KİV haqqında qanunda dəyişiklik edilib
06 Mart 2009 Cümə 19:35
Milli Məclisin bugünkü iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik edilməsi ilə bağlı məsələ ciddi müzakirə predmetinə çevrilib.
APA-nın məlumatına görə, sənəd haqqında parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov məlumat verib. Onun sözlərinə görə, qanuna təklif olunan dəyişikliyə əsasən, əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru vəzifəsinə təyin edildikdə, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb olunmadan sonra həmin əməli il ərzində təkrar törətdikdə müvafiq icra hakimiyyətinə səlahiyyət verilir ki, mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırsın.

Müzakirələr zamanı çıxış edən deputat Aqil Abbas “Kütləvi informasiya vasitələri haqqında” qanunun yenidən qəbul edilməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, bu gün ölkənin milli təhlükəsizliyinə zidd olan və müxtəlif dini təriqətlərin ideyalarını yayan qəzetlər nəşr olunur: “Mətbuat Şurasının səlahiyyəti artırılmalı, “reket” jurnalistlərə qarşı mübarizə gücləndirilməli, cəza tədbirləri sərtləşdirilməlidir”.

Deputat Baba Tağıyev qanuna təklif olunan dəyişiklikləri dəstəklədiyini, əcnəbi şəxslərin təsisçiliyinə icazə verilməməsini müsbət hal kimi qiymətləndirdiyini bildirib: “Ancaq bizim öz içimizdə elələri var ki, milli-mənəvi dəyərlərdən uzaqdırlar. Azərbaycanın informasiya məkanı xarici təsirlərdən qorunmalıdır. Mətbuatımızda milli-mənəvi dəyərlərimizi, kimliyimizi qorumalıyıq”.

Deputat İqbal Ağazadə isə bu dəyişikliyin mürtəce xarakter daşıdığını və Konstitusiyaya zidd olduğunu deyib. Onun sözlərinə görə, heç kəsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa məhdudiyyət qoyula bilməz.

Deputat Siyavuş Novruzov isə bəzi mətbuat orqanlarında heç bir etik normalara riayət olunmadığını, istənilən şəxsin təhqir edildiyini deyib: “Buna yol vermək olmaz”.

Müzakirələrdən sonra sənəd qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar