. Əsas məsələ odur ki, ədalət zəfər çalsın və torpaqlar məxsus olduğu dövlətə qaytarılsın. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bu məsələdə Azərbaycanı 100 faiz dəstəkləyirik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar